“Bir gecədə 12 generalımızı niyə güllələyiblər?”
Şəmistan Nəzirli: “Xaçmazda, Samux çayının sağ sahilində 350 nəfərin cəsədi qalıb”
Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 23 ay ərzində ölkənin müdafiəsinin təşkili, milli ordunun formalaşdırılması sahəsində uğurlu işlər görülüb. Cümhuriyyət dövründə ordu quruculuğu ilə bağlı görülən işlərin və əldə edilmiş nəticələrin öyrənilməsi həm yüzillik ənənənin bərpası, həm də ondan düzgün nəticə çıxarılması baxımından böyük əhəmiyyətə malikdir.
O səbəbdən ictimaiyyət nümayəndələri hesab edirlər ki, Cümhuriyyətin yubiley tədbirləri çərçivəsində 100 yaşlı milli ordunun tanıdılması yönündə mühüm işlər görülməli, ilk ordunu təsis edən generalların təbliğatı aparılmalıdır. Əfsuslar olsun ki, çoxlarımız bu sahədə ya tam məlumatsızıq, ya da dövrlə bağlı əsassız bilgilərə sahibik. Mövzunun aktuallığını nəzərə alaraq hərb tarixi və generallarımız haqqında silsilə əsərlərin müəllifi, tədqiqatçı-jurnalist, polkovnik-leytenant Şəmistan Nəzirli ilə əlaqə saxladıq.
Tanınmış tədqiqatçı "Şərq”ə açıqlamasında Cümhuriyyət ordusunun yaranmasının yüz illiyi ilə bağlı ayrıca kitab hazırladığını dedi. Ş.Nəzirli bəyan edib ki, Cümhuriyyət ordusu ilə bağlı xeyli iş görmək lazımdır:
"Hazırladığım kitabın sadəcə texniki işləri qalıb, 5-10 günə çapdan çıxmalıdır. Cümhuriyyət ordusu cəmiyyətdə geniş təbliğ olunmalıdır. Telekanallarda milli ordunun qurulması ilə bağlı maarifləndirici proqramlar verilməlidir. Nə vaxta qədər efirlərdə yarıçılpaq qızlarla çalıb-oynayacaq, mənasız şoulara baxacaq, səviyyəsiz mahnılara qulaq asacağıq?! Cümhuriyyət ordusunu kimin, necə yaratdığı barədə məlumatımız varmı? Yoxdur, çünki bu işlə məşğul olan tapılmır”. Tədqiqatçı təəssüflə vurğulayıb ki, çoxlarımız iki generaldan başqa heç kimi tanımırıq: "Cümhuriyyət dövründə qurulan ordumuz sadəcə Əliağa Şıxlınski və Səməd bəy Mehmandarovdan ibarət deyil. Milli ordumuzda 21 general olub, yüksək rütbəli xeyli sayda zabitlərimiz çalışıb. Sonradan onların demək olar ki, hamısını güllələyiblər. Düzdür, milli ordunun ilk dəfə yaradılmasının təməl daşını general Ə.Şıxlınski qoyub. Daha sonra Mehmandarovu dəvət ediblər və birlikdə 40 minə yaxın qoşun hazırlayıblar. Amma bu işdə yüzlərlə azərbaycanlı zabit onlara kömək edib. Belə söyləmək mümkündürsə, Cümhuriyyət ordusu heç nədən yaranıb. Birinci Dünya Müharibəsindən geri dönən əsgər və zabitlərimiz milli ordunu formalaşdırıblar. Şıxlınski çar Rusiyasında xidmət edən bütün azərbaycanlı zabitləri çox yaxşı tanıyırdı və
dəyərləndirirdi. İndi yerindən duran hər kəs ordu və generallarla bağlı ağzına gələni danışır, uydurmalar söyləyir”.
Araşdırmaçı milli ordunun xarici və daxili düşmənlərə qarşı qəhrəmanlıqla mübarizə apardığını deyib: "Cümhuriyyət ordusu Azərbaycanı işğal etməyə çalışan rus generalı Denikinə qarşı mübarizə aparıb. Ancaq milli ordunun ən başlıca fəaliyyəti Qarabağa və Gəncəbasara hücum edən ermənilərə qarşı vuruşmaq olub. Milli ordumuz il yarım fəaliyyəti dövründə düşmən üzərində 3 dəfə qələbə qazanıb. Birinci qələbə Lənkəranda, ikincisi Zəngəzurda, üçüncüsü isə Qarabağda ermənilərə qarşı zəfər əldə edib”.
