Bakı qışdan qorxur

“Azərişıq”, “Azəravtoyol”, “Azəriqaz” rəhbərliyi isə qorxulu heç nə olmadığını söyləyir




Bakıya yağan ilk qar paytaxtı özünə təslim etməsə də, qarşıda bizi gözləyən fəsadların siqnalını vermiş oldu. Hər halda hələ noyabr olmasına rəğmən havaların bu cür soyuq və şaxtalı keçməsi qışın ötən illərlə müqayisədə daha sərt keçəcəyinin göstəricisidir. Və o da məlumunuzdur ki, hər dəfə havaların soyuması, bircə gün qar yağması kifayət edir ki, paytaxt iflic olsun.

Bir müddət əvvəl yağan yağışların Bakını "dəniz”ə çevirməsi fonunda bu dəfə də vəziyyətin fərqli olacağı gözlənilmir. Görəsən, aidiyyəti qurumlar sərt qışın gəlişinə hazırdırmı? Yoxsa, üzə-üzə birtəhər quruya çıxan paytaxt sakinləri indidən sürüşməyə hazır olsunlar?

Azərbaycanda 2016-2017-ci illər payız-qış mövsümünə hazırlıq, yol qurğularının normal istismarını, hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədi ilə hazırlanan tədbirlər planına uyğun olaraq işlər davam etdirilir. Bu çərçivədə qış mövsümündə avtomobil yollarına, prospekt və küçələrinə xidmət, həmçinin yolların qardan təmizlənməsi üçün kifayət qədər yol texnikası, maşın və mexanizm hazır vəziyyətə gətirilib.

"Azəravtoyol” ASC-dən verilən məlumata görə, Bakı şəhərinin qış mövsümündə küçə və prospektlərinə xidmət məqsədi ilə 357 ədəd, respublikanın avtomobil yollarına isə xidmət məqsədi ilə 669 ədəd yol texnikası, maşın və mexanizm saz vəziyyətə gətirilib. Yol texnikası, maşın və mexanizmlərin yanacaqla təmin edilməsi məqsədi ilə lazımi miqdarda yanacaq-sürtgü materialları ehtiyatı toplanıb.

Eyni zamanda mövsümdə tələb olunan miqdarda qum və texniki duz ehtiyatının toplanması işləri də davam etdirilir. Bunun üçün 2 min ton texniki duzun alınması təmin olunub, yaxın günlərdə isə daha 2 min ton duzun alınması nəzərdə tutulub.

Cəmiyyətin tabeliyində olan MMC-lər tərəfindən də tələb olunan miqdarda qum, texniki duz və yanacaq-sürtgü materialları ehtiyatı toplanıb. Mailliyi böyük olan sahələrə və sərt döngələrə səpilməsi üçün nəzərdə tutulmuş qum və duz qarışığından ibarət ehtiyatlar yığılıb.

Payız-qış mövsümünə hazırlıq məqsədi ilə "Azəravtoyol” ASC tərəfindən körpülərin requlyasiyalarının dağılmış hissələrinin bərpası və körpülər yerləşən ərazidə çayların yataqlarının təmizlənməsi, yol nişanlarının, yol avadanlıqlarının və siqnal dirəklərinin texniki vəziyyətinə baxış keçirilməsi və mövcud nöqsanların aradan qaldırılması, həmçinin avtomobil yollarının cari təmiri, çiyinlərin bərkidilməsi, suötürücü boruların giriş-çıxış hissələrinin və küvetlərin təmizlənməsi işləri davam etdirilir.

Qeyd edək ki, işıq, su, istilik kimi məsələləri tənzimləyən qurumlar da əhalinin bu qış heç bir çətinlik çəkməyəcəyini deyib. "Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev vətəndaşların elektrik enerjisi ilə bağlı heç bir problem yaşamayacağını deyib. Ümumiyyətlə, qurum olaraq problem sevmədiklərini deyən "Azərişıq” sözçüsü bu sahədə bir çox işlərin görüldüyünü deyib: "Bu səbəbdən də, problem olmaz. Builki qış əvvəlki qışlardan fərqli olacaq. Yəni artıq qış bizdən qorxsun, niyə biz qışdan qorxmalıyıq ki? Biz işimizi mövsüm olaraq görmürük. İstər yayda, payızda, yazda işlərimizi dayanıqlı, fasiləsiz şəkildə aparırıq. Qışa da tam hazırıq. Son on ildə paylayıcı şəbəkələrdə apardığımız yenidənqurma işləri də qürur hissi ilə bu dediklərimizin doğru olduğunu isbatlayır. Azından nə qədər yarımstansiyalar quraşdırmışıq, yüzdən artıq yarımstansiya inşa etmişik, yüz minlərlə elektrik dayaqları dəyişdirilib, yeni dayaqlar qoyulub. Son iki ildə "Azərişıq” bütün regionlarda fəaliyyət göstərir. Bütün regionlarda da çalışırıq ki, Bakı şəhərində olduğu kimi, normal, dayanıqlı enerji təchizatı olsun. Bunun üçün də başladığımız işləri davam etdiririk. Təkcə 2016-cı ildə regionlarda 12 ədəd böyük yarımstansiya inşa etmişik. Bütün bunların sayəsində də abonentlərin problemi olmayacaq. Ancaq "Azərişıq” abonentlərindən xahişimiz budur ki, istifadə etmiş olduqları elektrik enerjisi haqlarını ödəsinlər. Sadəcə, problem borcu olan abonentlərdə yarana bilər. Digərlərində rahatlıqla, 24 saat dayanıqlı, fasiləsiz elektrik enerjisi təchizatı olacaq”.

"Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev də qurumun qarlı havalara tam hazır olduğunu deyib: "Aidiyyəti üzrə işlər görülür. Görülən işlərin nəticəsi olaraq qarşıdan gələn soyuq, şaxtalı havalarda da təbii qazın verilişində hər hansı bir problem gözlənilmir. Yalnız qəza halları istisna olmaqla, problem olmayacaq. Qəza da baş verəndə, birliyin təmir-tikinti idarəsinin heyəti qəzanı aradan qaldırmağa çalışacaq. Heyət lazımi avadanlıqlarla tam təchiz olunub. Hansısa qəza baş verərsə, dərhal aradan qaldırılacaq”.

"Azəristiliktəchizat” ASC-nin abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev isə deyib ki, qurum qışa, qara və soyuğa hazırdır: "Bütün qazanxanalarımızı işə salmışıq. Heç bir problemimiz yoxdur. Lokal problemlər ola bilər. Görürsən, zirzəmidə axıntı olur, bloklarda, mənzillərdə problem olur. Amma qazanxana və məntəqələrimizdə problem yoxdur. Hamısı işləyir. Bizim işləməyimiz digər qurumlardan da asılıdır. Qazanxanaların istilik təchizatı əsas təbii qazdır, elektrik enerjisidir, sudur. Yəni bu qurumlarda dayanma problemi olmasa, qazanxanalarda problem olmayacaq. Son illərdə onlarda da problem olmur, nadir hallarda problem yaranır. Tez də aradan qaldırılır. Əvvəlki illərlə müqayisədə onların da təchizatı xeyli yaxşılaşıb, fasilələr də qısamüddətli olur”.

Şəymən