“BakuBus” gediş haqqını bahalaşdırır ? - GÖZLƏNİLİR

Natiq Cəfərli:" “BakuBus”ın bu qədər ziyanla işləməsi məlumatı nəqliyyatda gediş haqqının artırılmasına hazırlıq məqsədi ilə yayılıb. Dekabr-yanvar aylarında belə addım gözləmək olar”


""BakuBus” MMC-nin bu qədər ziyanla işləməsi məntiqli deyil”.

Bunu "Sherg.az”a "BakuBus”un 2016-cı ildə 55 milyon manat zərərlə işləməsinin səbəblərini izah edərkən iqtisadçı, ekspert Natiq Cəfərli deyib. 

O bildirib ki, xərclərin böyük əksəriyyəti dövlət büdcəsi hesabına həyata keçirilib:

""BakuBus” ən çox maliyyə alan təşkilatlardan biridir. Ona görə, şirkət ziyanla işləməsinin detallarını açıqlasa, daha yaxşı olar. Düşünürəm ki, bu məlumat nəqliyyatda gediş haqqının artırılmasına hazırlıq məqsədi ilə yayılıb. İnsanları bir növ buna hazırlamaq üçün şirkətlər belə addımlar ata bilir. "BakuBus” da zərərlə işlədiyini, yanacağın, xidmətlərin qiymətlərinin bahalaşdığını bəhanə gətirərək, bir müddət sonra gediş haqlarının artırılmasına start verilsin. Təqribən dekabr-yanvar aylarında belə addım gözləmək olar”.

Qeyd edək ki, 2016-cı ildə MMC-nin xalis zərəri 54 mln. 637,619 min manat təşkil edib. 2015-ci ildə bu rəqəm 92 mln. 260,805 min manat idi.

Xatırladaq ki, "BakuBus" Nazirlər Kabinetinin 3 aprel 2014-cü il tarixli qərarına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yaradılıb.

Aysel Aslan