Həm ucuz olacaq, həm də maksimum məbləğ tələb olunmayacaq
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan mənzilləri güzəştlə əldə etmək hüququ olan vətəndaşların mövcud kateqoriyalarından biri genişləndirilib və daha bir yeni kateqoriya əlavə olunub.
MİDA-dan verilən məlumata görə, "ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs” adlı mövcud kateqoriya yeni redaksiyada həmçinin "ən azı 15 il dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxsləri” də əhatə edəcək. Bununla yanaşı, yeni - "ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər” kateqoriyası da əlavə olunub. Hər iki kateqoriyaya aid olan vətəndaşlar yaşından və ailə vəziyyətindən asılı olmayaraq güzəştlə mənzil əldə etmək hüququndan yararlana biləcəklər.
MİDA yenilənmiş kateqoriyalara aid bütün vətəndaşların müraciətlərini qəbul etmək məqsədilə "Güzəştli mənzil” elektron sisteminin təkmilləşdirilməsi işini davam etdirir. "Ən azı 15 il dövlət qulluğunda qulluq edən, o cümlədən, dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxslər” adlı yenilənmiş kateqoriyaya aid vətəndaşların müraciətlərinin qəbuluna artıq start verilib.
"Güzəştli mənzil” elektron sistemində davam edən dəyişikliklər və müvafiq inteqrasiya işləri tamamlandıqdan sonra "ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər” adlı kateqoriyaya aid vətəndaşların da müraciətlərinin qəbulu başlayacaq. Müvafiq texniki işlər başa çatdırıldıqda "ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər” kateqoriyasına aid şəxslərin müraciətlərinin qəbulunun başlanma tarixi barədə əlavə məlumat veriləcək.
Hər iki yeni kateqoriyaya aid şəxslər müraciət edərək "Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olduqda MİDA-nın bütün layihələri çərçivəsində inşa olunan güzəştli mənzillərin satışı zamanı artıq qeydiyyatdan keçmiş digər kateqoriyalara aid vətəndaşlarla bərabər hüquqlara malik olacaqlar.
İqtisadçı-ekspert Rəşad Əliyevin sözlərinə görə, müvafiq əlavələrdən sonra MİDA sərəncamında olan evlər daha əlçatan olacaq. Adi ipotekalardan fərqli olaraq güzəştli evlərin daha sərfəli olduğunu qeyd edən ekspert deyib ki, MİDA tərəfindən tikiləcək evlər başqa evlərdən həm ucuz olacaq, həm də maksimal məbləğ tələbi olmayacaq: "Üstəlik də mənzillər tam təmirli vəziyyətdə veriləcək.
Sosial evlərin əhatə dairəsinin getdikcə artacağını ehtimal edən R.Əliyev deyib ki, ipoteka kreditlərinin həcminin artması artıq bir zərurətə çevrilib. Ev alacaq şəxslərin sosial durumları ilə bağlı məhdudiyyət qoyulması da ona görə təbiidir ki, əhatəni daraltmaqla mənzil alan şəxslərin kreditləri vaxtında ödəyəcəyindən əmin olmaq istəyirlər”.
Şəymən