""Doing Business 2019" hesabatı Azərbaycanın iqtisadi qüdrətini sübut edir"





"Azərbaycanın adının Dünya Bankının dərc etdiyi "Doing Business 2019” hesabatında yer alması çox mühüm irəliləyişdir. Bu hesabat 190 ölkədə sahibkarlıq fəaliyyətinin tənzimlənməsi ilə bağlı olan qanunverici aktların və onların tətbiq olunmasını obyektiv olaraq qiymətləndiməyə imkan verir”. 

Bu sözləri "Sherg.az”a Konstitutsiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev   deyib. 

Onun sözlərinə görə, "Doing Business 2018” hesabatında 57-ci yerdə qərarlaşan Azərbaycan "Doing Business 2019” hesabatında 32 pillə irəliləyərək 25-ci yerdə qərarlaşıb. Bu rəqəm kifayət qədər yüksəkdir. Həmçinin də ölkəmiz ən çox islahat aparan ölkə kimi ilk onluğa daxil olub. Hesabat 11 indikator üzrə ölkələri təhlil etsə də, reytinq cədvəlində 10 indikatorun göstəricilərindən istifadə olunur.

Ə. Nuriyev bildirib ki, "Doing Business 2019" hesabatında Azərbaycanın iqtisadi sahədə əldə etdiyi nailiyyətlərin yüksək şəkildə qiymətləndirilməsi bir daha belə deməyə əsas verir ki, öz reytinq və nüfuzuna görə ölkəmiz bir sıra aparıcı dövlətləri geridə qoyur və bununla öz iqtisadi qüdrətini sübut edir: 

"Azərbaycanın mövqeyinin dünyanın ən mötəbər reytinqlərində irəliləməsi bilavasitə Prezident İlham Əliyev tərəfindən aparılan kompleks iqtisadi islahatlar siyasətinə beynəlxalq ictimaiyyət tərəfindən verilən yüksək qiymətdir.

Ölkə başçısının rəhbərliyi ilə aparılan iqtisadi və institutsional islahatlar ölkəmizdə sahibkarlıq mühitini getdikcə daha əlverişli etməkdədir”.

Fond Prezidenti hsab edir ki, Azərbaycanın hesabat indikatorları üzrə göstəricilərini ən çox yaxşılaşdıran dünyanın 10 ölkəsindən biri seçilməsinin bir çox əhəmiyyəti var. Ən başlıcası isə iqtisadi baxımdan ölkənin cəlbediciliyini artıracaq:

 "Xarici sərmayələrin ölkəyə daxil olması imkanlarını genişləndirəcək və bütövlükdə investisiya qoyuluşuna müsbət təsir göstərəcək. Bu isə öz növbəsində ölkədə iqtisadi yüksəlişin daha da sürətlənməsinə gətirib çıxaracaq. Azərbaycanın 10 islahatçı ölkədən biri seçilməsi ölkəmizdə bu istiqamətdə mühüm siyasi iradənin ortada olmasını və onun davamlılığını göstərir. 

Fikrimcə, Azərbaycanın bu cür beynəlxalq hesabatlarda ön sıralarda qərarlaşması qeyri neft sektorunun inkişafını da stimullaşdıracaqdır. Bilirsiniz ki, bu sahənin inkişafı dövlət idarəçiliyinin əsas prioritetlərindən biridir. Sözsüz ki, yeni kredit bürosunun yaradılması kimi tədbirlər ölkəmizin hesabatda mövqelərini xeyli yaxşılaşdırıb. 

Bu günlərdə məşğulluqla bağlı yeni strategiya qəbul olunub. İmzalanan digər sənədlərin, "Strateji Yol Xəritəsi” nin uğurla davam etdirilməsinin reallaşdırılması istiqamətində də real addımlar atılmaqdadır. Bu da ölkə başçısının dayanıqlı inkişafla bağlı qərarlı olduğunun göstəricisidir. "ASAN” Xidmət Mərkəzlərinin yaradılması və 25 milyondan artıq vətəndaşın bu xidmətlərdən istifadə etməsi də ölkədə həyata keçirilən ishalatların bir isbatıdır. 

Vətəndaş və müştəri məmnunluğnun artması həyata keçirilən islahatların uğurla başa çatması təzahürüdür. Sevindirivi haldır ki, Azərbaycanın bu uğurları Dünya Bankı kimi mötəbər bir qurum tərəfindən obyektiv qiymətləndirilir. İslahatların dərinləşməsı və əhatəliliyinin artması ölkəmizdə biznes mühitini daha da inkişaf etdirməklə, əhalini rifah halının daha da yaxşılaşmasına imkan yaradacaq”.

Qeyd edək ki, Dünya Bankı biznes mühitini qiymətləndirən "Doing Business 2019” hesabatı açıqlayıb. Novator.az bildirir ki, Azərbaycan reytinq cədvəlində 190 ölkə arasında 25-ci pillədə yer alır. Biznesə başlama, tikintiyə icazə, daşınmaz əmlakın qeydiyyatı, kreditə əlçatanlıq, sərmayəçilərin hüquqlarının qorunması kimi meyarlara əsaslanan reytinqə Yeni Zelandiya başçılıq edir. Sinqapur ikinci, Danimarka üçüncüdür.

Şəymən