Bakıda heç beləsi olmamışdı

71 yaşlı ata arvadı və 8 uşağı ilə qadınlar sığınacağına pənah gətirdi
Mehriban Zeynalova: "Təsəvvür edin, qadın sığınacağında biz yalnız qadınları yerləşdirmişik deyə əslində kişinin orada gecələməsi doğru deyildi"



Erkən nikahlardan çox danışırıq. Amma bəzən "gecikmiş məhəbbət"in fəsadlarını nəzərə almırıq. Kiçik yaşlarında ailə qurmaq nə qədər yanlış bir addımdırsa, bəzən 50-60 yaşdan sonra qurulan ailələrin də problemləri bu və ya digər şəkildə özünü göstərir. Bu izdivaclardan dünyaya gələn körpələrin sonrakı taleyi də bəzən acınacaqlı olur. Bu kimi problemlər ayrı-ayrı faktlarda da özünü göstərir. Ötən gün "Təmiz Dünya” İctimai Birliyinə müraciət edən ailənin taleyi cəmiyyətimizdə bu və ya digər şəkildə ailə problemlərinin mövcudluğuna diqqəti yönəltdi. Belə ki, Birliyin sədri Mehriban Zeynalovanın da paylaşımında qeyd olunduğu kimi, 71 yaşlı kişinin "gecikmiş məhəbbəti"ndən dünyaya gələn övladlar bu gün həyatın həqiqətləri ilə üz-üzə dayanıb və yoxsulluqdan, çarəsizlikdən, maddi durumlarının ağır olmasından əziyyət çəkirlər. Sevgi hisslərinə hörmətlə yanaşmaq olar, amma bu hisslər dünyaya gələcək körpələrin həyatlarını qaraldacaqsa, bu zaman "dayan" deyib düşünmək də lazımdır. 

Elə sığınacağa müraciət edən ailənin taleyi, 71 yaşlı atanın övladlarını çarəsiz vəziyyətdə götürüb qadın sığınacağına üz tutması bir daha bir çox sualların yaranmasına əsas verdi. Məsələ ilə bağlı Mehriban Zeynalova ilə əlaqə saxladıq. Ailənin hansı səbəbdən qadın sığınacağına müraciət etməsi ilə maraqlandıq. M.Zeynalova "Şərq"ə açıqlamasında bildirdi ki, ilk dəfə idi ki, sığınacağa məhz belə problem ilə müraciət edən ailə ilə qarşılaşıb:

- Sözün düzü, təəccübümü və təəssüfümü gizlədə bilmirəm. Bizim sığınacağa müxtəlif səbəblərdən, ayrı-ayrı taleləri yaşayıb çətinliklərlə üz-üzə duran qadınların müraciət etdiyini görmüşəm. Amma budəfəki müraciətin xarakteri, səbəbi də tam fərqli idi. Ötən günlərdə sığınacağa gələn 8 uşaq, anası və eyni zamanda atanın müraciəti bizi çıxılmaz vəziyyətdə qoymuşdu. Bilirsiz ki, bizim sığınacaqda yalnız qadınlar məskunlaşıb. İlk dəfə idi əks cinsin nümayəndəsi qadın sığınacağından kömək istəyirdi. Məsələ burasındadır ki, bizə müraciət olunan uşaqların ata-anaları ayrılmayıblar. Valideynlər arasında şəxsi münasibətlərdə gərginlik yoxdur. Sadəcə ailə imkansızlıq üzündən bizə müraciət etməyi çıxış yolu olaraq seçiblər. Məlumat üçün bildirək ki, 8 uşağın atasının nə az, nə çox, 71 yaşı var. Uşaqların ən böyüyünün 9, ən kiçiyinin isə 1 yaşı var idi. 

