Bu əxlaqsızlığın qarşısını qanunla almaq mümkün deyil

Mehriban Zeynalova: “Sosial şəbəkələrdə səhifə yaradıb, intim təkliflər edən qadınlar artıq insan alverinin qurbanı sayılmır”
Lalə Mehralı: “Vaxt vardı gizlində edirdilər bu işləri, çünki cəmiyyətdə damğalı, ləkəli gəzməkdən qorxurdular. Amma artıq bu məsələdə el qınağı da effektiv olmur, çünki bədənini satan qadınlar daha bu işi gizlin



Azərbaycanda sosial şəbəkədə qadınlar səhifələr yaradaraq intim münasibət təklif edirlər. Bəzi hallarda bu səhifələr masaj xidməti altında, bəzən isə açıq-aşkar şəkildə təklif olunur. Hətta translar da sosial şəbəkələrdə elanlar yerləşdirərək intim xidmət təklif edir.

"Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova isə əvvəla bu cür xəbərlərin bəzi media orqanlarında qadın alveri kimi təqdim olunmasının düzgün olmadığını deyib. Onun sözlərinə görə, intim təkliflər birbaşa qadınların özləri tərəfindən edildiyi üçün burada cinayət məsuliyyəti daşıyan tərəf yoxdur:

"Sosial şəbəkələrdə səhifə yaradıb, intim təkliflər edən qadınlar artıq insan alverinin qurbanı sayılmır. Onlar könüllü fahişəliklə məşğul olurlar. Onlar müvafiq məbləğ qarşılığında öz bədənlərini təklif edirlər. Qanunvericilikdə isə könüllü fahişəliklə bağlı cinayət məsuliyyəti nəzərdə tutulmayıb. Onlara qarşı inzibati cərimələr nəzərdə tutulub. Yəni fahişəliklə məşğul olan insanlar yalnız hansısa qaydanı pozduqları halda inzibati məsuliyyətə cəlb oluna, 40 manat cərimə oluna bilərlər, vəssalam. Sosial şəbəkələrdə öz bədənlərini satan qadınlarla bağlı isə qanunvericilikdə hansısa məsuliyyət olmadığı üçün bu cür əxlaqsızlığın qarşısını qanunla almaq mümkün deyil. Burada söhbət mənəvi-əxlaqi dəyərlərin pozulmasından gedir”.

"Sağlam Toplum” İctimai Birliyinin sədri, sosioloq Lalə Mehralı isə hesab edir ki, mənəvi dəyər elə bir anlayışdır ki, kiminə az, kiminə çox verilmir, doğuşdan hamıya bir mənəviyyat verilir. Həyat şərtləri insanları dəyişikliyə məruz qoyur, kənar təsirlər, pis çevrə dəyişdirir və o mənəviyyat pozulur. Heç bir qadın anadan əxlaqsız doğulmur, sonradan əxlaqsız olur. Onu bu yola sürükləyən də olur, özü istəyərək bu işi görən də var. Vaxt vardı gizlində edirdilər bu işləri, çünki cəmiyyətdə damğalı, ləkəli gəzməkdən qorxurdular. Amma artıq bu məsələdə el qınağı da effektiv olmur, çünki bədənini satan qadınlar daha bu işi gizlində görmürlər, adi davranış forması, həyat tərzi kimi qiymətləndirirlər. Ona görə də ciddi cəzalar tətbiq edilməlidir. Dəqiq xatırlamıram, hansı tarixi şəxsiyyət olub, o, əxlaqsızlıq edən qadınların cinsi orqanını damğalatdırırdı. Düzdü, bu qədər amansız cəza üsulunun tərəfdarı deyiləm, amma hər hansı hüquqi cəza təyin edilsə, yaxşı olardı”.

Şəymən