" Hamı 4-5-ci siniflərdən qəbul imtahanına hazırlaşır. Müəllimlər dərslikləri kənara qoyub, test işlədir, bu düzgün deyil"
"DİM bütün test bazasını dəyişməlidir" - Müsahibə
Rafiq İsmayılov:"Abituriyent buraxılış imtahanında qəbul səviyyəsində suallarla qarşılaşmamalıdır"
" Hamı 4-5-ci siniflərdən qəbul imtahanına hazırlaşır. Müəllimlər dərslikləri kənara qoyub, test işlədir, bu düzgün deyil"
" Hamı 4-5-ci siniflərdən qəbul imtahanına hazırlaşır. Müəllimlər dərslikləri kənara qoyub, test işlədir, bu düzgün deyil"
"Repetitorluq institutu kütləvi imtahan olduğu müddətcə qalacaq"
"Ali məktəblərə uşaqların sayına görə vəsaitlər ayrılacaq"
"Xarici ölkələrdə biznesmenlər məktəblərə, təhsilə qayğı göstərir və həmin iş adamlarının vergi öhdəliyi azalır"
Filologiya üzrə fəlsəfə doktoru, tanınmış naşir, təhsil eksperti Rafiq İsmayılov "Sherg.az”a müsahibə verib. Ekspertlə yeni müəyyənləşdirilmiş ali məktəblərə qəbul qaydaları, orta məktəblərin təhsil problemləri, repetitorluq və ümumi təhsil çatışmazlıqları barədə geniş söhbət apardıq.
"Sherg.az” müsahibəni təqdim edir:
- Yeni qaydalara əsasən, ali məktəblərə qəbul buraxılış və qəbul imtahanlarının nəticəsinə uyğun aparılacaq. Maksimum 300 bal buraxılış imtahanından 400 bal isə qəbul imtahanından taplanıla bilər. Üstəlik qəbul imtahanları iki dəfə, buraxılış isə bir dəfə aparılacaq. Bu yeniliyi necə qiymətləndirirsiniz?
- Dövlət İmtahan Mərkəzi (DİM) qərarları birdən-birə qəbul etmir. Çoxlu araşdırmalar aparılır, dünya təcrübəsi öyrənilir və s. Burada mənfi və müsbət tərəflərə baxmaq lazımdır. Əslində ideal imtahan sistemi olmur. Bir neçə dəfə imtahan keçirilməsinin mənfi cəhəti odur ki, abituriyentlər stressə düşə bilər.
- Nəzərəçarpan dəyişikliklərdən biri də odur ki, birinci dəfə qəbul imtahanından lazımi nəticə əldə edə bilməyən abituriyent ikinci imatahanda qrupunu dəyişə bilər Yəni birinci dəfə 3-cü qrup üzrə imtahan verən şəxs ikinci imtahanda 4 -cü və ya digər qrupları seçə bilər. Sizcə, bu hal abituriyentlərdə bir çaşqınlıq yarada bilərmi?
-Əvvəlcə, buraxılış, sonra iki dəfə qəbul imtahanları, uğurlu olmasa, qrupu başqa qrupa dəyişmək stress yüküdür. Digər tərəfdən isə, bunun müsbət tərəflərini də qeyd etməliyik. Əslində buraxılış imtahanının qəbulda nəzərə alınması yaxşıdır.O la bilər ki, tələbə buraxılış imtahanında uğurlu, qəbulda zəif nəticə göstərsin. Bir neçə dəfə imtahan verdikdə isə əsl bilik üzə çıxır.
Burada əsas məsələ buraxılış və qəbul imtahanlarının məzmun cəhətdən necə keçirilməsidir. Bu, qaranlıq qalır. Mən Azərbaycan dili üzrə mütəxəssisəm. Deyə bilərəm ki, buraxılış imtahanlarında bu fəndən daha çox həyati biliklərə, uşaqların nitq mədəniyyətinə, yazı qabiliyyətinə üstünlük verilməlidir. Qəbul imtahanında isə, dili elm kimi yoxlamağa çalışmaq lazımdır. Riyaziyyat və digər fənlər də bu şəkildə yoxlanılmalıdır.
Beləliklə, abituriyent buraxılış imtahanında qəbul səviyyəsində suallarla qarşılaşmamalıdır. Güman edirəm ki, DİM bunu nəzərə alacaq.
