Aşurada xristian papasının sinə döyməsi suallar yaratdı
İlqar Altay: “İndiyə qədər bir keşişin “şaxsey-vaxsey” deyərək özünü döyməsini hardasa müşahidə etmisinizmi?!”
Zəlimxan Məmmədli: "Mən bu təhlükəli tendensiya haqqında illər öncə demişəm”
Məhərrəm ayının 10-cu günü Gürcüstanda təşkil olunan Aşura mərasimi maraqlı məqamlarla yadda qalıb. Belə ki, sosial şəbəkədə qonşu Gürcüstanda təşkil olunan Aşura mərasimində gürcü pravoslav din xadimlərinin iştirakını təsdiqləyən görüntülər yayılıb.
İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, tədqiqatçı-ekspert İlqar Altay feyzbuk səhifəsində mərasim günü çəkilmiş fotoları paylaşaraq, prosesin təhlükəli məqamlarını vurğulayıb. Yayılan şəkildə mərasimə müsəlmanlarla yanaşı, gürcü din xadimlərinin qatıldığı da görünür. Bu təzadı diqqətdən qaçırmayan ekspert şəklə əlavə etdiyi qeydlərdə gözlənilməz "şiə-pravoslav” inteqrasiyasını Gürcüstanın mövcud hakimiyyətinin xoş olmayan niyyəti ilə əlaqələndirib: "Gürcü hökuməti ölkədə Aşura mərasimi keçirilməsi üçün hər cür şərait yaradıb. Hətta, gördüyünüz kimi kilsənin rəhbəri, yəni bir xristian papazı şiə-hüseynçilərə qoşulub onlarla birliklə ön cərgədə sinə döyür. İndiyə qədər bir keşişin "şaxsey-vaxsey” deyərək özünü döyməsini hardasa müşahidə etmisinizmi?!” Maraqlıdır ki, fotolarda Aşura yürüyüşünü tənzimləyən gürcü polislərinin də sinə döyməsi əksini tapıb. Ekspertin fikrincə, mərasimin bu qədər genişlənməsinə "yuxarıdan” məqsədyönlü şəkildə yaşıl işıq yandırılıb: "Ancaq oradakı soydaşlarımızın Elat türk milli bayramlarının keçirilməsinə, sülhməramlı haqlarının ödənilməsinə imkan verilmir. Hakimiyyət orqanları güc tətbiq edir, bununla bağlı keçirilən tədbirləri dağıdır, milli mərasimlərdə Azərbaycan və türk bayraqları zorla yığılır. Lakin görünən odur ki, Gürcüstanın indiki siyasi rəhbərliyində təmsil olunan bəzi şəxslər orada yaşayan yarım milyon Azərbaycan türkünü şiələşdirib, farslaşdırıb milli kimliyindən uzaqlaşdırmaq istəyir. Məncə, Aşura və şiəlikdən yararlanaraq antitürkçülük siyasəti yeridirlər”. İ.Altaya görə, dərindən araşdırsaq, bu siyasətin kökündə Gürcüstan-İran gizli razılaşmasının dayandığını görərik. Ona görə dəfələrlə deyirəm ki, indiki şiəlik 1979-cu ilə qədərki Şah dövrünə aid şiəlik deyil. İndiki şiəlik Xomeyni ideologiyası və Xameneyi icraçılığında siyasiləşmiş şiəlikdir. Fikir versəniz görərsiz ki, bunların bir çoxu ictimai-siyasi prosesləri politoloq kimi bilir, dindən siyasətə, siyasətdən dinə ustalıqla keçir. Əvvəl belə şeylər yox idi”. Tədqiqatçıya görə, bu neo-şiəliyin birinci hədəfi Azərbaycan türkçülüyünü, milli kimliyimizi, dövlətçiliyimizi sarsıdıb yox etməkdir: "Biz gözümüzü döyüb, ssenarisi İranda hazırlanan "Aşura” səhnələrini seyr edirik. Zəncirvurma qadağasından dolayı hikkələrini sakitləşdirib başlarını sığallamaq üçün qanvermə aksiyası keçiririk. Amma real təhlükənin içindəyik”. Əslən Borçalıdan olan ziyalı Zəlimxan Məmmədli deyib ki, İranın sığındığı və təbliğ etdiyi siyasi şiəlikdir: "Mən Gürcüstanda yaşayan azərbaycanlılarla bağlı bu təhlükəli tendensiyanı ictimailəşdirəndə, QUM proyektini ifşa edəndə, İran siyasi şiəliyinin molla adlı nökərlərinin fətva məsələsini müzakirə edəndə, heç kimin səsi çıxmadı, dəstək vermədilər. İlqar bəy doğru deyir. Gürcüstana giriş yasağının tətbiq olunmasında da İran-gürcü birliyinin izləri var. Mən vaxtı ilə bu məsələyə etiraz edəndə İran himayəsindəki saytlar, dinçi kəşfiyyat agentləri, borçalısevər kimi özlərini cəmiyyətə sırımağa çalışan zehniyyət Birlik ətrafında dağıdıcılıqla məşğul olan zümrələr mənə qarşı çıxdılar. Təzyiq və təhqirləri ilə məni susdurmağa çalışdılar”.
İsmayıl