“Dilqəm Əsgərovun oğlunun Varşavada çıxışından dərhal sonra avropalı diplomatlar yaxınlaşaraq, öz münasibətlərini bildirdilər, məsələ ilə maraqlandılar”
“Bütün mümkün variantlara əl atacağıq”
Əhməd Şahidov: “Girovlarımız azadlığa çıxana qədər boş dayanmaq olmaz”
“Dilqəm Əsgərovun oğlunun Varşavada çıxışından dərhal sonra avropalı diplomatlar yaxınlaşaraq, öz münasibətlərini bildirdilər, məsələ ilə maraqlandılar”
“Dilqəm Əsgərovun oğlunun Varşavada çıxışından dərhal sonra avropalı diplomatlar yaxınlaşaraq, öz münasibətlərini bildirdilər, məsələ ilə maraqlandılar”
Azərbaycan insan hüquqları və azadlıqlarına dair BMT-nin, ATƏT-in və Avropa Şurasının əksər sənədlərinə qoşulub. Həmin sənədlərdə nəzərdə tutulan norma və standartların mütləq əksəriyyəti ölkə qanunvericiliyində öz əksini tapıb. Hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri olub. Aparılan demokratik hüquqi islahatlar insan hüquqlarının müdafiəsi sahəsində mühüm irəliləyişlərin əldə edilməsinə şərait yaradıb. Bu müddət ərzində ölkəmiz bir çox hüquqi aktlara qoşulub. Ölkəmizdə insan hüquqlarının qorunması istiqamətində görülən işlər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilib.
Lakin buna baxmayaraq, Azərbaycanın hüquqi inkişafına kölgə salmaq istəyən xarici dairələr və onların alaltıları hər fürsətdə ölkəmizi ləkələməyə çalışırlar. Avropanın bəzi qurumları, o cümlədən erməni lobbisi tərəfindən maliyyələşən siyasətçilər ölkəmizdə insan hüquqlarının "pozulduğunu” iddia edərək əsassız ittihamlar irəli sürürlər. Atılan hər humanist addıma rəğmən, həmin qüvvələrin baxışlarının dəyişməməsi bir daha göstərir ki, məqsəd insan haqlarının müdafiəsi deyil, birbaşa qərəz və düşmənçilikdir. Son günlər bir sıra beynəlxalq qurumlarla yaşanan problemlər də bunun təzahürüdür.
Bu sahədə baş verən proseslərlə bağlı "Şərq”ə müsahibə verən Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov ölkəmizdə insan hüquqlarının vəziyyətindən və Azərbaycana qarşı aparılan təbliğatın məqsədlərindən danışıb...
- ATƏT-Azərbaycan əlaqələrini necə dəyərləndirirsiz? Hansı sahələrdə problemlər, ziddiyyətlər mövcuddur?
- Azərbaycan-ATƏT əlaqələri çoxillik təcrübəyə əsaslanır. Ölkəmiz 1992-ci ildən bu təşkilatın üzvüdür və bu, Azərbaycanın üzv olduğu ilk Avropa təşkilatıdır. 1992-ci ilin fevral ayından başlayaraq, Ermənistan-Azərbaycan münaqişəsi ATƏT-in prinsiplərinə uyğun olaraq üzv olan dövlətlərin daha çox diqqət obyektinə çevrildi. Bu gün Azərbaycan ATƏT üzvü olan 57 tam hüquqlu ölkədən biridir və mütəmadi olaraq təşkilatın toplantılarında təmsil olunur. Burada hansısa problem və ya ziddiyyətlərdən söhbət gedə bilməz. Digər ölkələr kimi Azərbaycan da eyni hüquqlara malikdir, eyni vəzifə və öhdəlikləri bölüşür. Zaman-zaman bu vəzifə və öhdəliklərin yerinə yetirilməsi ilə bağlı müzakirələr olur, fərqli yanaşmalar və münasibətlər sərgilənir. Bu da normaldır. Təşkilat daxilindəki müzakirələr bütün dünyada qəbul olunmuş bir təcrübədir. Amma təşkilatla ölkəmiz arasında hər hansı problem yoxdur. Çünki Azərbaycan ATƏT-in bir parçasıdır.
- Beynəlxalq tribunalarda Azərbaycan həqiqətləri ilə bağlı tez-tez çıxışlar edirsiz. Dünya ictimaiyyətinin reaksiyası necə olur? Azərbaycan beynəlxalq arenada necə tanınır?
