"Bayraq nə alınar, nə də satılar, çünki o, dövlət rəmzidir"

Fəzail İbrahimli: "Tarixi ingilisə yox, heç bizim özümüzə də satmaq olmaz"Ruslan Rəhimov: "Hətta bunun Səfəvilərə aid olduğu da şübhəlidir"
Astara rayonunun Şiyəkəran kənd sakini Yunis Qulamov uzun illərdir Səfəvilər dövlətinin qurucusu Şah İsmayıl ordusunun bayrağını qoruyub saxlayır.
Y. Qulamov oğlunun ödənişli ixtisas üzrə ali məktəbə daxil olması və anasının xəstəlikdən əziyyət çəkməsi səbəbindən bayrağı satmaq qərarına gəlib. O bildirib ki, dəfələrlə Mədəniyyət və Turizm Nazirliyinə, digər aidiyyatı dövlət qurumlarına, muzeylərə müraciət edib. Ancaq indiyə qədər bayrağın dövlət qurumları tərəfindən alınması üçün konkret məbləğ təklif olunmayıb. Bu səbəbdən bayrağın satışı ilə bağlı Y.Qulamovun artıq xarici internet saytlarında da elanlar verib.
Məsələyə münasibət bildirən tarixçi millət vəkili Fəzail İbrahimli Sherg.az-a açıqlamasında qeyd edib ki, öncə həmin bayrağın səfəvilərə aid olub-olmadığını müəyyənləşdirmək lazımdır: "
Səfəvilərin döyüş bayrağının üzərinə ərəb əlifbası ilə İslamın müqəddəs şəxsiyyətlərinin - 12 imamın və iki məsumənin adları həkk olunub. Bundan əlavə, bayrağın üzərində "Səfiyulla" sözü yazılıb. Simurq quşunun təsvirinin olduğu bayrağın üzərində həm İslam, həm də atəşpərəstlik elementləri var. Bu elementlər varsa, deməli o səfəvilərin döyüş bayrağıdır və o bayraq satılmamalıdır. Bayrağın əvəzində onu qoruyan şəxsə müəyyən formada köməklik göstərilməlidir.
Atatürk yunanları məğlub edəndə onların bayrağını Atatürkün ayağının altına atırlar. Lider isə o bayrağı ayağının altından götürür və "biz bayraqla vuruşmuruq, biz düşmənlə vuruşuruq” deyə cavab verir. Bayraq dövlət rəmzidir. Bayraq nə alınar, nə də satılar. Əgər belə bir qədim bayraq varsa, onu aidiyyəti qurumlara vermək lazımdır. Onlar isə bunun müqabilində alqı-satqı yolu ilə deyil, minnətdarlıq əlaməti olaraq, mükafatlandırma formasında kömək edə bilərlər.
Həmin 10 min dollara o bayrağı satır, o bilər, bir ingilis alacaq. Bu zaman bizim dilimizdə dolaşdırdığımız "itə ataram yada satmaram” fikri nə olacaq? Tarixi ingilisə yox, heç bizim özümüzə də satmaq olmaz. Bayraq muzeyə verilməli və onu saxlayanın maddi durumu zəifdirsə, aidiyyəti qurumlar bunun müqabilində 5 dəfə artıq mükafatlandırmalıdır”.
Kolleksioner Ruslan Rəhimovun sözlərinə görə, isə satışa çıxarılan əşyaya bayraq demək olmaz:
"Hətta bunun Səfəvilərə aid olduğu da şübhəlidir. Məncə, bu, bəzi məscidlərdə bir vaxtlar istifadə olunan ələmdir. Adətən, Aşura günləri istifadə olunub”.
Aysel Aslan