Cütlük də 10 ildi ailə qurub. Hazırda qadının təxminən 37 yaşı var. 9 il ərzində 8 övlad dünyaya gəlibsə, 71 yaşlı kişinin ikinci nikahına daxil olanda riyazi hesablamaya dayansaq, 62 yaşı olub. Sığınacağa müraciət edən ailənin əslində ev problemləri var. Cütlüyün dediyinə görə, 71 yaşlı kişinin ilk nikahdan olan həyat yoldaşı evi əlindən alıb. 62 yaşında yenidən ailə quran kişinin maddi çətinlikləri, evsizliyi 9 il sonra vəziyyətlərini ciddi şəkildə ağırlaşdırıb. Nəzərə alsaq ki, indiki zamanda gənclər belə iş tapmaqda, ailə saxlamaqda, maddi çətinliklərini ödəməkdə çətinlik çəkirsə, yaşının bu dövründə iş qabiliyyətini demək olar ki, itirmiş biri 8 övladı necə dolandıra bilər, ən azı bu barədə əvvəldən götür-qoy etməli idi. Bəzən gənclər səhv addım atanda deyirik ki, cavandılar. Hələ həyatın çətinliklərini görməyiblər. 

Amma 62 yaşlı insanın bu qədər düşüncəsiz bir addım atması, doğrusu, insanda təəssüf hissi yaradır. Onunla ailə quran gənc xanımın da düşünülməmiş addım atdığını açıq-aydın görə bilirik. Əgər ailə sevgi üzərində qurulubsa belə, gələcəyi bir az nəzərə almalı idilər. Dünyaya 8 övlad gətirmək məcburiyyətində qalmadan bir-iki övladla da kifayətlənmək olardı. Təbii ki, bunlar bizim sadəcə reallığı görərək söylədiklərimizdir. Bu vəziyyətdə ən çox əziyyət çəkən övladlardı. Çünki atalarının qayğısına, maddi dəstəyinə ehtiyac olduqları dönəmdə onlar bundan məhrum qalıblar. Çünki ata iş qabiliyyətini demək olar ki, itirib, sosial imkanı qətiyyən yoxdur, bu halda ailənin dolanışığı yalnız qadının üzərində qalır, deməli, artıq uşaqlar bu proseslərdə əziyyət çəkmiş tərəf olurlar. Axı dünyaya uşaq gətirmək məsələnin ilkin mərhələsidir. 

Hər bir valideyn dünyaya gətirdiyi övladı üzərində məsuliyyət daşıyır. Onun təlim-tərbiyəsi, dolanışığı, sağlamlığı barədə öncədən düşünməyə məcburdular. Uşaqlar valideynlərinə bağlıdır. Elə ata da 71 yaşında çarəsiz olsa da, övladlarından ayrılmaq istəmir. Təsəvvür edin, qadın sığınacağında biz yalnız qadınları yerləşdirmişik deyə əslində kişinin orada gecələməsi doğru deyildi. Ona görə də o, işçilər üçün nəzərdə tutulan yerdə gecələməli oldu. Təklif etdik ki, uşaqlar və anası sığınacaqda qalsın, ata başqa bir yerdə məskunlaşsın. Razı olmadılar. Ata onlardan ayrı qalmaq istəmədiyini bildirdi. 

Onlarla söhbətimiz zamanı bizə bildirdilər ki, kişi ilk həyat yoldaşından ayrılandan sonra evinə daxil ola bilmir. Onun iddiasına görə, valideynlərindən ona miras qalan evə ilk həyat yoldaşı sahib çıxıb. Məhkəmə qərarını bizə göstərmədilər. Amma dedikləri bu oldu ki, evləri olduğu halda hazırda evsizdilər. Ona görə də ertəsi gün başqa qurumlara müraciət etmələrini məsləhət gördük. Hazırda onlar bizim sığınacaqda deyillər. Səhv etmirəmsə, Prezident Aparatına müraciət etdilər. Bu kimi hallar bir daha ailə quran cütlükləri düşündürmək üçün səbəb ola bilər. Ailə qurmaq, dünyaya uşaq gətirmək hələ ailəni qorumaq üçün yetərli səbəb deyil. Dünyaya gətirilən uşaqların gələcək taleyini də düşünmək hər bir valideynin prinsipial borcu olmalıdır.

İlahə Əhmədqızı