Doğuşun yaşla heç bir əlaqəsi yoxdur

Psixoloq Arzu Müzəffərova: “Zamanında düşünüb özümüzü hazır hiss etdiyimizdə valideyn adını qazanmalıyıq”
"Son illər Bakıda reproduktiv dövrdə olan qadınların 30 faizə qədəri ailə qurmayıb”. Bunu Azərbaycan Tibb Universitetinin mama-ginekologiya kafedrasının müdiri Elmira Əliyeva deyib. O vurğulayıb ki, reproduktiv sağlamlığa təsir edən amillərdən biri də gənclərin vaxtında ailə qurmamasıdır: "Müşahidələrə görə, reproduktiv dövrdə olan hər 3-4 gəncdən biri ailə qurmayıb. Bu gün gənclərin düzgün ailə qurmasına ehtiyac var və onlar ailə ilə bağlı düzgün maarifləndirilməlidir”.
Kafedra müdiri həmçinin qızların gec ailə qurmasına da toxunub: "İndi qızlar gec ərə gedir, statusunu qaldırır, işi, təhsili, pulu olmasını arzulayır. 35 yaşda ailə quran qızın isə xroniki xəstəliklərə meyilliyi həddən çox artır. Bu qızların sağlam uşaq doğma ehtimalı da az olduğundan daha çox qeysəriyyə kəsiyinə maraq çoxalır”.
Məsələyə münasibət bildirən psixoloq konsultant Arzu Müzəffərova keysəriyyə yolu ilə olan doğuşun yaşla heç bir əlaqəsi olmadığını deyib. Psixoloqun sözlərinə görə, gec ailə qurma ilə hamiləlik dövründə yaşanan narahatçılıq tamamilə fərqli anlayışlardı: "Bu, həmin durumda hamilə qadının və doğacaq körpənin sağlamlığına bağlıdır. Ayrı-ayrı ölkələrdə 70 yaşında da dünyaya uşaq gətirənləri az görmədik. Bunlar tamam ayrı mövzulardı. Doğulan körpənin sonrakı həyatı hər kəsi düşündürməlidir. Bir psixoloq olaraq düşünürəm ki, doğumun yaşa görə baxılması yanlış haldı. Burda bir doğulacaq candan söhbət gedir. Əgər sırf bəlli bir vaxtda doğuma baxsaq, düşünün nələr olar. Zamanında düşünüb özümüzü hazır hiss etdiyimizdə valideyn adını qazanmalıyıq. Bu vəzifəni elə yerinə yetirək ki, sabah övladımıza "yaşım keçirdi deyə səni dünyaya gətirmək məcburiyyətində qaldım” deməyək”.
Yeganə Bayramova