- Ana dilinin cəmi iki ixtisas qrupunda saxlanmasının mənfi təsirləri ola bilərmi?
- Buraxılış imtahanlarında ana dili saxlanıb və bu nəticələr nəzərə alınır. Ali məktəbə can atan şagird hazırlaşıb, bu fənni yaxşı öyrənəcək. Qeyd etdiyim kimi, əsas 3-cü qrupda imtahan verərkən Azərbaycan dili üzrə daha yüksək səviyyədə imtahan götürülməlidir. Buraxılış imtahanında abituriyentlər bütün dil kursunu mükəmməl öyrənməyə məcbur deyillər. Yetər ki, savadlı yazı, nitq bacarıqlarına yiyələnmiş olsunlar.
- Qəbul fənlərinin azaldılması, universitetlərin daxilində hazırlıq kurslarının təşkili, orta məktəblərdə bu prosesin planlaşdırılması cəmiyyətdə "repetitorluğa qarşı mübarizə aparılır” fikri oyatdı. Həqiqətən, repetirorluğun aradan qaldırılması mümkündürmü?
- Repetitorluq institutu kütləvi imtahan olduğu müddətcə qalacaq. İstər gizli, istərsə də aşkar şəkildə onlar fəaliyyət göstərəcək. Türkiyədə, elə öz ölkəmizdə də uzun müddətdir ki, aşkar şəkildə repetitorluq var. Məsələ odur ki, repetitorluq şəraitində öyrədilən biliklər, məktəbdəki tədrisi əvəz etməməlidir. Məktəb uşaqlara biliklə bərabər tərbiyə də verir. Repetitorlar isə yalnız bilik öyrədir. Bu, uşaqlarımızı həyata hazırlamaq məqsədimizə uyğun gəlmir.
Yüksək nəticə göstərmək istəyən şagirdlər mütləq fərdi müəllim yanına gedəcək. Fənlərin azaldılmasının repetitorluğa heç bir təsiri yoxdur.
Qarşısını almalı olduğumuz məsələ qəbul imtahanlarına köklənməkdir. Az qala hamı 4-5-ci siniflərdən qəbul imtahanına hazırlaşır. Müəllimlər bütün dərslikləri kənara qoyur, uşaqlara tələbə qəbulu vəsaitlərini keçir, testlər işlədir. Bu, düzgün deyil.
10-11-ci siniflərdə müəllim yanına gedib, imtahana hazırlaşmaq təbii haldır. Bunun qarşını almaq mümkün deyil.
- Orta məktəblərin maliyyə müstəqilliyinə keçməsi ilə bağlı fikirlər səsləndirildi. Yaxın bir neçə ildə bu strategiyanın həyata keçirilməsi gözlənilir. Bunun müsbət effekti olacaqmı ?
- Əvvəl universitetlər dövlət tərəfindən maliyyələşirdi. İndi isə belə deyil. Məlumatıma görə, uşaqların sayına görə vəsaitlər ayrılacaq. Məsələn, universitetdə təhsil alan hər uşağa dövlət tərəfindən müəyyən qədər pul ayrılır, ümumi büdcə belə müəyyənləşdirilir. Valideyn öz uşağını özəl məktəbə aparmaq istəsə, dövlət tərəfindən verilən təhsil vəsaiti ilə başqa məktəbə müraciət edə bilər. Bir çox Qərb ölkələrində olduğu kimi şagird başına təhsil haqqı ödənilməsi təklif edilir. Bunu alqışlayıram. Çünki məktəb çalışacaq uşaqları cəlb etsin, yaxşı fəaliyyət göstərsin.
Dünya məktəbləri çalışır fondlar hesabına vəsait cəlb etsin. Müxtəlif tədbirlər, qrand layihələr, uşaqların olimpiada göstəriciləri sayəsində öz maddi-texniki bazalarını yüksəltməyə çalışırlar. Bizdə valideynlərdən pul alınmasını rüşvət kimi qəbul edirlər. Lakin xaricdə imkanlı valideynlər övladlarının oxuduğu məktəbə dəstək göstərə bilər. Məsələn, bayram günlərində hər bir məktəbdən məzunlara təbrik açıqcası göndərilir. Həmin məzun isə açıqcanın içərisinə müəyyən qədər bəxşiş qoyub, geri qaytarır. Bu, xaricdə qəbul olunmuş stereotipdir.
