"ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Azərbaycana səfəri ABŞ-Azərbaycan ikitərəfli münasibətləri və regional təhlükəsizlik məsələləri baxımından olduqca əhəmiyyətli idi”
Bunu "Sherg.az”a açıqlamasında millət vəkili, siyasi elmlər doktoru Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, C.Bolton və Prezident İlham Əliyev arasında ABŞ-Azərbaycan əməkdaşlıq əlaqələrinin müxtəlif aspektlərinin müzakirə edilməsi qlobal terrorizmə və narkotizmə qarşı mübarizədə Azərbaycanın ən aparıcı ölkələr sırasında yer aldığını sübut edir:
"Eyni zamanda, Azərbaycanın hazırda həyata keçirdiyi meqa enerji layihələri ilə regionun və Avropanın qlobal təhlükəsizliyinin təmin edilməsində nə qədər əhəmiyyətli ölkə olduğunu bir daha göstərmiş olur. Heç şübhəsiz ki, bütün bunlar təsadüfi deyil. Çünki Azərbaycan həyata keçirdiyi aktiv diplomatik fəaliyyəti ilə həm regional müstəvidə, həm də Avrasiyada mühüm aktor kimi öz yerini və rolunu çoxdan isbat edib.
Dünya siyasətini müəyyən edən ölkələrdən biri olan ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Azərbaycana səfəri bir daha bu konteksdə qiymətləndirilməlidir. Əgər regionda hansısa təhlükəsizlikdən söhbət gedirsə, bizim üçün ilk növbədə Dağlıq Qarabağ probleminin həll olunması məsələsi önə çıxır. Azərbaycanın həyata keçirdiyi xarici siyasətin əsas paradiqmasını məhz bu müəyyənləşdirir. Həm dünya siyasətini müəyyənləşdirən ölkə, həm də ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi ABŞ-ın bu problemin həllində müstəsna yeri və rolu ola bilər”.
H.Babaoğlunun sözlərinə görə, Con Bolton çıxışında məhz Dağlıq Qarabağ münaqişəsinə xüsusi diqqət ayrıldığını və bu problemin həllinin Amerika Birləşmiş Ştatlar üçün də mühüm əhəmiyyət kəsb etdiyini söylədi:"Bolton bundan sonrakı mərhələdə Ermənistana səfər edəcəyini və rəsmi İrəvanın bu məsələni müzakirə edəcəyini Azərbaycan ictimaiyyətinin diqqətinə çatdırdı. Düşünürəm ki, bu xüsusi bir məqamdır. Əgər bütün dünya özünün təhlükəzliyini təmin etməlidirsə, beynəlxalq münasibətlərin iştirakçısı olan aktorlar da bir-birilərinin qarşılıqlı təhlükəsizliyini mütləq nəzərə almalıdır. Azərbaycan təhlükəsizliyə töhfə verirsə, deməli onun təhlükəsziliyinə tərəfdaşları və müttəfiqləri də mütləq diqqət yetirməlidir”.
Milli Məclisin üzvü bəyan edib ki, Boltonun səfəri məhz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həlli kontekstində Azərbaycan üçün önəmli idi:
"Azərbaycan Boltonla müzakirələrdə ərazi bütövlüyü məsələsində prinsipiallığını və BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi ilə bağlı öz mövqeyini bir daha qətiyyətlə ortaya qoydu. Bütövlükdə, hazırkı beynəlxalq münasibətlər sisteminin siyasi konyukturasına nəzər salsaq görərik ki, ən müxtəlif problemlər məhz bu qarşılıqlı müzakirələr və qarşılıqlı maraqların təmin olunması formatında aktuallaşdırılır. Ona görə də bu görüş istər ABŞ-Azərbaycan ikitərəfli münasibətləri, istərdə də regional təhlükəsizlik məsələləri baxımından olduqca mühüm bir görüş idi”.
İsmayıl