- Azərbaycan Avropa və Asiyanın qovuşduğu coğrafiyada yerləşən strateji bir ölkədir. Dünyanın aparıcı gücləri ölkəmizlə maraqlanır və daim diqqətdə saxlayırlar. Bunun pozitiv tərəfləri olmaqla yanaşı, mənfi təzahürləri də var. 30 ilə yaxındır ki, üzləşdiyimiz ərazi bütövlüyü problemimiz bunlardan biridir. Azərbaycana qarşı irəli sürülən ərazi iddiaları, bir milyondan artıq məcburi köçkünlərimiz, əsir və girovlarımız var. Beynəlxalq arenada danışmağa mövzular kifayət qədərdir. Vətəndaş cəmiyyətinin üzvü olaraq, çalışırıq ki, bu həqiqətləri dünya ictimaiyyətinə çatdıraq. Son illər bu işi daha intensiv şəkildə həyata keçirməyə çalışırıq. Azərbaycan dövləti də bu məsələdə bizə ciddi dəstək olur.
Dünya ictimaiyyətinin reaksiyası hər zaman birmənalı olmur. Bilirsiniz ki, bu gün ikili standartlar, ayrı-ayrı güclərin şəxsi maraqları daha qabarıq formada özünü göstərir. Bu gün dünyada ədalət axtarmaq bir qədər sadəlövhlük olardı. Amma maraqlarımızı qorumaq və istədiyimizə nail olmaq üçün çalışırıq. Bəzən qabarıq ikili standartlarla üzləşirik, bəzən də istədiyimizə nail olur, dünyaya səsimizi duyura bilirik. Əsas odur ki, bu işdən yorulmuruq.
- Avropa strukturları ilə bağlı zaman-zaman problemlər, anlaşılmazlıqlar yaşanır. Daha doğrusu, Qərb institutlarının əsassız, qərəzli ittihamlarına məruz qalırıq. Bu qərəzin arxasında sadəcə erməni lobbisi dayanır, yoxsa müəyyən məkirli dairələr türk-müsəlman dövləti olan Azərbaycanın inkişafını istəmirlər?
- Bu gün erməni lobbisi Azərbaycan ilə müqayisədə əvvəlki gücə malik deyil. Azərbaycan bir neçə cəbhədə - rəsmi dövlət səviyyəsində, vətəndaş cəmiyyəti və diaspor düşərgəsində hücum taktikasındadır. Ölkəmiz güclənir, regionda liderliyini qoruyub saxlamaqdadır. Təbii ki, bu da bir çox qüvvələrin işinə yaramır. Bu, həm bizim qonşularımız ola bilər, həm də bir sıra beynəlxalq güc mərkəzləri. Odur ki, hər vəchlə Bakıya təzyiq göstərməyə, onun siyasi iradəsini zəiflətməyə, milli maraqlarımıza uyğun olmayan hansısa sazişlərə imza atdırmağa çalışırlar. Bu münasibət özünü qərəz, təxribat, ikili standartlar və açıq təzyiq formasında göstərir. Bütün bu siyasəti erməni lobbisi ilə bağlamağı doğru hesab etmirəm. Erməni lobbisi o qədər güclü olsaydı, Ermənistanın düşdüyü acınacaqlı duruma əncam çəkərdi. Burada daha güclü dairələrin, ölkələrin və mərkəzlərin rolu mövcuddur. Fürsət düşən kimi insan haqları, demokratiya, qanunun aliliyi və bu kimi həssas mövzulardan yola çıxaraq, rəsmi Bakıya təzyiqlər etməyə çalışırlar. Təbii ki, Azərbaycan dövlətinin apardığı güclü və balanslı siyasət nəticəsində bu təzyiqlər zamanında və yetərincə dəf olunmaqdadır.
- Hüquq müdafiəçisi kimi Azərbaycanda insan haqlarının vəziyyətini necə dəyərləndirirsiz?
- İnsan haqları dərin bəşəri dəyərdir. Bu gün dünyada elə bir cəmiyyət yoxdur ki, orada insan haqlarının vəziyyəti mükəmməl formada olsun. Mən dünyanın 50-dən çöx ölkəsində olmuşam, davamlı tədbirlərdə iştirak edirəm. Ən ideal təqdim olunan ölkələrdə belə müəyyən qanunlar və qaydalar mövcuddur ki, bizim məntiqimizlə, əxlaqi dəyərlərimizlə bir araya sığmır. Yəni, biz o cəmiyyətlərdə bir gün belə yaşaya bilmərik. Həmin ölkələrdə elə sərt qanun və qadağalar var ki, bizim gündəlik həyatımızda tolerant yanaşdığımız məsələlər o cəmiyyətlərdə yasaq edilib. Yəni, bizlər həmin cəmiyyətlərdə yaşasaq, bir çox hüquqlarımız bəri başdan tapdanacaq. İnanc, təhsil və düşüncə azadlıqlarımız pozulacaq. Amma həmin ölkələri tənqid edən yoxdur. Azərbaycanda da zaman-zaman müəyyən inzibati qanun pozuntuları ola bilər. Buna dərhal rəsmi qurumlar səviyyəsində reaksiyalar verilir və məsələ öz həllini tapır. Amma bundan istifadə edib problemi qabartmaq, bunu beynəlxalq səviyyədə təsir rıçağına çevirmək fürsətcil qüvvələrin işidir.
