Deputatların fikri haçalandı

Aqil Abbas: " Tək oğulların əsgərliyə getməsi mümkündür, amma..."Araz Əlizadə: "Ananın yeganə oğlunu əlindən almaq olmaz"
Goranboyda "N” saylı hərbi hissənin əsgəri, ailənin tək övladı Nadir Süleymanovun vəfatı tək oğulların əsgərliyə çağırılmaması məsələsini növbəti dəfə gündəmə gətirib. 
Belə ki, bu hadisəni bir ailə faciəsi adlandıran millət vəkili Zahid Oruc qeyd edib ki, tək oğullar aralıq dövrdə ön cəbhədə xidmətdən kənarda tutulsun.
Millət vəkili Aqil Abbas da Sherg.az-a açıqlamasında bildirib ki, tək oğulların əsgərliyə getməsi mümkündür, amma onlar döyüş bölgələrinə, səngərlərə göndərilməli deyillər : 
" Bu məsələ Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsində dəfələrlə müzakirə olunub. Deyim ki, tək uşağı hərbi xidmətə aparmamaq da düzgün deyil. Çünki əsgəri xidmətə getməyən gənc sabah dövlət işlərində çalışa bilməz, məmur ola bilməz. Halbuki məmur olmaq onun da haqqıdır. Məsələni başqa cür qoymaq lazımdır. Yəni tək oğullar döyüş bölgələrinə göndərilməməlidir. Onlar arxa cəbhədə xidmət etsələr, daha yaxşı olar".
Bununla yanaşı, A. Abbas diqqətə çatdırıb ki, ata-anası ağır xəstə olan tək övlada əsgəri xidmətdən möhlət verilməlidir: 
" Yaxud da belə durumda olanlar hərbi xidmətə cəlb olunmamalıdırlar. Onu da, əsgərliyə aparsalar ailəsinə kim baxacaq? Eyni zamanda bu variantda mümkündür ki, dövlət onu əsgərliyə aparandan sonra ailəsinə yardım göstərə bilər. Oğul əsgərlikdən qayıdıb gələnə qədər, dövlət həmin ailənin minumum yaşayışını təmin etsin. Fikirlərim bu qədər".
Digər parlament üzvü Araz Əlizadə isə A. Abbasdan fərqli düşünür. O, hesab edir ki, tək övladların hərbi xidmətə cəlb olunması insani cəhətdən doğru deyil:
"Məncə, belə ailələrə güzəştlər olmalıdır. Ananın yeganə oğlunu əlindən almaq olmaz. Burada bir incə məqam da odur ki, həmin gənc oğlanın sağlam atası və bacısı varsa, xidmətə çağrıla bilər. Amma o gənc ərsiz ananın yeganə övladıdırsa, xidmətə aparılmamalıdır".
Ayyət Əhməd