"Donald Tramp prezident kürsüsünə əyləşmədən də bəlli idi ki, ABŞ-ın siyasətini müəyyən edən institutlar heç vaxt Rusiya, Şimali Koreya, İran, Suriya və digər ölkələrlə bağlı barışıq mövqeyinə gəlməyəcəklər”.
Bunu Sherg.az-a ABŞ Konqresinin Nümayəndələr Palatasının Rusiya, İran və Şimali Koreya əleyhinə sanksiyalar üzrə qanun layihəsi qəbul etməsinə münasibət bildirərkən politoloq Tofiq Abbasov deyib.
O bildirib ki, qarşıdurmaya meylli Senat, Konqres, Pentaqon, ümumiyyətlə, gözə görünməyən dairələr üçün barışıq mövqeyi, konsensus axtarışı qətiyyən uyğun deyil:
"Bu, onların gözləntilərinə və hədəflərinə cavab vermir. Çünki Amerika dünyanın ən qüdrətli məmləkəti olaraq istəmir ki, dünyanın hər hansı nöqtəsində onun sözünün üzərinə söz deyən olmasın. Bu dövlətlərin öz mövqeləri var. ABŞ-ın siyasəti Yaxın və Uzaq Şərqdə, postsovet məkanında xeyli sayda suallar doğurur. Yeltsin dövründə, görün, Amerikanın ona nə böyük rəğbəti var. Onlar hesab edirdilər ki, Boris Yeltsin əsl Rusiyasayağı demokratiyanı tərənnüm edən siyasi xadimdir. Onun hakimiyyətindən sonra guya Rusiyanın demokratiyası böyük suallar doğurur.
Amerikanlar ona görə belə fikirdə idilər ki, Rusiya Federasiyası yeni dövlət kimi özünün siyasətini formalaşdırır. Deməli, onun xarici siyasət bölümü yox dərəcəsində idi. Həmin dövrdə Rusiya xarici işlər naziri Qərbin istədiyi bütün məqamlara müsbət cavab verirdi. Bu səbəbdən həmin nazirin adını "mister Bəli” qoymuşdular.
Vladimir Putin gələndən sonra Rusiyanın siyasəti formalaşmağa başladı. Xarici siyasət səviyyəsində bu dövlətin yeni konsepsiyası peyda oldu. Bu dövlət tək özünün milli sərhədlərində durmur, artıq dünya proseslərində mövqelərini sərgiləməyə başlayır. Nəticədə, yaranmış vəziyyət Amerikanın qətiyyən ürəyincə deyil.
Bu baxımdan, Şimali Koreya, İran kimi dövlətlər Amerika nə deyir desin öz işindədir və Qərbin dağıdıcı xəttini pisləyir. İran deyir ki, müharibə də olsa biz buna gedəcəyik, lakin Amerikanın bir də İrana qayıdışına imkan verməyəcəyik. Amerika İranda da, Yaxın Şərqdə də çox təhlükəli xətt yürüdür, dağıdıcı potensialı göz önündədir”.
Politoloq bildirib ki, ABŞ qarşısına mövqe qoyan dövlətləri bəyənmir, düşmən adlandırır:
"Lakin bir tərəfdən qıcığın artması, gərginliyin gündən-günə güclənməsi imkan verir ki, ilk olaraq silah-sursat istehsalında geniş sifarişlər versinlər. Yeni silah növlərini sınaqdan keçirsinlər. Real müttəfiqlərlə bərabər rəqibləri qorxutsunlar və öz hegemonluqlarını təsdiqləsinlər.
Məsələn, Kuba kiçik bir dövlət olsa da, ABŞ onu sanksiyalarla sındıra bilmədi. Eləcə də İranı və Rusiyanı sındıra bilmir. Xüsusilə Rusiya fövqəl dövlətdir, böyük nüvə potensialı var və bilirlər ki, dərinə getsələr Rusiya Amerikanın cavabını verəcək, geri çəkilməyəcək. Rusiyanın daxildə problemləri çox olsa belə, xaricdə mövqeyinin güclənməsi şübhə doğurmur. Ona görə, Tramp Amerika siyasətini müəyyən edəsi şəxs deyil. Onun son addımları da göstərdi ki, istər-istəməz əsas institutların sözünü eşitməlidir. Bu, təkbaşına ABŞ-ın dünya okeanında kursunu dəyişə bilməz”.
Qeyd edək ki, sənədi 419 konqresmen dəstəkləyib, 3 nəfər əleyhinə səs verib. Hazırda Palatanın 435 səsvermə hüququna malik üzvü var.
Səsvermənin nəticələri onu göstərir ki, prezident sənədi imzalamaqdan imtina edəcəyi təqdirdə (Senatın təsdiqindən sonra), Palata ölkə başçısının vetosunu qüvvədən salmaq iqtidarında olacaq.
Aysel Aslan