Dayanacaqlarda uzun növbələr var
Sərnişindaşımada differensial tarif sisteminə keçməklə problemi aradan qaldırmaq olar
BakıKart ilə işləyən avtobusların sayı artdıqca, dayanacaqlardakı aparatların önündə növbələr də uzanır. Elə buna görə də hər dəfə karta gediş üçün vəsait ödəməyə xeyli vaxt gedir.
Bəzi hallarda bütün dayanacaqlarda belə aparatlar olmadığından digər dayanacağa qədər piyada getməkdən başqa əlacımız qalmır. Ən yaxşı halda digər sərnişindən əvəzimizdən ödəniş etməsini xahiş edib onun lütfkarlığına sığınmalı oluruq. Dayanacaqdakı aparatlarda texniki problem yarandıqda isə vəziyyət daha da qəlizləşir. Metropolitendə belə aparatların sayı çox olsa da, avtobus dayanacaqlarında onların sayı 1-dən çox deyil. Bəzi dayanacaqlarda quraşdırılan MilliÖn aparatlarının dəstəyi də yetərli deyil.
Şəhər nəqliyyatında nağdsız ödənişə keçilməsi təqdirəlayiqdir. Əhali demək olar ki, bu sistemə tam öyrəşib. Bunun üçün müəyyən qədər infrastruktur da qurulub. Ancaq bu infrastruktur köhnəldikcə, daha çox yatırım tələb edəcək. Bir dayanacaqda aparatın bir neçə saat işləməməsi sərnişinlərin işini çətinləşdirir. Xarici ölkələrdə də dayanacaqlarda adətən 1-2 aparat quraşdırılır. Ancaq orada bizdəki kimi növbələr yoxdur.
İqtisadçı Samir Əliyevin sözlərinə görə, xarici ölkələrdə differensial tarif sistemi tətbiq edilir. Adətən tarif bir gedişlik, günlük, həftəlik, aylıq, hətta illik olur. Gediş sayı artdıqca, bir gedişin dəyəri də aşağı düşür: "Məsələn, bir gedişin haqqı 1 avrodursa, aylıq ödəniş zamanı tarif aşağı düşür və bir gediş haqqı təxminən 50 sentə qədər ucuzlaşır. Burda əhali qazanır ki, xərcləri azalır və aparatların qarşısında vaxt itirmirlər. Nəqliyyat şirkətlərinin qazancı isə qısa müddətdə böyük məbləğdə birdəfəlik vəsait etmələri olur. Azərbaycanda da nəhayət ki, sərnişindaşımada differensial tarif sisteminə keçilməlidir. Əgər birdəfəlik gediş haqqı 20 qəpikdirsə, niyə aylıq gediş 15 qəpiyə olmasın?”.
Ölkəmizin differensial tarif sisteminə keçməsinin nə dərəcədə real olması düşündürücü haldır. Maraqlıdır, yaxın zaman ərzində bu sistemin bərpası mümkün ola bilərmi?
S.Əliyevin təklifinin müsbət olduğunu deyən iqtisadçı-ekspert Natiq Cəfərli "Şərq”ə bildirib ki, differensial tarif sistemi bir çox xarici ölkələrdə çoxdan tətbiq olunmuş və özünü doğrultmuş bir sistemdir. Hətta başqa tariflər, məsələn, tələbə tarifləri də var. Ekspert bildirib ki, Avropanın istənilən ölkəsində tələbələr illik kart sifariş etdikdə gediş haqqı normal qiymətdən az qala 3-4 dəfə aşağı olur və tələbələrə ciddi güzəştlər edilir: "Bəzi ölkələr var ki, bir nəqliyyat vasitəsinə bilet aldıqda, həmin biletdən 3 saat ərzində istənilən nəqliyyatda istifadə etmək mümkündür. Bu da insanlara sərf edir. Bizdə elədir ki, çox zaman birbaşa evdən işə, işdən evə gəlmək mümkün olmur və insanlar bir neçə dəfə marşrut dəyişməli olurlar. Yəni avtobusdan düşüb metroya, metrodan düşüb yenidən avtobusa minməli olurlar və bu, əlavə xərc, maliyyə yükü gətirir. Ona görə də belə bir tarif sisteminə keçmək təbii ki, çox yaxşı olardı”.
N.Cəfərlinin sözlərinə görə, nəqliyyatın idarə olunmasında mərkəzləşdirilmiş yanaşmadan çox uyğunlaşdırılmış yanaşma olmalıdır. Yəni, özəl sektorun iştirakı, bələdiyyələrin səlahiyyətinin artırılması, bələdiyyələrlə özəl sektorun birgə layihələrinin həyata keçirilməsi ola bilər:
"Necə ki, bunu Türkiyə ərazisində çox görürük. Orda bütün nəqliyyat sistemi böyük şəhər bələdiyyələrinin balansındadır və özəl sektorla çox yaxşı layihələr həyata keçirirlər. Azərbaycanda isə sırf mərkəzləşdirilmiş sistemdir. Birdən-birə bunu yaymaq mümkün olmasa da, bəzi çətinliklər olsa da, ən azından mərkəzləşdirilmiş qərarlarla bunu etmək olar. Məsələn, vətəndaşlara eyni biletdən bir neçə dəfə istifadə etmək hüququ vermək, aylıq və ya illik kart alınırsa, qiymətləri çox ucuz etmək lazımdır. Fikrimcə, bütün bunların tətbiqi həm vətəndaşlar, həm də nəqliyyat sektoru üçün daha yaxşı olar. Şəffaflıq artar, həm də birdən-birə gəlirlərin artması müşahidə olunar. Bizdə düşünürlər ki, qiymətdə endirim etsələr, nəqliyyat sistemi ziyanla işləyəcək.
Əslində isə bu belə deyil. Məsələn, yaxşı tariflər tətbiq olunub aylıq və ya illik abunəçilik sisteminə keçirilsə və daha ucuz tariflər tətbiq olunsa, insanlar birdən-birə böyük ödənişlər edərək kartları əldə edə bilərlər. Beləliklə, nəqliyyat şirkətləri əldə etdikləri vəsaiti daha rasional xərcləyə bilərlər. Çox pul gəldikdə kreditlərini bağlaya, yeni avtobuslar ala bilərlər. Əslində bu tarif sisteminin üstünlükləri daha çoxdur. Düşünürəm ki, bu təklifi mərkəzləşdirilmiş qaydada dəyərləndirib yaxşı bir sistem qurmaq olar”.
Yeganə Bayramova