Bu konfliktdən iqtisadi cəhətdən Almaniya qalib çıxacaq, yoxsa Türkiyə ? - İZAH

"İki ölkə arasındakı böhran dərinləşərsə, münasibətlərin tamamilə gərginləşməsinə və uzun müddət davam etməsinə səbəb olarsa, bu, Türkiyəyə daha mənfi təsir göstərə bilər"
"Turizm sahəsində də Türkiyəyə gələn turistlərin arasında ilk beşlikdə Almaniyadan gələnlər olub"



"Türkiyənin ən böyük ixracat bazarı Almaniyadır”.

Bunu Sherg.az-a Türkiyə və Almaniya arasında yaşanan gərginliyin iki ölkənin iqtisadi əlaqələrinə təsirlərini izah edərkən iqtisadçı, ekspert Natiq Cəfərli deyib. O bildirib ki, Almaniyanın az qala 1 trilyon dollarlıq ixrac potensialı var və bütün dünyaya ixracat həyata keçirir:

"Bu dövlətin ixracat məhsulları əsasən yüksək texnologiyalar və avtomobil avadanlıqlarından ibarətdir. Türkiyənin isə bu ümumi ixracat görünüşündə payı o qədər də böyük deyil. Təqribən 11-12 milyard dollar civarında bir paya malikdir.

Türkiyənin ixracat potensialında isə Almaniyanın payı çox böyükdür. İki ölkə arasındakı böhran dərinləşərsə, münasibətlərin tamamilə gərginləşməsinə və uzun müddət davam etməsinə səbəb olarsa, bu, Türkiyəyə daha mənfi təsir göstərə bilər. Çünki qardaş ölkənin ixracat payında birinci yeri tutan dövlət Almaniyadır. 

Turizm sahəsində də Türkiyəyə gələn turistlərin arasında ilk beşlikdə Almaniyadan gələnlər olub. Artıq son gərginlikdən sonra Almaniya xarici işlər nazirliyi öz vətəndaşlarının Türkiyə səfərlərini təxirə salmasını tövsiyə etməsi turizm bazarına mənfi təsir edəcək”.

Bundan əlavə N.Cəfərli diqqətə çatdırıb ki, Almaniyada yaşayan türklərin sayı da kifayət qədər çoxdur:

"Bunun fonunda həmin türklərin öz ailələrinə göndərdiyi vəsait il ərzində 4-5 milyard dollar təşkil edir. Hazırda qeyri-leqal şəkildə Almaniyada yaşayan türklərin ölkələrinə dönməsi məsələsi də gündəmə gəlib. Bu gərginlik dərinləşərsə, Almaniya qeyri-leqal şəkildə əvvəl göz yumduğu hadisələrə indi göz yummaya bilər. Beləliklə, türk vətəndaşlarının öz ölkələrinə göndərilməsi Türkiyə iqtisadiyyatına ciddi ziyan vura bilər.

Bütün bunları nəzərə alaraq, Türkiyə-Almaniya münasibətlərinin gərginləşməsi daha çox Türkiyəyə ziyan vura bilər. Ona görə, böhranın dərinləşməsinə imkan vermədən problemi həll etmək, ortada olan məsələləri aradan qaldırmaq daha yaxşı olar. Ümid edirəm ki, Türkiyə və Almaniya arasındakı gərginlik yaxın zamanda danışıqlar, qarşılıqlı güzəştlər yolu ilə aradan qaldırılacaq. Yoxsa, Türkiyə iqtisadiyyatını daha ciddi ziyan gözləyir”.

Aysel Aslan