Tofiq Abbasov: "Bu qurumda anti-Azərbaycan siyasəti aparılır"
"Ölkəmizin Avropa Şurasına (AŞ) daxil olması öz istəyimizlə həyata keçirilib”.
Bunu "Sherg.az”a bu gün parlamentdə Azərbaycanın AŞ-a üzvlüyü haqqında müzakirələrə münasibət bildirərkən politoloq Tofiq Abbasov deyib.
O bildirib ki, Avropa təsisatları tərəfindən Azərbaycanın bu addımı çox böyük rəğbətlə qarşılandı:
"Çünki Azərbaycan müstəqil ölkə kimi Avropaya inteqrasiya etməkdə israrlı idi. Azərbaycan dövləti kimi ilk öncə özümüzü Avropa ailəsində gördük. Onun fəaliyyətini, yaşam tərzini, bütün meyarlarını isə müəyyən edən həmin qurumdur. Bu, Azərbaycanın öz arzusu idi.
Aİ və Azərbaycan əməkdaşlığı demokratiya prinsipləri əsasında qurulmuş sxemdir. Ola bilməz ki, açıq, şəffaf müzakirələr olduğu halda kimsə nədənsə yayınsın. Müxtəlif fikir ayrılıqları ola bilər, lakin konsensus həmişə öz aliliyini göstərir.
Təşkilat özünü son vaxtlar çox əcaib formada aparır. Azərbaycanla bağlı Şurada ciddi təpkilər, hətta təzyiqlər var. Ən yuxarı səviyyədə təşkilatın sədri və deputatlar tərəfindən gözü götürməzlik, Azərbaycanın bütün məsəllərdə günahkar hesab etmək onu göstərir ki, təşkilatda yüksək səviyyədə anti-Azərbaycan siyasəti aparılır. Çalışırlar ki, daxili siyasətimizə qarışmaqla bizi ram etsinlər. Demokratiyanın təmin olunmasında, daxili proseslərdə onlar sanki bizə ağıl öyrədirlər. AŞ-da bizə təzyiq göstərən siyasətçilər özləri sərbəstlik rejimini pozurlar. Fikir ayrılığına dözümlülük göstərmirlər. Bununla anlaşılmaz, hətta dözülməz şərait yaranır. Burada obyektiv, sağlam və gələcəyə hesablanmış əməkdaşlıqdan deyil, küncə qısnamaqdan danışa bilərik. Çünki onlar sözün əsl mənasında "mərdi qova-qova namərd etməyi” düşünürlər. Bu, ilk deyil, artıq bizim üçün ənənəvi hal alıb. AŞ-ın tərkibi zamanla dəyişsə də, Azərbaycana qarşı mövqeyi dəyişmir. Bu, onu göstərir ki, bizə qarşı bir plan var. Bütün bunlar bir neçə dəfə özünü büruzə verib.
Bütün bunları nəzərə aldıqda belə əməkdaşlıq, AŞ-ın tərkibində qalmağımız bizə lazımdırmı? Əgər vəziyyət bu şəkildə davam edəcəksə, düşünürəm təşkilatda olmağın mənası yoxdur. Elə məqam gəlir çatır ki, artıq davam etməyin mənası qalmır və üzvlükdən ayrılmaq daha yaxşıdır.
Düşünürəm ki, bəlkə də AŞ-dan çıxmağının vaxtı çatıb. Ona görə, deputatlar bunu müzakirəyə çıxarır. Avropanın bizə dərs öyrətmə cəhdlərini özümüz dayandıra bilərik”.
Qeyd edək ki, parlamentin bugünkü iclasında millət vəkili Tahir Kərimli Azərbaycanın Avropa Şurasından çıxması haqqında qərar qəbul etməsi çağırışını edib.
Aysel Aslan