Bəzi informasiya agentlikləri və qəzetlərlə qarşılıqlı əlaqə yarandı

Redaktorlar Gürcüstan səfərindən xoş təəssüratla gəldilər



Gürcüstanda yaşayan azərbaycanlıların problemlərini yaxından öyrənə bildik və ümumi müzakirələr aparıldı. Bu müzakirələr gələcək üçün yeni fikirlər ortaya çıxardı

Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə ölkənin aparıcı kütləvi informasiya vasitələrinin və jurnalist təşkilatlarının təmsilçiləri oktyabrın 17-dən 20-dək Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərində işgüzar səfərdə olublar. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun məlumatına görə, Fondun "Azərbaycan Xalq Cümhuriyyəti ili" ilə bağlı hazırladığı Tədbirlər Planı çərçivəsində gerçəkləşən səfər media nümayəndələrini Cümhuriyyət yaradıcılarının dövlətçilik fəaliyyəti və zəngin ideya irsi ilə yaxından tanış etmək, habelə bu ölkənin kütləvi informasiya vasitələri ilə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək məqsədi daşıyıb.

Səfərin ilk günü - oktyabrın 18-də media təmsilçiləri və Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənov Tbilisi şəhərinin mərkəzində yerləşən Heydər Əliyev Parkında ümummilli lider Heydər Əliyevin abidəsini ehtiramla ziyarət edib, önünə çiçək dəstələri düzüblər.

Media təmsilçiləri sonra Tbilisidəki Botanika bağına gələrək köhnə müsəlman qəbiristanlığında Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olmuş Həsən bəy Ağayevin, Fətəli Xan Xoyskinin, eləcə də görkəmli dramaturq Mirzə Fətəli Axundzadənin məzarlarını ziyarət ediblər.
Səfər çərçivəsində media nümayəndələri daha sonra Tbilisi şəhərində 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin "İstiqlal Bəyannaməsi"nin elan edildiyi tarixi bina ilə tanış olublar. Azərbaycanlı jurnalistlərə məlumat verilib ki, Gürcüstan dövlətinin və Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal bəyannamələrinin elan edildiyi tarixi bina çar Rusiyası dövründə Qafqaz canişinliyinə məxsus olub və hazırda "Gənclər evi" kimi fəaliyyət göstərir.

Fondun icraçı direktoru Vüqar Səfərli iki strateji tərəfdaş ölkə arasında əlaqələrin daha da möhkəmlənməsində kütləvi informasiya vasitələrinin rolunu xüsusi qeyd edib. İcraçı direktor hər iki ölkənin media nümayəndələri arasında birbaşa əlaqələrin yaradılması, informasiya mübadiləsinin təmin edilməsi üçün qarşılıqlı səfərlərin və tədbirlərin təşkilinin vacibliyini bildirib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov isə ikitərəfli əlaqələrin dinamik inkişafında parlamentlərin rolunu xüsusi vurğulayaraq beynəlxalq tədbirlərdə hər iki ölkənin parlamentarlarının taleyüklü məsələlərdə eyni mövqedən çıxış etmələrini yüksək qiymətləndirib.

Səfərdə iştirak edən baş redaktorlar təəssüratlarını "Şərq”lə bölüşüb. Media kapitanları Gürcüstan səfərinin olduqca maraqlı və uğurlu olduğunu bildiriblər.

"Bakı-xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevin sözlərinə görə, Gürcüstan səfərinin konkret məqsədləri var idi: 

"Əsas məqsəd müxtəlif ölkələrdə yaşayan, soydaşlarımızı narahat edən və mətbuatın dəstəyinə ehtiyacı olan məsələlərlə bağlı fikir mübadiləsi aparmaq idi. Həmçinin mətbuat təmsilçiləri olaraq Gürcüstanda Azərbaycanın tarixi və mədəniyyət abidələrinə olan münasibəti görmək və dəyərləndirmək imkanımız oldu. Tarixi abidələrlə tanış olduq və düzünü deyim ki, Gürcüstan dövlətindən göstərilən yüksək münasibət bizi bir daha arxayın etdi. Xüsusilə, ölkəmizin sənət adamlarına, musiqiçilərinə, yazıçılarına olan yüksək diqqətin bir daha şahidi olduq. Azərbaycanın sabiq prezidenti, ümummilli lider Heydər Əliyevin büstünə, ümumiyyətlə, onun xatirəsinə olan münasibət çox yüksək səviyyədə idi”.