Xarici ölkələrdə məktəblərə, təhsilə qayğı göstərən biznesmenlərin vergi öhdəliyi azalır. Tutaq ki, valideyn övladını başqa ölkəyə olimpiadaya, hansısa bilik yarışına göndərir. Dövlət bunun üçün ona pul ayırmır. Lakin valideyn bir xeyriyyəçi biznesmenə müraciət edib, maddi kömək istəyə bilər. Bu baxımdan, təhsilə göstərilən hər bir diqqət qiymətləndirilir.
- Kurikulum sistemi tətbiq edildiyi üçün ali məktəblərə qəbul qaydaları 2019-cu ildən bu sistemə uyğunlaşdırılır. Maraqlıdır, kurikulum sistemi ilə təhsil almamış əvvəlki illərin məzunlarına yeni qaydalar şamil olunacaqmı, yoxsa...
- DİM-in konkret hansı şərtlər irəli sürəcəyini deyə bilmərəm. Ola bilər ki, əvvəlki illərin məzunlarına yeni qaydalar şamil edilməsin. Lakin fikrimcə, qəbul qaydaları dəyişdirilibsə, DİM iki sistemlə işləyə bilməz. Yeni qaydalara uyğun olaraq onun bütün test bazası dəyişməlidir. Fərqi yoxdur, 2-3 il əvvəl bitirmiş məzunlar da yeni sistemlə imtahan verməlidir. Bunun üçünsə, şərait yaradılmalı, hazırlıq kursları keçirilməlidir. 1 il ərzində məzunlar bunu çatdırıb, hazırlaşa biləcəkmi ? Bunu demək çətindir. İstənilən halda iki sistem üzrə qəbul imtahanlarının keçirilməsinin məqsədəuyğun olduğunu güman etmirəm. Keçid baş tutubsa, hər kəsə qaydalar eyni olmalıdır.
Bu ilin 9-cu sinif imtahanları göstərdi ki, açıq tipli sualların, mətnlərin yoxlanması çox uzun çəkir. Çünki insanlar bunu yoxlamalıdır. Burada isə tam obyektivliyi təmin etmək çətin olur. Ona görə, cavabların çıxması hətta aylarla çəkir.
- Təhsildə hansı problemlər hələ də həllini tapmayıb?
- İngilislər deyir, mən təhsilə inanmıram, imtahana inanıram. İnsanlar oxuyurlar ki, imtahan verib, diplom əldə etsinlər. Bu, kütləvidir. Çox az adam həqiqi təhsil alıb, həyatda yerini tutmağı düşünür.
Təhsildə olan bütün problemlərin kökü orta məktəblərdən başlayır. Müəllimlərin yeni təhsil sistemini mənimsəmək, tədris etmək baxımından hazırlığı qənaətbəxş deyil. Belə halda imtahan da təhsilə adekvat olmalıdır. İmtahan Mərkəzi verilən təhsilə uyğun qaydalar tətbiq etməlidir. Hələ ki yeni təhsil sisteminə keçə bilməmişik. Bu prosesdə böyük problemlər var. Əvvəllər orta məktəbdə tam olaraq elmə köklənmişdi. Kurikulum sistemi isə bir qədər elmin dairəsini məhdudlaşdırır, həyati biliklərə söykənir. Əslində bu, ziyanlı deyil. Sadəcə lazımi biliklər öyrədib, bunu praktikaya çevirməyi qarşısına məqsəd qoyur. Qaydalar əzbərlədilir, uşaqlar testləri nəzəri cəhətdən həll edir. Lakin biliklərin təcrübədə tətbiqinə gəldikdə problemlər yaşanırdı. Məsələn, uşaqlar dil qaydalarını əzbərləyir, çox yaxşı bilirlər. Amma baxın, o uşaqlar adını yaza bilirmi? Savadlı yazıb, normal dinləmək, nitq qabiliyyəti formalaşıbmı? Dil qaydaları, qrammatika hələ də uşaqlara sxolastik şəkildə öyrədilir.
Sözsüz ki, imtahan sistemi nə qədər möhkəm olarsa, tədrisə köməkdir. Ancaq ki, yalnız bununla təhsilin səviyyəsi məhdudlaşmamalıdır.
Aysel Aslan