Sahibsiz itlərin qulağından nömrələr asılıb
Ancaq quduzluğa qarşı onlara peyvənd vurulub, vurulmadığı bəlli deyil
Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsinin rəisi Mübariz Hüseynov sahibsiz itlərin birkalanmasına (nömrələnməsinə) başlanacağını bildirib. Onun sözlərinə görə, ilkin olaraq gündə 10-15, ayda isə 100-150 it birkalanacaq: "Birkaların üzərində rəqəmlər olacaq və bununla da bilinəcək ki, itlər idarə tərəfindən götürülüb, peyvənd olunub, quduzluğa qarşı vaksinasiya edilib, axtalanıb, rəqəmlənərək təbiətə buraxılıb.
Bu vaxta kimi idarə tərəfindən sahibsiz heyvanların, itlərin birkalanması həyata keçirilməyib, sadəcə, itlər yerlərdən götürülərək quduzluğa və təhlükəli xəstəliklərə qarşı sterilizasiya edildikdən sonra yenidən təbiətə buraxılırdı. Bu da həmin itlərin növbəti dəfə təkrarən götürülməsinə ehtiyac yaradırdı. Lakin itlər birkalandıqdan sonra rəqəmlənəcək və onların təkrar götürülməsinə ehtiyac qalmayacaq. Bu gün Balaxanıdakı sığınacaqda artıq 600-700 it var”.
M.Hüseynov qeyd edib ki, gün ərzində təxminən 15-20, bəzi hallarda 30-a qədər it ərazilərdən götürülür. Onun sözlərinə görə, sahibsiz itlərlə bağlı daha çox müraciətlər şəhərətrafı qəsəbələrdən, Səbail, Binəqədi rayonlarından və bağ massivlərindən olur.
Evsiz Heyvanların Müdafiəsi İctimai Birliyinin sədri Leyla Əlizadə isə hesab edir ki, sahibsiz heyvanların vəhşicəsinə öldürülməsi olduqca yanlışdır. Qurum rəsmisi bildirib ki, bu problemlə bağlı ciddi müzakirələr də olunub:
"Ekologiya və Təbii Sərvətlər Nazirliyindən də adamlar çağırmışdıq. Bəzi şəxslər məndən sahibsiz heyvanların öldürülməsinin nə üçün düzgün olmadığını soruşurlar. Sahibsiz heyvanların saxlanılması üçün xüsusi bir mərkəz də var. Axı büdcədən müvafiq pul ayrılır bu problemin həlli üçün. Lakin onlar heç bir iş görmürlər. Həmin işi biz görürük, bu zaman da bizə mane olurlar. Bəzi heyvansevərlər gündə 100-120 kq yem göndərirlər həmin sahibsiz heyvanlara. Bizim işçilər də görüblər ki, sahibsiz itlərin qulağında xüsusi birkalar asılıb. Deməli artıq bu prosesə başlayıblar. Lakin dəqiq bilmirik ki, doğurdan da quduzluğa qarşı peyvənd vurulub, ya yox. Bunu dəqiq söyləmək mümkün deyil”.
Yeganə Bayramova