Azərbaycanın "qara siyahısı"na düşənlər...

Qarabağa qanunsuz səfər humanizmə və demokratiyaya ziddir
Fransızdilli ölkələr siyahısından olan Belçika parlamentarilərinin addımları beynəlxalq hüquq normalarına ziddir

Belçika parlamentinin deputatı Jan-Jak Flaunun rəhbərliyi ilə bir qrup belçikalı deputat Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinə səfər edib. Onlar Xankəndində separatçı rejimin rəhbərliyi ilə görüşüblər. Azərbaycan XİN-nin açıqlamasına görə, Belçika parlamentinin deputatı Jan-Jak Flaunun və onunla birgə gələnlərin adı "arzuolunmaz şəxslər” siyahısına daxil edilib. 
Təəssüflər olsun ki, son zamanlar Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfərlər həyata keçirilir və bununla da beynəlxalq hüququn norma və prinsipləri, eləcə də Azərbaycanın qanunları kobud şəkildə pozulur. 

Şübhəsiz ki, Belçika parlament üzvlərinin Azərbaycan torpaqlarına qanunsuz səfəri Azərbaycan-Belçika münasibətlərinin inkişafına mənfi təsir göstərə bilər. Ekspertlərin şərhinə görə, bu səfərin üzdəniraqlar tərəfindən reallaşdırılması qondarma rejimin nə qədər biabırçı bir vəziyyətdə olduğunu göstərir. Qondarma rejim Qarabağa adam çəkmək üçün hər cür çirkinliyə əl atır. Separatçı rejim bu səfərləri təşkil etməklə özünü "müstəqil ölkə" kimi tanıtmağa cəhd etsə də, buna nail ola bilmir. Xatırlayırsızsa, avqust ayında "internet qumarbazı" Den Bilzerian işğal altında olan Azərbaycan torpağına səfər etmişdi. Separatçı rejim bu hərəkəti ilə daxili ictimaiyyətə hər şeyin müsbətə doğru dəyişdiyini göstərməyə çalışsa da, istəyinə nail ola bilmədi. Əgər qondarma rejim özünü "porno ulduzu”, internet qumarbazı və digərlərinin dəstəyi ilə dünya arenasında tanınmağa çalışırsa, onda bu rejimdən hər şey gözləmək olar?! İndi də üzdəniraqların dəstəyi ilə özlərini Avropa dəyərlərinə sadiq biri kimi göstərmək arzusundadırlar. Lakin bir şeyi unudurlar ki, Avropa dəyərləri işğalçılıq siyasəti üzərində qurulmayıb. Onlar üzdəniraqların səfərlərini təşkil etməklə maliyyə dəstəyi əldə etməyi planlaşdırırlar. Bir sözlə, separatçı rejim homoseksuallara möhtac vəziyyətdədir. Avropada nüfuzu olmayan deputatın Qarabağa səfərinin ermənilər tərəfindən fəxarətlə təqdim edilməsi, separatçıların və erməni lobbisinin üzdəniraqlarla əməkdaşlığının və onların əsl kimliklərinin növbəti sübutudur.

Qarabağa qanunsuz səfər edənlərlə bağlı "Şərq”ə danışan siyasi elmlər namizədi Zaur Məmmədov deyib ki, Avropa ölkələri işğal olunmuş ərazilərimizə gedərkən fərdi qaydada getdiklərini, öz ölkələrini təmsil etmədiklərini irəli sürürlər. Ancaq rəsmilər öz ölkələri qarşısında məsuliyyət daşıyırlar. Ona görə də belə təxribatlara yol verməməlidirlər: 

