Dekabrda dizel yanacağının qiyməti bahalaşa bilər - Ehtimal yüksəkdir





"Dizel yanacağının qiymətinin bahalaşması ehtimalı yüksəkdir”.

Bunu Sherg.az-a iqtisadçı, ekspert Natiq Cəfərli deyib. 

O bildirib ki, dizel yanacağı ilə 92 markalı benzinin qiymət fərqi kifayət qədər artıb:

"Dizel yanacağı ilə qiymət fərqinin olması nadir hallarda görünən məsələdir. Ona görə, ola bilər ki, qiymət artsın. Lakin yaxın gələcəkdə bunun baş verəcəyini düşünmürəm. Çünki kənd təsərrüfatı sahəsinin inkişafı üçün həyata keçirilən proqramlar var və bu sahədə əsas yanacaq növü dizel yanacağıdır. Hazırda məhsul toplanması dövrüdür, payız aylarında isə məhsul yığımı olacaq. Güman ki, dizel yanacağının qiymət artımının aktuallaşması dekabr ayında baş verəcək. 2017-ci il üçün kənd təsərrüfatı mövsümü bitdikdən sonra bahalaşma ola bilər.

Kənd təsərrüfatında istifadə olunan dizel yanacağı kənd təsərrüfatı məhsullarının istehsalında maya dəyərinin çox hissəsini təşkil edir. Yanacağın bahalaşması məhsulların qiymətlərinə təsir göstərməklə yanaşı Azərbaycan bazarlarında rəqabət qabiliyyətini də aşağı sala bilər. Ona görə ilin sonu üçün belə qərar verilsə, gələn il yeni mövsümdən kənd təsərrüfatı məhsullarının qiymətində ciddi artım olacaq”.

Aysel Aslan