Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, professor Kamal Abdulla jurnalistika ilə bağlı maraqlı təkliflə çıxış edib.
Rektor bildirib ki, ADU-nun öz spesifikası və potensialından istifadə edərək beynəlxalq jurnalistika istiqamətində fəaliyyətini genişləndirmək istəyirlər:
"Bu gün ölkəmizdə saytların və jurnalistlərin əksəriyyəti Azərbaycan dillidir. Çox az jurnalist ingilis və rus dilli təmayüllüdür. Bu balansı düzəltmək üçün kifayət qədər güclü potensialımız var. Biz jurnalistika fakültəsi olan digər universitetlərdən fərqli olaraq tələbələrimizə bu istiqamətdə təhsil bazası verə bilərik və onların gələcəkdə peşəkar kadr kimi yetişməsinə nail ola bilərik".
K.Abdulla onu da diqqətə çatdırıb ki, jurnalistika ixtisası üzrə kadrların yetişməsində redaksiyalarda tələbələrlə görüşlər keçirilməldir:
"Bu qəzet və jurnalların, saytların da redaksiyalarında ola bilər. Tələbələrin əlaqə qurmaq və təcrübələrini artırmaq üçün yerləri olmalıdır. Biz bunun üçün bəzi peşəkar redaksiyalarla müqavilə imzalaya bilərik. Jurnalistika istiqamətində çalışan insanlarla universitetin tələbələri sıx işləməlidir".
Rektorun təklifini müsbət dəyərləndirən "Ayna"-"Zerkalo" qəzetlərinin təsisçisi və baş redaktoru Elçin Şıxlı sözügedən təşəbbüsü bəyənib:"Kamal müəllim başda olmaqla universitetin rəhbərliyi media mənsubları üçün xarici dil kursları təşkil edib, pulsuz şəkildə bunu reallaşdırarsa, prosesə qatılan jurnalistlər çox olacaq. Ödəniş tələb olunacaqsa, çətin ki, hansısa jurnalist cibindən pul verib, xarici dil öyrənsin.
Əslində çox yaxşı təklifdir. Söhbət Azərbaycan dilli olmaqdan getmir. Məsələ savadlı olmaqdır. Azərbaycan dilində savadlı yazan jurnalistlərimiz azdır və təfəkkür nöqteyi-nəzərdən az dil bilməyin mənfi təsiri odur ki, provensiallaşma güclənir. Buna görə, Kamal Abdullanın təklifi bəyəniləndir”.
"Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev də prorfessorun təklifini alqışlayıb və bu sahədə layihələrin genişləndirilməsini istədiyini deyib:"Təklif olaraq normal təklifdir. Hər bir redaksiyada xarici dilli jurnalistin olması yaxşı xüsusiyyətdir. Ölkə başçısı da Mətbuat Şurasında və digər tədbirlərdə jurnalistlərlə görüşlərində qeyd edib ki, xarici media nümayəndələri aktiv olmalıdır. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında onların xidmətləri vacibdir.
Bu təklifin detallarına baxmaq lazımdır. Elementar səviyyədə xarici dil bilgiləri ilə peşəkar səviyyədə məqalə yazmaq fərqli məqamlardır. Ümumilikdə isə jurnalistin dil bilgilərinin artırılmasında bir dövlət strukturunun, universitetin təklifi təqdirəlayiqdir. Düşünürəm ki, media qurumları bunu dəyərləndirməlidirlər. Redaksiyaların daxilində söhbət aparılmalı, kimin bu sahədə potensialı varsa, bu istiqamətə yönləndirilməlidir.
Əslində bu, yeni təklif deyil. Azercell şirkət uzun illər media mənsubları üçün xarici dil kursları təşkil edib, kursların qalibləri xaricdə dil kurslarında bir-neçə həftəlik təcrübə keçiblər. Bu çox effektiv layihədir. Həmin kursların çox sayda təmsilçisi müxtəlif media qurumlarında çalışır, onların dil bilikləri də təkmilləşdirilib.
Bu mənada ADU-nun belə təkliflə çıxış edirsə, biz də təklif reallaşdığı təqdirdə məmnuniyyətlə, təşəkkür edərək bu imkandan yararlanmağa şərait yarada bilərik”.
Ölkə.az saytının baş redaktoru Məmməd Gülməmmədov Kamal Abdullanın bu təklifi ilə razılaşmamağın mümkün olmadığını söyləyib:"Sadəcə razılaşmadığım məqam ondan ibarətdir ki, hörmətli rektor çox az jurnalist ingilis və rus dilli olduğunu qeyd edir. Ölkəmizdə rus dilli media orqanları və jurnalistlər kifayət qədərdir. Mən hətta normadan artıq olduğunu düşünürəm. Lakin digər əcnəbi dilli peşəkar jurnalistlərə və mətbu orqanlara ehtiyac var. Bu təklif nə reallaşacağı təqdirdə bunun nəzərə alınması çox vacibdir. Eyni zamanda jurnalistika ixtisası üzrə xarici dilli peşəkar kadrların yetişdirilməsi üçün redaksiyalarla əməkdaşlıq fikirləri alqışlanmalı və dəstəklənməlidir. Çünki ölkəmizin geosiyasi vəziyyəti, düşmənlərimizin bu işdə bizi qabaqlaması da qloballaşan dünyada informasiya yükünün vacibliyini çox vacib qılır. Bu məsələdə geri qalmaq olmaz.
Məsələn, mənfur qonşularımız haqsız olduqları halda belə dünya ictimaiyyətində öz lehinə rəy formalaşdıra bilirlər. Bu məsələdə ən aktiv rolu elə məhz xarici dilli erməni jurnalistlər oynayırlar. Daha sonra isə düşmənlərimizin formalaşdırdıqları ictimai rəyi dəyişmək, insanlara haqlı mövqeyimizi çatdırmaq bizlər, dövlətimiz üçün çox çətin, hətta bəzən mümkünsüz olur. Deməli, biz də gec qalınmış lazımi addımlar artıq atmalıyıq. Onlardan biri də xarici dilli peşəkar jurnalistlərin yetişdirilməsidir”.
Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov da rektorun təklifini müsbət qarşılayıb:"AzVision 8 dildə fəaliyyət göstərir. Bunu nəzərə alaraq, təklifə çox məmnuniyyətlə "Hə" deyirik və hər bir əməkdaşlığa hazırıq”.
Hazırladı: Aysel ASLAN, Ayyət ƏHMƏD