DİQQƏT: "Ölkədə kriminal qrupların sayı kifayət qədər çoxalıb" - TƏHLÜKƏ

İlqar Altay:"Diqqət etsək görərik, həmin o 99 cinayətkar qrupun əksəriyyəti hansısa yolla maddi mənimsəmə, oğurluq, quldurluq, reketçilik, soyğunçuluq üzrə fəaliyyət göstərib""Dövlət, cəmiyyət, sahibkarlar, hamı izafi xərclərin qarşısını almağa başlayıb. Bu səbəbdən hazıra nazir gənc, indi özü kimilərlə mütəşəkkil dəstə təşkil edib, ağır qanunsuzluq əməlləri ilə bunu etməyə məcburdur
"Daxili İşlər Nazirliyinin belə yüksək göstəricilərlə cinayəkarlıqla mübarizə aparması, il ərzində 99 cinayətkar qrup zərəsizləşdirməsi müsbət haldır”.
Bunu "Sherg.az”a Bakıda bu ilin 9 ayı ərzində qeydə alınan cinayətlərin statistikasından danışarkən ekspert-kriminalist İlqar Altay deyib. 
O bildirib ki, bu əməliyyatlar ölkədə ictimai asayişin və təhlükəsizliyin qorunması üçün göstərilən əməli fəaliyyətin nəticəsidir:
"Amma, rəqəmlər ölkədə belə kriminal qrupların kifayət qədər çox olmasını da ortaya qoyur. Söhbət bu təhlükəli artımın qarşısının alınmasından gedirsə, o zaman məsələyə bir qədər elmi əsaslı və sistemli yanaşılmalıdır. Yəni bu nəticədən də əvvəl problemi yaradan səbəb axtarılmalı, zərərsizləşdirilməlidir. Cinayətlər, cinayətkar qruplar nəticədir, onları yaradan səbəb - mühit, şərait nədir, o araşdırılıb tapılmalıdır.
Təbii ki, bütün ölkələrdə olduğu kimi bizdə də bunu araşdıran mərkəzlər fəaliyyət göstərir. Bu işlə kriminoloqlar, kriminologiya elmi məşğul olur. Cinayət hadisələrinin yaranma səbəbini araşdıran elm kriminologiyadır. Bunu çox vaxt kriminalistika ilə qarışdırırlar, hansı ki, baş vermiş cinayətin özünü araşdırır. Kriminoloqlar müəyyən bir dövr ərzində baş vermiş cinayət artımını nəzarətə götürür və onları yaradan səbəbləri dəqiq araşdırıb, aradan qaldırma yollarını göstərməklə operativ orqanlara təqdim edirlər. Yəni bu hüquq-mühafizə orqanları üçün cinayətkarlıqla mübarizə sahəsində beyin sistemidir”.
99 cinayətkar qrupun yaranmasının tutarlı səbəbi olmasını vurğulayan İ.Altayın sözlərinə görə, bir neçə səbəbin üst-üstə düşməsi ilə təhlükəli nəticə yarana bilər:
"İlk səbəb ölkədəki iqtisadi böhrandır. Çünki baş vermiş cinayətlərin əksəriyyəti iqtisadi maddiyyat səbəb motivi üzərindədir. Diqqət etsək görərik, həmin o 99 cinayətkar qrupun əksəriyyəti hansısa yolla maddi mənimsəmə, oğurluq, quldurluq, reketçilik, soyğunçuluq üzrə fəaliyyət göstərib. Əvvəllər ortada, dövriyyədə çoxlu pul var idi, onu digər rahat yollarla əldə etmək mümkün idi. İndi artıq maddi böhran başlayıb. Dövlət, cəmiyyət, sahibkarlar, hamı pulunu saymağa, izafi xərcləməməyə, əlavə yərə axıb getməyin qarşısını almağa başlayıb. Bu səbəbdən, əvvəl rahat oturub asan pul əldə edən, ya tələb edən hazıra nazir gənc, indi özü kimilərlə mütəşəkkil dəstə təşkil edib, ağır qanunsuzluq əməlləri ilə bunu etməyə məcburdur.
İkinci səbəb bu cür dəstələrin törətdiyi cinayət əməllərinin qarşısını alan qanunların kifayət qədər sərt olmaması və ya cəzaların icrasındakı pozuntu, səhlənkarlıqlardır. Hansı ki, potensial cinayətkar əvvəlcədən sərt cəza almayacağını, alsa da, cəzasını müxtəlif üsullarla yüngül keçirə biləcəyini bilir, cinayət əməlini törətməkdən çəkinmir.
Üçüncü, gənclərin təlim tərbiyəsidir. Təhsil ocaqları, valideynlər, yerli icra strukturları və cinayətkarlıqla profilaktika üzrə polis strukturları buna cavabdehdir.
Bundan başqa, kriminal aləmin azad cəmiyyətə təsiri məsələsi var. Çayxana, qəlyanxana, gecə barları və s. kimi yerlərin lazımi qədər nəzarətə götürülməməsi və s. nəticə etibarı ilə cinayətlərin artmasına gətirib çıxarır. Bu kimi əsaslı səbəblər olduqca nə qədər cinayətlərin üstü açılsa, cinayətkar qruplar həbs edilsə və ağır cəzalar verilsə də, cinayət artımının kökü kəsilməyəcək. Çünki, səbəb varsa, nəticə də mütləq olmalıdır”.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi və Prokurorluq üzrə 9.148 (9.137) cinayət qeydə alınıb. Onların 83,2 faizi (7.608-i) az ağır və böyük ictimai təhlükə törətməyən, 16,8 faizi isə (1.540-ı) ağır və xüsusilə ağır növlər olub. 2016-cı ilin eyni dövrü ilə müqayisədə ağır və xüsusilə ağır cinayətlər 2,7 faizi, o cümlədən qəsdən adam öldürmə cinayətləri 14,6 faiz azalıb.
Aysel Aslan