Dünya Bankının hesabatı reallığa əsaslanır
Azərbaycanın dünyanın 10 ən islahatçı ölkəsi sırasına daxil edilməsi böyük uğurdur
Bu gün dünya miqyasında inkişafın Azərbaycan modeli bir nümunəyə çevrilib. Bütün sahələrdə tətbiq olunan innovasiyalar, həyata keçirilən islahatlar beynəlxalq aləmdə ölkəmizin siyasi çəkisini, iqtisadi gücünü durmadan artırıb. Təbii ki, bu inkişaf beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapır. Bu günlərdə yayılan Dünya Bankının "Doing Business 2019” hesabatında Azərbaycan dünyanın 10 ən islahatçı ölkəsi sırasına daxil edilib. Hesabatda ölkəmiz dünyanın ən çox islahat aparan dövləti kimi qeyd edilib.
Azərbaycan "Doing Business 2019” hesabatında 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yeri tutub. Bununla da bir çox ölkələri geridə qoyaraq MDB məkanında lider mövqeyə yüksəlib. Ekspertlərə görə, 2015-ci ilin sonlarından başlayaraq neft qiymətlərinin aşağı düşməsinə baxmayaraq, Azərbaycanda aparılan islahatlar daha da dərinləşib və mahiyyətcə yeni xarakter kəsb edib.
Aparılan iqtisadi islahatlar nəticəsində ölkədə maliyyə sabitliyi və iqtisadi artım bərpa olunub. Bir çox sahələrdə, xüsusilə kənd təsərrüfatı, qeyri-neft sənayesi və digər sektorlarda əhəmiyyətli irəliləyiş əldə edilib. Dövlətimizin başçısı tərəfindən ölkədə sahibkarlığa dəstək məqsədilə biznes mühitinin bütün sahələri üzrə əhəmiyyətli irəliləyiş baş verib.
Dövlət-biznes tərəfdaşlığında qarşılıqlı inam daha da artıb, bu münasibətlər gələcək iqtisadi inkişafın təməl prinsipinə çevrilib. Prezidentin güclü siyasi iradəsi və davamlı dəstəyi sayəsində aparılan kompleks iqtisadi islahatlar digər nüfuzlu beynəlxalq reytinqlərlə yanaşı, "Doing Business 2019” hesabatının da bütün indikatorlarını əhatə edib. Hesabatda ölkəmiz "Tikinti üçün icazələrin alınması" və "Kreditlərin alınması" indikatorlarının hər biri üzrə 100 pillə irəliləyərək ciddi nailiyyət əldə edib. Bunlarla yanaşı, ”Kiçik investorların maraqlarının qorunması” indikatoru üzrə dünyada 2-ci yerə yüksəlməyə, "Biznesə başlama” (9-cu yer) indikatoru üzrə isə ilk onluğa düşməyə nail olunub.
Bütövlükdə "Doing Business 2019” hesabatının 10 indikatorundan 8-i üzrə mühüm irəliləyiş qeydə alınıb. Eyni zamanda, əmək bazarının tənzimlənməsi indikatoru üzrə də aparılmış islahatlar Dünya Bankının ekspertləri tərəfindən qəbul edilib. Bu uğurlar Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin alternativsiz olduğunu və aparılan islahatların cəmiyyətin bütün təbəqələrinin, o cümlədən biznes subyektlərinin mənafelərini əks etdirdiyini bir daha göstərir. Qeyd etmək lazımdır ki, Dünya Bankının hər il hazırladığı "Doing Business” hesabatı biznes mühitinin asanlığının qiymətləndirilməsi üçün dünyada ən vacib və etibarlı reytinq göstəricisi hesab olunur. "Doing Business” komandası ölkələr üzrə aparılan islahatları həm dövlət, həm də çoxsaylı biznes nümayəndələrindən, habelə məşhur konsaltinq şirkətlərindən toplanan sorğulara verilən cavablar əsasında qiymətləndirir. Aparılan islahatların yoxlanılması məqsədilə ölkələrə ayrı-ayrılıqda xüsusi ekspert missiyaları göndərilir, islahatların real praktikada tətbiqi yerində müvafiq meyarlarla araşdırılır. Nəticədə hər bir ölkənin həm ümumi, həm də 10 indikator üzrə xüsusi qiymət balı hesablanaraq mövqeləri müəyyən edilir.
"Doing Business" Azərbaycanla bağlı reytinqini müsbət dəyərləndirən iqtisadçı-ekspert Fuad İbrahimli "Şərq”ə açıqlamasında qeyd edib ki, bu göstəricilər ölkəmizdə son dövrdə həyata keçirilən islahatlarla bağlıdır:
"2016, 2017 və 2018-ci illər nisbətində ardıcıl olaraq iqtisadiyyatımızda yüksək dinamika isbat olunur. Azərbaycanda qeyri-neft sektorunun inkişafına böyük diqqət göstərilir. Kənd təsərrüfatı, turizm və başqa təbii sahələrin inkişafı istiqamətində nəzərəçarpan işlər görülür. Qeyri-neft sektorunun inkişafına maliyyə yatırımları edilir. Qeyri- neft sektorunun inkişafı, əhalinin sosial rifah halının yaxşılaşdırılması, bütün sahələrdə intellektual kadrların hazırlanması yönündə ciddi islahatlara atart verilib və bu islahatlar bu gün də davam edir. Azərbaycan bir sıra beynəlxalq və irihəcmli layihələrə qoşulub. Hətta həmin layihələrin təşəbbüskarı kimi çıxış edir. Azərbaycana investisiya yatıran xarici ölkə və təşkilatların sayı günbəgün artmaqdadır. Bu da Azərbaycandakı iqtisadi, siyasi və sosial sabitliklə izah olunur. Bütün bunlar isə ölkə başçısı cənab İlham Əliyevin məqsədyönlü və düşünülmüş siyasətinin məntiqi nəticəsidir. "Doing Business" reytinq agentliyi də məhz bu inkişafı, bu islahatları görür və ona görə də Azərbaycanı islahatçı ölkə kimi dəyərləndirir. Eyni zamanda Azərbaycanı iqtisadi inkişafına görə, 190 ölkə içərisində 25 -ci yerdə göstərir. Azərbaycan kimi gənc ölkə üçün bu nəticələr olduqca müsbət nəticədir".
