"Bu Forum dəyərlərimizi dünyaya çatdırmaq üçün gözəl bir imkandır" - Deputat





Bu gün Heydər Əliyev Mərkəzində VI Bakı Beynəlxalq Humanitar Forumu işə başlayıb. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Forumun rəsmi açılış mərasimində iştirak ediblər."Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda keçirilən Foruma 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə qatılıb. Dövlətimizin başçısı Forumun açılışında nitq söyləyib. Sonra Rusiya Federasiyası Hökuməti sədrinin müavini xanım Olqa Qolodets Prezident Vladimir Putinin Forum iştirakçılarına təbrik məktubunu oxudu. O, çıxışında Forumun ildən-ilə inkişaf etdiyini, Bakının humanitar dialoq mərkəzinə çevrildiyini bildirib. Daha sonra BMT baş katibinin müavini Rəşid Xalikov, ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri, UNESCO-nun baş direktorunun müavini Qu Ksinq və Parlamentlərarası İttifaqın prezidenti xanım Qabriela Baron çıxış ediblər.

Qeyd edək ki, 2010-cu ildən təşkil olunan Forumun təşəbbüsçüləri Azərbaycan və Rusiya prezidentləridir. Beynəlxalq Humanitar Forum qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədilə müxtəlif ölkələrdən tanınmış dövlət xadimlərini, elmin fərqli sahələri üzrə Nobel mükafatı laureatlarını və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının nümayəndələrini bir araya toplayan mötəbər tədbirdir.

Forumun Azərbacan üçün böyük əhəmiyyət kəsb etdiyini söyləyən millət vəkili Asim Mollazadə "Sherg.az"a bildirib ki, ölkəmiz bu tədbir dəyərlərimizi dünyaya çatdırmaq üçün çox gözəl bir imkandır:

"Dünyanın bir ölkələrindən təşrif buyuran nümayəndələr Azərbaycanın dəyərləri ilə tanış olurlar. Ölkəmizin mövqeyni öyrənirlər. Azərbyacanın tarixi və mədəniyyəti mühüm maraq kəsb edir. 

Bu sayaq forumlarla Azərbaycan bu keşməkeşli dünyada özünə düşüncələrini bölüşə biləcəyi dostlar qazanır.Forumun əsas məqsədi də eyni düşüncəyə malik, lakin rəngarəng mədəniyyətlərin daşıyıcıları olan dövlətlərin birləşərək tezliklə dünyada sülhün, sabitliyin bərqərar olunmasına qərar verməkdir. 

Gələcəkdə də Azərbaycan öz fikirlərini dostları ilə bölüşərək, onlarla birləşərək beynəlxalq arenada mövqelərimizin daha da güclənməsinə, beynəlxalq nüfuzumuzun daha da artmasına nail olacaq".

Ayyət Əhməd