Dil dövlət atributudur, onunla zarafat etmək olmaz

Dəyişikliklər istəklərlə bağlı deyil, qaydalarla, prinsiplərlə bağlıdır





Nəsimi adına Dilçilik İnstitutunda "Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin hazırlanması ilə bağlı İşçi qrupu yaradılıb. İşçi qrupu tərəfindən köhnə lüğətlərdə yer almış lüzumsuz, şübhə doğuran sözlər haqda təkliflər hazırlanıb.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu bildirib ki, orfoqrafiya lüğətinin 2013-2014-cü illərdəki nəşrlərinə 36 bənddən ibarət orfoqrafiya qaydaları daxil edilib: "Bizim tərəfimizdən 62 bəndlik yeni və izahedici orfoqrafiya qaydaları ilə bağlı layihə hazırlanıb”.

İnstitut direktoru orfoqrafiya lüğətində nəzərdə tutulan bəzi yenilikləri açıqlayıb: "Türkiyədə sözlər deyildiyi kimi yazılır. Ona görə də biz fonetik prinsipə əsaslanmalıyıq. İki "yy” ilə yazılan sözlərlə bağlı təklif edirik ki, onlar bir "y” ilə yazılsın. Eyni zamanda alınma dildə qoşa "ss” ilə bitən sözlərin bir "s” ilə yazılması təklif olunur”.

Qeyd edək ki, Dilçilik İnstitutunun bu təklifi bir çox şəxslər tərəfindən birmənalı qarşılanmayıb. Hesab edirlər ki, hazırkı yazılış forması psixolinqvistik aktın fonetik səviyyədə reallaşmasıdır. Dilimizin məna ifadə edən bu səs zənginliyindən vaz keçmək olarmı?!

Məsələ ilə bağlı danışan türkoloq-alim, filologiya elmləri doktoru, Azərbaycanın sabiq təhsil naziri Firudin Cəlilov isə hesab edir ki, hər 20-30 ildən bir orfoqrafik problemlər mütləq həll edilməlidir”.

AMEA-nın Dilçilik İnstitutunun tərkibində dil məsələlərinə baxan Toponimlər şöbəsinin fəaliyyət göstərdiyini qeyd edən F.Cəlilov hesab edir ki, onların icazəsi olmadan bir sözün yazılışını heç kim müəyyən edə bilməz: 

"Bu, dövlət məsələsidir. Dil bu səviyyədə qorunmalıdır. Akademiyanın buraxdığı orfoqrafiya lüğəti yarıtmazdır. Dil inkişaf edib, orfoqrafiya isə dilin inkişafı ilə ayaqlaşmalıdır. Son 20-30 ildə yaranmış fərqlərin üzərində işləmək lazımdır.

Hər zaman təklif edirəm ki, alimlər yığışıb müzakirə etməli, müəyyən islahat aparmalıdır. Məsələn, dildə işlənən bəzi sözlərdə qoşa "y” hərfi olan sözlər bir "y” ilə yazıla bilər. Ədəbiyyat və mədəniyyət sözləri bir "y” hərfi ilə yazıla bilər. Belə hallar çoxdur. Bunlar həll edildikdən sonra orfoqrafiya lüğəti yenidən hazırlanmalıdır”.


Şəymən