Dövlət proqramları effektini verir

Regionların inkişafı düzgün iqtisadi siyasətin nəticəsidir



"Son 15 il ərzində ölkəmizdə iqtisadiyyat üç dəfədən çox artıb”. Bunu İmişli rayonunda Araz çayının yeni qol-kanalının açılış mərasimində çıxış edən Prezident İlham Əliyev deyib. Dövlət başçısı bəyan edib ki, Azərbaycanda istənilən infrastruktur layihəsi uğurla icra edilir və çox layihələr öz daxili maliyyə imkanlarımız hesabına reallaşır: "Bizim siyasətimiz ondan ibarətdir ki, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar. Hər bir yerdə, hər bir rayonda, hər bir kənddə yaşayan vətəndaşlar işlə təmin olunsunlar, onların rifah halı yaxşılaşsın və dövlət bu istiqamətdə öz tədbirlərini görür”. Prezident əlavə edib ki, Azərbaycan elektrik enerjisini ixrac edən ölkəyə çevrilib: "İnfrastruktur layihələrinə gəldikdə, ümumiyyətlə, deyə bilərəm ki, regional inkişaf üzrə birinci Dövlət Proqramı qəbul olunandan sonra - son 15 il ərzində ölkəmizdə iqtisadiyyat üç dəfədən çox artıb. 

Ölkəmizdə qazlaşdırmanın səviyyəsi 95 faizə çatır. Biz bu ilin sonuna qədər bu rəqəmə çatacağıq. Azərbaycan elektrik enerjisini ixrac edən ölkəyə çevrilib. Biz təkcə bu ilin doqquz ayında 50 milyon dollardan çox həcmdə elektrik enerjisi ixrac etmişik. Gələcəkdə bu, daha da artacaq. Çünki biz özümüzü tam təmin edirik və yaxın gələcəkdə istifadəyə veriləcək 400 meqavatlıq "Şimal-2” Elektrik Stansiyası vasitəsilə ixrac imkanlarımız daha da genişləndiriləcək. On beş min kilometr avtomobil yolu istifadəyə verilir. Biz bu ilin sonuna qədər bu rəqəmə də çatacağıq”.

Dövlət başçısının çıxışını "Şərq”ə dəyərləndirən "Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı bildirib ki, Azərbaycanda əldə olunan iqtisadi inkişafın əsas səbəblərindən biri regionların inkişafı ilə bağlı arıdıcıl dövlət proqramlarının həyata keçirilməsidir:

 "Qeyri-neft sektoruna dövlət qayğısı öz bəhrəsini ən çətin anlarda verdi. Bir neçə il qabaq iqtisadi böhran zamanı, neftin qiyməti kəskin ucuzlaşanda ölkəmizin gəlirlərini qeyri-neft sektoru kompensasiya etdi. Ölkə infrastrukturu böyük həcmdə yeniləndi, inkişaf etdirildi. Son 15 ildə ölkənin avtomobil yolları sistemi xeyli genişləndirilib, yenilənib, minlərlə kilometr yeni yol salınıb. Dəmiryolu xətlərində də yenilənmə işləri aparılıb, yeni xətlər çəkilib. 

Kommunal xidmətlərdə davamlı təminat yaradılıb. İçməli su problemi əsasən həll olunub. Qaz istehsalı və təminatında ciddi nailiyyətlər əldə olunub. Əhalinin 95 faizinin qazla təmin edilməsi ilə yanaşı, qaz ixracı da artırılıb. Energetika sahəsində də neftdən kənar sahələr inkişaf etdirilib. Respublikada onlarla kiçik SES-lər, külək və günəş enerjisi stansiyaları istifadəyə verilib. Nəticədə 90-larda xaricdən alınan enerji ilə yaşayan ölkə indi özünü elektriklə təmin edir, xaricə də satır”.

İqtisadçının sözlərinə görə, qeyri-neft sektorunun tərəqqisində inkişaf etdirilmiş infrastrukturun da böyük rolu var:

 "Bu işlər davam etdirilir və getdikcə qeyri-neft sektorunda daha böyük nailiyyətlər əldə edilir. Artım tempi hər il yüksəlir. Bəzi sahələrdə müəyyən problemlər var ki, onların da yaxın illərdə tam həll olunacağına şübhə etmirəm”.

İsmayıl