Bir hüquq müdafiəçisi kimi deyə bilərəm ki, bu gün Azərbaycanda insan hüquq və azadlıqları təmin olunub. Qarşıya qoyduğumuz vəzifələrə tam varmasaq da, islahatlar davam edir, bütün sahələrdə inkişaf tendensiyası müşahidə olunur.
2017-ci ildə qadınlara sürücülük hüququ verilən Səudiyyə Ərəbistanına heç bir irad göstərməyib. Küçədə ictimai asayişi pozan 3-4 cinsi azlıq nümayəndəsinin inzibati məsuliyyətə cəlb olunduğu Azərbaycana qarşı cəbhə açmaq hansı məntiqə və ədalətə sığır axı?! Bu kimi məsələlər üzərindən Azərbaycana qarşı qərəzli münasibət sərgiləyən şəxslərin öz ölkələrində sinaqoqlar silahlı şəxslər tərəfindən 24 saat qorunur. Kilsələr olan qəsəbədə məscidlərin fəaliyyəti qadağan edilir, insanların dini baxışları təhqir olunur, faşizm geniş vüsət alır. Həmin şəxslər nədənsə bu barədə danışmaq istəmirlər. Danışmaq lazım olanda isə Azərbaycanı hədəf götürürlər.
- Mütəmadi toxunduğunuz məsələlərdən biri də kəlbəcərli girovlarımızın azadlığı məsələsidir. Səhv etmirəmsə, sizin təşəbbüsünüzlə Dilqəm Əsgərovun oğlu ATƏT-də çıxış etdi. Çıxışın müsbət nəticəsi oldumu?
- Bəli. Son 3-4 ildir ki, fəaliyyətimizin prioritet sahələrindən biri münaqişə zonasında əsir və girov götürülmüş vətəndaşlarımızla bağlıdır. Bu məsələ ilə bağlı mütəmadi olaraq, beynəlxalq insan haqları təşkilatları ilə iş aparır, beynəlxalq tədbirlərdə çıxışlar edirik. Hər dəfə məsələnin mahiyyətini açır və mülki insanların əsir və girov götürülməsinin beynəlxalq konvensiyalara, xüsusən də Azərbaycan və Ermənistanın da imzaladığı Cenevrə Konvensiyasının tələblərinə zidd olduğunu bildiririk. Bu dəfə istədik məsələni bir də zərərçəkmiş ailənin nümayəndəsinin dilindən çatdıraq. Ona görə də girovlardan biri olan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərovu özümüzlə ATƏT-in Varşava Sammitinə apardıq. Müəyyən hazırlıqlar prosesini keçəndən sonra Varşavada 57 ölkənin səfirləri, diplomat və insan haqları təşkilatlarının rəhbərləri qarşısında Kürdoğlu Əsgərovun çıxışını təşkil elədik. Çıxışdan dərhal sonra avropalı diplomatlar yaxınlaşaraq, öz münasibətlərini bildirdilər, məsələ ilə maraqlandılar. Təbii ki, qısa müddət ərzində müəyyən müsbət nəticələr də əldə etdik. Bir çox təşkilatlarla məsələnin həlli istiqamətində intensiv yazışmalarımıza başlamışıq. Bu ilin mart ayından heç bir xəbər almayan ailəsi Varşava Sammitindən 10 gün sonra Dilqəm Əsgərovdan məktub, foto və video görüntülər əldə etdi. Görünür, beynəlxalq təşkilatların davamlı sorğuları nəticəsində rəsmi Yerevan müəyyən addımlar atmağa məcbur olub.
- Ümumiyyətlə, girovlarımızın azadlığı istiqamətində hansı addımları atmalıyıq? İndiyə qədər bir çox çağırışlar edildi, tədbirlər görüldü, amma nəticə olmadı...
- Düşünürəm ki, bu prosesi davam etdirməliyik. Girovlarımız azadlığa çıxana qədər boş dayanmaq olmaz. Bütün mümkün variantlara əl atacağıq. Hüquq müdafiəçisi kimi bütün görüşlərdə və tədbirlərdə bu məsələni qaldırırıq. Azərbaycan dövləti və onun başçısı bu məsələni diqqətdə saxlayır. İnanıram ki, yaxın vaxtlarda bu məsələ ilə bağlı xoş xəbərlər alacağıq. Prezident İlham Əliyevin siyasi iradəsinə inanırıq və bu kimi məsələlərlə bağlı yaxın keçmişdəki təcrübəyə əsaslanaraq, girovlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin də tezliklə azad edilərək, ailəsinə qovuşacağına inamımız sonsuzdur.
İsmayıl Qocayev