A.Quliyev bildirib ki, Gürcüstan səfəri əsasən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik tədbirləri üçün nəzərdə tutulmuş bir səfər idi: 

"Xüsusilə mətbuat tariximizlə bağlı olan müəyyən obyektlərlə tanışlığa daha çox yer ayrılmışdı. Müxtəlif ev muzeyləri ilə tanış olduq. Çox yaxşı bir haldır ki, Cümhuriyyətin müstəqilliyinin elan olunduğu möhtəşəm sarayı şəxsən öz gözlərimizlə gördük və ziyarət etdik. Bu, bizim üçün olduqca qürurverici idi. Düşünürəm ki, KİVDF-nin media nümayəndələrindən ibarət təşkil etdiyi bu səfər dövlətimizin tarixinə olan münasibəti göstərməkdən əlavə, ölkələr arasında media əlaqələrinin gücləndirilməsində xüsusi əhəmiyyəti olan bir səfərdir”.

Gürcüstan səfərinin olduqca uğurlu olduğunu deyən "Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev isə bildirib ki, Azərbaycanın media rəhbərlərinin nəinki Gürcüstana, eyni zamanda Avropa və Asiya ölkələrinə səfər etməsi mətbuatımızın peşəkarlığını daha da artırdı: 

"Səfər zamanı həm öz praktikamızı, həm də Gürcüstanın praktikasını qarşılıqlı şəkildə nəzərdən keçirdik. Həmçinin bəzi informasiya agentlikləri və qəzetlərlə qarşılıqlı əlaqə yarandı. Gürcüstan səfəri Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün zəruri şərait yaratdı və bu səfərin gələcək işlərimizə müsbət təsirlərini görəcəyik. Səfərimiz xüsusilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı idi. Gürcüstanda ilk olaraq Tbilisi şəhərində Azərbaycanın müstəqillik aktı təsdiq olunub. Hesab edirəm ki, bu səfər AXC-nin keçdiyi 100 ilə tarixi bir baxış idi. Müstəqillik aktı qəbul edilən binaya da getdik. Müstəqilliyimizin elan olunduğu binanı ziyarət etmək olduqca möhtəşəm idi. Bütün jurnalistlərə bu hissi yaşamağı arzulayıram”.

B.Quliyevin sözlərinə görə, səfər zamanı media ilə bağlı bir çox dəyirmi masalar, müzakirələr keçirilib: 

"Soydaşlarımızın fəal ictimai-siyasi proseslərdə iştirak etmək imkanları var. Onlarla da geniş müzakirələrimiz oldu. Gürcüstan səfirliyində olduq və orada maraqlı məsələlər müzakirə edildi. Gürcüstanda yaşayan azərbaycanlıların problemlərini yaxından öyrənə bildik və ümumi müzakirələr aparıldı. Bu müzakirələr gələcək üçün yeni fikirlər ortaya çıxardı.

Gürcüstanın mətbuat nümayəndələri, ekspertləri və analitikləri ilə Qafqazda baş verən hadisələr, həmçinin Azərbaycan və Gürcüstan münasibətlərinin inkişafında mətbuatın rolu müzakirə olundu. Düşünürəm ki, bu müzakirələr olduqca vacib idi. Səfər həm bizə, həm də Gürcüstana çox yaxşı nəticələr verəcək”.

