Bakıda kitab mağazalarının sayı artmayıb

Şahbaz Xuduoğlu faktı təsdiqləmir


Son günlər paytaxtda yeni kitab mağazaları fəaliyyətə başlayıb. Təbii ki, bu hal olduqca mütərəqqi hesab edilir. Bəs mağazaların sayının artmasına səbəb nədir?

Kitab həvəskarlarının çoxalması yeni mağazaların açılmasına şərait yarada bilərmi?
Yazıçı Cəlil Cavanşirin sözlərinə görə, əsas məsələ kitab mağazalarının sayının çox olması deyil, kitabın qiymətinin ucuz olmasıdır: 

"Təbii ki, yeni kitab mağazalarının açılması müsbət qarşılanmalıdır. Ümumiyyətlə, kapitalizm sistemində kitab da biznes sahəsi olduğu üçün naşirlər, kitab həvəskarı olan imkanlı şəxslər kitab mağazaları, kitab kafeləri açmağa maraq göstərirlər. İstənilən halda bu hadisəni dəstəkləyirəm. Lakin kitab mağazalarının sayının artmasının oxucuların çoxalmasına təsiri olacaq ya yox, bu bir az çətin məsələdir. Çünki kifayət qədər kitab mağazaları var, amma oxucuların sayı və kitaba olan marağın artması o qədər də müşahidə olunmur. 

Ümid edirəm ki, kitab mağazalarının sayı artdıqca, nəşriyyatlar da istehsal elədiyi kitabların tirajını qaldıracaqlar və qiyməti endirəcəklər. Dəfələrlə görmüşük ki, kitab mağazalarına getməyən kütlə endirimli kitab yarmarkalarına böyük həvəslə gedir. Kitab mağazaları kitabın qiymətini azaltsa və bir-biri ilə rəqabət mühiti yaratsa, bu, oxucu sayının artmasına da təsir edəcək, oxucular üçün kitab daha əlçatan olacaq. Ümid edirəm ki, yeni açılan kitab mağazaları qiymət siyasətində naşirlərlə, nəşriyyatlarla razılaşıb endirim kampaniyaları həyata keçirə biləcəklər və kitabları daha ucuz satmağa çalışacaqlar”.

"Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu isə paytaxtımızda kitab mağazalarının sayının artdığını düşünmür. O bildirib ki, nəşrlər evi kitab mağazaları ilə mütəmadi işbirliyində olduğu üçün yeni mağazaların açılmasından xəbərdardır, lakin hazırda mağazaların artması müşahidə edilmir.

Yeganə Bayramova