Ş.Nəzirlinin sözlərinə görə, əgər kimsə Cümhuriyyət ordusunun rus işğalçılarına qarşı döyüşmədiyini iddia edirsə, başından böyük səhvə yol verir:
"Ordumuz düşmənə qarşı bir neçə cəbhədə vuruşub. Xaçmazda, Samux çayının sağ sahilində 350 nəfərin cəsədi qalıb. Əgər mübarizə və savaş olmayıbsa, bu qədər döyüşçü necə həlak olub, müqavimət yox idisə, bir gecədə 12 generalımızı niyə güllələyiblər? Podpolkovnik Rüstəm bəy Şıxslınskini bolşevik işğalçılarına qarşı vuruşduğuna görə öldürdülər. General İbrahim ağa Usubovu güllələdilər. Mehmandarovu və Şıxlınskini Nəriman Nərimanov güclə xilas etdi. Yoxsa onların da aqibəti digərlərindən fərqli olmayacaqdı. Pankratov iki generalı üç dəfə həbs etdirmişdi. Kim ordunun ruslara qarşı döyüşmədiyini, Cümhuriyyəti savaşmadan təhvil verdiyini deyirsə, gəlsin debata, onun cavabını verim. Məsələ ondadır ki, ruslara qarşı müqavimət göstərən qüvvənin sayı 3500 nəfərdən bir az çox idi. Yerdə qalan ordu Qarabağda ermənilərə qarşı savaşırdı”.
Müsahibimiz azərbaycanlıların milli orduya cəlb edilməsi barədə də danışıb:
"General Şıxlınski yazırdı ki, orduya adam yığmaq üçün Azərbaycanın hər yerini qarış-qarış gəzirdilər. Təbii ki, o zaman azərbaycanlı ailələrdə orduya əsgər verənlər də var idi, verməyənlər də. Məsələn, Ağdaşda bir ailənin 5 oğlu könüllü şəkildə milli ordunun sıralarına qoşulmuşdu. Şəkidə Qədirbəyovlar ailəsinin 4 övladı birlikdə orduya qatılmışdı. Şübhəsiz, ara-sıra fərarilik də müşahidə olunurdu. Şıxlınski bildirirdi ki, axşam kazarmaya gətirdiyimiz, pul-para, geyməyə forma, yatmağa yorğan-döşək verdiyimiz bir gənc sabah yoxa çıxırdı. Hətta qaçdığı zaman hökumətin verdiyi yorğan-döşəyi də özü ilə aparırdı. Həmçinin, ağa-bəy oğulları orduda xidmət etmək, əziyyət görmək istəmirdilər. Lakin qısa müddətdən sonra generallar - Səməd bəy Mehmandarov, İbrahim ağa Vəkilov, İbrahim ağa Usubov, Cavad bəy Şıxlınski ordu quruculuğunda elə tədbirlər aldılar ki, fərarilik tədricən aradan qalxdı. Şəxsən Mehmandarov millətə vətənpərvərliklə bağlı müraciət etdi və fərman imzaladı. Fərmanda deyilirdi ki, "18 yaşına çatmış hər bir Azərbaycan vətəndaşı, istər bəy, istər ağa oğlu olsun, mütləq orduda iştirak etməlidir”. Amma ümumilikdə o dövrdə vətənpərvərlik çox güclü idi”.
Ş.Nəzirli deyib ki, əgər Osmanlı ordusu Azərbaycanın yardımına gəlməsəydi, vəziyyətimiz çox ağır olardı. Çünki Cümhuriyyətin ilk aylarında ordu tam yaranmamışdı:
"Şıxlınski Gəncədə hərbi məktəb açmışdı, amma kifayət qədər formalaşmamışdı, həm də yetərli maliyyə və kadr yox idi. Bu baxımdan Ənvər və Nuru Paşa qardaşlarının ölkəmizə hərbi yardım göndərməsi, xüsusən sentyabrın 15-də Bakının işğaldan azad edilməsi olduqca müstəsna hadisədir. Millətimizin xilasıdır. Əgər köməyə gəlməsəydilər, xalqı qırıb dənizə tökərdilər. Erməni və rus birləşmələrinin ən böyük arzusu Azərbaycanı tamamilə işğal etmək idi. Ona görə də qardaş türklərə həmişə minnətdarıq. Milli ordumuzun qurulmasında türk zabitlərinin rolu olub. Lakin tezliklə Azərbaycandan getmək məcburiyyətində qaldıqları üçün tam dəstək verə bilməyiblər. Sadəcə, 6 ay ölkəmizdə qalıblar. O vaxt Osmanlının özünün də vəziyyəti yaxşı deyildi”.
İsmayıl