Söz və mətbuat azadlığı sahəsində görülən işləri yaxından öyrənməyin olduqca vacib amil olduğunu vurğulayan B.Quliyev bildirib ki, Azərbaycan demokratik dövlətdir və mətbuatımızda fikir azadlığı, plüralizm təmin olunur:

 "Mediamız hüquqi normalar çərçivəsində fəaliyyət göstərir. Eyni zamanda internet mediamız da tam sərbəstdir. Amma xarici dövlətlərdə bu vəziyyətin hansı yerdə olduğu da bizim üçün maraqlı idi. Məsələn, Türkiyə və bəzi Avropa ölkələrində səfərdə olarkən həmin ölkələrdə mətbuatın fəaliyyətini yaxından öyrənmişəm. Amma Gürcüstanın fəal jurnalistləri və ekspertləri ilə yaxından tanış olmaq və müzakirələr aparmaq bizim üçün olduqca əhəmiyyətlidir. Ümumiyyətlə, Gürcüstan səfəri mənim və həmkarlarım üçün bir yenilik idi. Düşünürəm ki, dünya praktikasında baş verən hadisələr, xarici jurnalistlərin necə fəaliyyət göstərdikləri hər bir jurnalist üçün maraqlıdır. Bu, həmçinin onların gələcəkdə yaxşı fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biridir”.

B.Quliyev səfər zamanı xüsusilə M.F.Axundzadənin ev muzeyində olmağının tamamilə fərqli bir hiss olduğunu diqqətə çatdırdı: 

"Səfərimizdə ilk olaraq Tbilisidə ulu öndərimiz Heydər Əliyevə qoyulan hörmət Azərbaycanın gücünün göstəricisidir. Məlumdur ki, Azərbaycan Gürcüstan üçün strateji bir dövlətdir. Bizim Gürcüstana göstərdiyimiz iqtisadi köməklik, maliyyə yatırımları soydaşlarımıza qarşı olan münasibəti yaxşı mənada dəyişib. Əvvəlki illərlə müqayisədə soydaşlarımıza qarşı olan hörmət və məhəbbət bu səviyyədə deyildi. 
İndi biz qonşuluq siyasətini düzgün qurmuşuq və iqtisadi tərəfdaş kimi müsbət işlər görmüşük. Bu, Azərbaycanın regional layihələrdə iştirakının yaxşı mənada qonşu dövlətlərə təsiridir. Bütün regional layihələrdə Azərbaycan Gürcüstanın tərəfdaş kimi iştirakını təmin edir. Bütün bunlar Azərbaycanın qonşuluq siyasətini düzgün aparmasının və qonşu dövlətlərlə münasibətini düzgün qurmasının nəticəsidir. Gürcüstanda bizim yaradıcı şəxslərə, dövlət və ictimai xadimlərə, ulu öndərimizə qoyulan hörmət bütün Azərbaycan vətəndaşlarını sevindirir. Belə olduqda Azərbaycanın gücü kənardan daha yaxşı görünür. Hesab edirəm ki, biz gücləndikcə, qonşu dövlətlər arasında münasibəti ağlamlaşdırdıqca digər xarici dövlətlərin də ölkəmizdə olan rəğbəti yüksəlir. Ermənistandan fərqli olaraq biz bütün qonşu ölkələrlə münasibətimizin düzgün və işgüzar olmasını, həmçinin strateji tərəfdaşlığımızı nəzərdə saxlayırıq. Bunun nəticəsidir ki, Azərbaycanın apardığı siyasətin mərkəzində dövlət və vətəndaş marağı dayanır. Qurulan bu münasibətlər, regionda baş verən hadisələrin diqqətlə və həssaslıqla izlənilməsi, lazımi məqamda Azərbaycanın atdığı addımlar yalnız ölkə başçısının dövlətin marağından çıxış etməsinin göstəricisidir. Aparılan siyasətin kökündə vətəndaş amili, dövlətimizin gələcəkdə uğurlu inkişafını təmin etmə dayanır. Belə səfərlər bizə bir daha bu inkişafı göstərdi. Azərbaycanın demokratik, hüquqi dövlət kimi mətbuatının inkişafı, fikir, söz azadlığı və plüralizmin inkişafı istiqamətində apardığı siyasət əlverişli və dəqiqdir”.

Yeganə Bayramova