"Bu sualların cavabları olmayanda mübahisələr ortaya çıxır” - Professor







"Orfoqrafiya, dil qaydaları ilə bağlı ən önəmli məsələ prinsipin, konkret qaydanın olmasıdır”.

Bu barədə "Sherg.az”a Azərbaycan dilinin orfoqrafiya lüğətində edilməsi nəzərdə tutulan dəyişikliklər haqqında danışarkən filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli bildirib. 

O diqqətə çatdırıb ki, sonuncu uğursuz orfoqrafiya lüğətindən sonra yeni düzəlişlər edilməsi təqdirəlayiq addımdır:

"Yeni düzəlişlərdə xüsusilə alınma sözlərlə bağlı məsələlər həll olunmalıdır. Azərbaycan dili ilə bağlı prezidentin imzaladığı dövlət proqramında da göstərilir ki, transliterasiya məsələləri həll olunmalıdır. Bu, həll edilməsə, qaydalar hamı tərəfindən qəbul olunmasa, ayrı-ayrı elementləri müzakirəyə çıxarıb, təqdim etmək yanlışdır. Dildə qayda yaratmaq cəhdi gözəl olsa da elmə, məntiqə, prinsiplər toplusuna əsaslanmalıdır.

Uzun illərdir, "ssenari” sözünün yazılışı ilə bağlı heç problem yoxdur. Bu sözü dəyişdikdə hansı qaydaya əsaslanacaq? Dil üçün önəmli olan asanlıqdır. Mahiyyət etibarı ilə "mədəniyyət” sözü bir "y” ilə yazılırsa, "Cümhuriyyət” sözünün də eyni qayda ilə yazılması hansı qaydalara əsaslanır? Bu sualların cavabları olmayanda mübahisələr ortaya çıxır”.

Professor onu da əlavə dib ki, bəzi bununla məşğul olanlar şöbələrdə oturur, sadəcə fərziyyələr irəli sürürlər:

"Amma dilin praktik işlənməsi, dilin daşıyıcıları daha çox mediadır. Ona görə, bu işdən başı çıxan, dil duyğusu olan adamlar bu müzakirələrdə fəal iştirak etməlidir.

"Mən deyirəm ki, filan söz dəyişdirilsin, bir "y” ilə yazılsın” yanaşması yanlışdır. Dəyişikliklər istəklərlə bağlı deyil, qaydalarla, prinsiplərlə bağlıdır. Bəzi dil duyumu olan insanlar dəyişikliyin səbəbini izah edir ki, buna görə, filan dəyişiklik edilməlidir. Mən onlara daha çox inanıram, nəinki AMEA-da oturub, Azərbaycan dilini bəyənməyən alimlərə”.

Qeyd edək ki, Nəsimi adına Dilçilik İnstitutunda "Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin hazırlanması ilə bağlı İşçi qrupu yaradılıb. İşçi qrupu tərəfindən köhnə lüğətlərdə yer almış lüzumsuz, şübhə doğuran sözlər haqda təkliflər hazırlanıb. Təkliflərə əsasın "ekspress”, "stress” sözlərinin, alınma dildə olan digər sözlərin, məsələn "ssenari”nin yox, "senari” kimi yazılması, "metafor”un "metafora”, "sanatori”nin "sanatoriya” kimi yazılması təklif edilir. "Veb-səhifə”, "Veb-dizayn” sözlərinin də defislə yazılması layihəyə daxil edilib. Həm də layihəyə milli mənşəli sözlərin yazılış qaydaları da daxil olunub.

Aysel Aslan