"Məsələ ondadır ki, işğal olunmuş ərazilərimizə gələn, daha doğrusu, müxtəlif üsullarla gətirilən şəxslərin çoxu Qarabağda olmaq istəmirlər. Çünki indiki vaxtda həmin ərazidə sağlam infrastruktur yoxdur. Sadəcə olaraq dünyadakı erməni lobbisi müəyyən şəxsləri planlı şəkildə Dağlıq Qarabağa gətirir və orada təbliğat işi aparır. Aydındır ki, bu cür səfərlərin baş tutması üçün arzuolunmaz qonaqlara erməni lobbisi tərəfindən pul ödənilir. Lakin problem odur ki, Qarabağa səfər edən şəxsin rəsmi statusu var və o, istər-istəməz hansısa ölkəni təmsil edir. Onlar anlamalıdır ki, siyasi etika deyilən bir məfhum var. Hər bir siyasətçi öz dövlətinin maraqlarını və beynəlxalq hüquqları nəzərə almalıdır. Özlərini demokratiya carçısı kimi qələmə verən Avropa ölkələri isə bu məqama xüsusilə diqqət yetirməlidirlər. Qarabağa qanunsuz səfərlər həyata keçirmək humanizmə və demokratiyaya zidd addımdır”.

Politoloq Vasif Əfəndiyev də "Şərq”ə bildirib ki, fransızdilli ölkələrin Ermənistana xüsusi simpatiyasının olması sirr deyil. Ekspert xatırladıb ki, bu yaxınlarda İrəvanda fransızdilli ölkələrin 17-ci sammiti keçirildi. Sammitin Ermənistanda keçirilməsi üçün çalışan Paşinyan bu tədbir vasitəsi ilə çoxsaylı fransızdilli ölkələrdən siyasi və iqtisadi dəstək almaq məqsədini güdürdü. Təbii ki, Dağlıq Qarabağ məsələsində küncə sıxışdırılan Ermənistan bu təzyiqləri neytrallaşdırmaq üçün əks həmlələr planlaşdırırdı:

 "ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Qafqaz səfəri, bölgədə sabit sülhün əldə olunması üçün gətirdiyi təkliflər böyük mənada Ermənistanın gələcək inkişafı üçün perspektivlər açır. Lakin bölgədə gərginliyin davam etməsini istəyən müxtəlif qüvvələr sabit sülhün təmin olunmasında maraqlı deyil. Bu siyahıda Ermənistanın qara günündən bəhrələnən zəngin erməni diasporası da var. Məhz bu diasporanın qızışdırıcı fəaliyyətinin təsirindən Ermənistanın qonşu ölkələrlə dostluq şəraitində yaşamasına əngəllər törədilir. Fransızdilli ölkələr siyahısından olan Belçika parlamentarilərinin Dağlıq Qarabağa qeyri-qanuni səfərləri də bu qəbildəndir. Azərbaycanın nəzarətində olmayan torpaqlarına qanunsuz səfərlər edən rəsmi, lakin səlahiyyətli olmayan bəzi siyasətçilərin atdıqları addımlar beynəlxalq hüquq normalarına zidd olması ilə yanaşı təmsil etdikləri dövlətlərlə ikitərəfli münasibətlərimizə ciddi ziyan vurur. Təbii ki, belə şəxslər avtomatik olaraq Azərbaycanın "qara siyahı”sına düşürlər”.

Analitikə görə, bu sayaq səfərlər ilk dəfə baş vermir. İndiyə qədər ATƏT-in həmsədr ölkələri olan Rusiya və Fransa rəsmilərinin də analoji hərəkətləri olub: 

"Azərbaycanın sərt reaksiyasından sonra isə bu ölkələrin XİN nümayəndələri dərhal bəyanat verərək Dağlıq Qarabağı Azərbaycan əraziləri kimi tanıdıqlarını bildiriblər. Bu yaxınlarda Fransa şəhər merlərinin Qarabağa səfərləri ilə bağlı Azərbaycan tərəfinin haqlı narazılığına cavab olaraq Fransa XİN-i ölkəmiz qarşısında üzrxahlıq etdi. Boltonun Paşinyana xitabən Dağlıq Qarabağ probleminin tezliklə həll edilməsinə başlamağın zəruriliyini bildirməsindən sonra erməni liderinin "bu problemin həllində diaspora sorumludur” deməsi də bir çox mətləblərə üstüörtülü işarədir. Bununla Paşinyan problemin həlli üçün bütün imkanlara malik olmadığını vurğuladı. Ona görə də Boltonun regiona səfərini çox əhəmiyyətli hesab edirəm”.

İsmayıl