Heç bir quruma imtahansız işə qəbul olmur
“İşə düzələcəyinə inanıb sonuncu qəpiyinə qədər evdə olan mal-mülkünü işbazlara verən insanlar var”
İşə düzəltmək adı ilə vətəndaşları aldadan dələduzların əməlləri haqda danışan SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov onları dələduzların toruna düşməməyə çağırıb. Bu mövzuda özünün və İnsan Resursları Departamentinin rəisi Asif Bəkirlinin dəfələrlə mətbuatda və sosial şəbəkələrdə bilgi verməsinə baxmayaraq, hələ də bəzi insanların digər aldananların acı təcrübələrindən dərs almadıqlarını qeyd edib: "Bir daha vurğulayıram: SOCAR-da işə qəbul olunmaq üçün heç bir vasitə, qohum axtarmaq, tanış tapmaq lazım deyil.
Yetər ki, elan olunmuş vakansiya şərtlərinə uyğun biliyin, bacarığın olsun və müsahibə zamanı bildiyini tam təqdim edə biləsən. Bu qədər sadə, bu qədər asan və tam şəffaf....
Amma hardansa bir dələduzu tapıb, onun şirin dilinə aldanıb, varını-yoxunu verəsən ona ki, SOCAR-a işə düzələcəyəm... Bu mümkün deyil və heç də olmur. Sonra da şikayətlənirlər ki, "aldanmışam, evimi yıxmışam, borc almışam...”. Daha nələr, nələr... ürək ağrısız oxumaq olmur... Əlbəttə, aidiyyəti üzrə həmin məktubları hüquq-mühafizə orqanlarına göndəririk. Çox vaxt dələduzlar məsuliyyətə cəlb olunur... Amma zərər çəkmiş insanların haqları qaytarılırmı? Bəs əsəb gərginliyi, itirilmiş vaxt, vəsait, nüfuz... Hələ öz məqsədlərinə çatmaq üçün bu dələduzlar həyasızcasına təmiz, vicdanlı, zəhmətkeş və ictimaiyyətdə nüfuz sahibi olan vəzifəli şəxslərin adına xələl gətirəcək yollara da əl atırlar... İnsanları aldatmaq üçün filankəsin qohumuyam, filankəsin qonşusuyam, filan vəzifəli şəxsin kəndçisiyəm deyirlər... Yalana inanmazdan qabaq soruşan yoxdur ki, sən o filankəsin vasitəsi ilə bir adamı işə düzəldə bilmisən?.. Odur ki, aldadan cinayət törədir, aldanan da günahsız deyil...”.
Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyevin sözlərinə görə, ayrı-ayrı vəzifəli şəxslərin adından istifadə edən "işbazlar” vətəndaşları aldadıb külli miqdarda vəsitələrini aldıqdan sonra qeybə çəkilirlər. O, bu yaxınlarda SOCAR-ın vitse-prezidentinin adından da sui-istifadə halının müşahidə olunduğunu və məhkəmə prosesinin hələ də davam etdiyini deyib.
Ə.Nuriyevin sözlərinə görə, dələduzluqla məşğul olan şəxslər daha çox yüksək əməkhaqqı verən, prestijli qurumların məsul şəxslərinin adından istifadə edirlər:
"Vətəndaşlar da təklif olunan iş yerinin adından şirnikləşir və işbazların toruna düşürlər. Dələduzlar isə həm peşəkar olur, həm də insan psixologiyasını çox gözəl bildiklərindən insanları asanlıqla aldada bilirlər. Həm də ki, onlar bahalı maşınları, marka geyimləri, əllərindəki telefon vasitəsilə insanların diqqətini cəlb edib, vəzifəli şəxs imitasiyası yaradırlar. Bu şəxslərin dərhal məsuliyyətə cəlb olunması istiqamətində Baş prokurorlar və Korrupsiyaya qarşı mübarizə İdarəsi müəyyən addımlar atırlar. Bu cür fırıldaq halları həm işəgötürmə, həm də mənzillərin satışı zamanı müşahidə olunur”.
Fond prezidentinin sözlərinə görə, vətəndaşlar ayrı-ayrı dövlət qurumlarının işə qəbul prosesi ilə maraqlanmalı və bilməlidirlər ki, heç bir quruma imtahansız işə qəbul olmur:
"Vətəndaş cəmiyyətlərinə müraciət etmək və hüquqi cəhətdən maariflənmək lazımdır. Vakansiya elan edən qurumların özlərinin "qaynar xətt”ləri var. Həmin nömrələr zəng edib, iş yerləri və işəgötürmə qaydaları ilə maraqlanmaq lazımdır. Əgər kimsə iddia edirsə, pulla, tanışlıqla SOCAR-a və digər dövlət qurumlarına işə qəbul mümkündür, bilin ki, həmin adam dələduzluqla məşğuldur. Vətəndaşların bilgisizliyindən istifadə edən insanları ifşa edərək hüquq-mühafizə orqanlarına şikayət etmək lazımdır. Həmin fırıldaqçı haqqında əlində olan bütün məlumatları KİV-ə ötürməklə onun başqa şəxsləri tələyə salmasının qarşısını ala bilər. İşə düzələcəyinə inanıb sonuncu qəpiyinə qədər evdə olan mal-mülkünü işbazlara verən insanlar var”.
Şəymən