Hesabata münasibət bildirən millət vəkili Aydın Mirzəzadə "Şərq”ə söyləyib ki, bu reytinq cədvəli Azərbaycandakı real vəziyyəti əks etdirir:
"Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycanın dövlət idarəçiliyində, iqtisadi sektorunda, sosial problemlərin həllində apardığı islahatlar öz nəticəsini verir. Birincisi, bu islahatlar hər bir vətəndaşın həyatında özünü konkret olaraq göstərir. Bu gün insanlar öz problemlərinin həllində dövlətin daima onların yanında olduğunu və problemlərinin hər dəfə daha çox aradan qaldırıldığını bildirirlər. İkincisi, ölkə vətəndaşları sosial cəhətdən onlara göstərilən qayğının artdığını hiss edirlər. Ölkəmizdə keçirilən islahatlar ilk növbədə insanların daha yaxşı və rahat yaşaması üçündür. Üçüncüsü də, Azərbaycanıın beynəlxalq reytinq cədvəlində 190 ölkə icərisində 25-ci yerdə qərarlaşması kiçik göstərici deyil. Məsələn, qonşu Rusiya həmin siyahıda 31-ci yerdədir. Bu, ümumi nəticələrdə Azərbaycan 25-ci yerdədir. Lakin bir sıra göstəricilərdə Azərbaycan daha qabaq yerləri tutur. Hesab edirəm ki, bu nəticələr cənab Prezidentin uğurlu, düşünülmüş siyasətinin nəticəsidir. Aparılan islahatlar sonda Azərbaycanın ön sıralarda yer tutması ilə nəticələnəcək”.
A.Mirzəzadə onu da əlavə edib ki, cənab Prezident üzərinə düşən bütün vəzifələri yüksək səviyyədə yerinə yetirir:
"Ölkə başçımız fəaliyətinin hər dövründə daim müstəqilliyimizin möhkəmlənməsini, dövlətimizin qüdrətinin artması, hər bir vətəndaşın hüquqlarının qorunması istiqamətində ciddi addımlar atıb, bu gün də atır. İslahatlar islahat naminə deyil, konkret müsbət nəticələr naminədir. Cənab prezidentimizin cəmiyyətlə bağlı bütün sahələri, onlar arasında gedən prosesləri diqqət mərkəzində saxlaması, tez-tez regionlara səfər edərək ordakı inkişafa ciddi dəstək göstərməsi göz qabağında olan məsələlərdir”.
"Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı da deyib ki, Dünya Bankının hesabatı reallığa əsaslanır: "200-ə yaxın ölkə arasında 25-ci mövqe son dərəcə yüksək nailiyyətdir. MDB-də ölkələri arasında birinci yerə sahib olmaq dövlətimizin iqtisadi islahatlara daha çox üstünlük verdiyini və biznes azadlığına şərait yaratdığını göstərir.
Bu, əlbəttə təsadüfi deyil. Son 15 ildə davamlı və optimal şəkildə aparılan iqtisadi islahatlar, qeyri-neft sektoruna dövlət dəstəyinin artırılması, korrupsiyaya və bürokratik maneələrə qarşı effektiv tədbirlərin həyata keçirilməsi bunu şərtləndirib. Nəticələr özünü ÜDM-nin, dövlət büdcəsinin, ixracın artmasında göstərir. Qonşu ölkələrdə milli valyutaların ucuzlaşdığı, mal və xidmətlərin bahalaşdığı bir dövrdə Azərbaycanda vəziyyət başqadır. Əlbəttə, bu sahədə durum tam ideal hala gəlməyib. Cənab Prezidentin də dediyi kimi, islahatlar davam edəcək. Nəticədə tezliklə respublikamızda qeyri-neft ümumi daxili məhsulunun artımı, məşğulluğun tam təmin olunması, ixracın artması, idxalın azalması kimi müsbət proseslər müşahidə olunacaq”.
Ekspertin sözlərinə görə, ən əsaslı islahatlar gömrük sistemində aparılmalıdır:
"Çoxsaylı prosedurlar sadələşdirilməlidir. Vergi sistemində islahatların davam etdiriləcəyi bildirilib. Vergi dərəcələri iqtisadi inkişaf üçün böyük stimul yaradacaq. Ümumiyyətlə, bütün əməliyyatlar elektronlaşmalı, nağd və şəxsi təmasla olan münasibətlər aradan qaldırılmalıdır. Bu halda vergidən yayınmanın da qarşısı alınacaq və dövlət büdcəsinin gəlirləri xeyli artacaq. Bir çox sənədləşdirmə işləri "ASAN” Xidmətə verilməlidir. Əminəm ki, yaxın vaxtda iqtisadi və sosial sahədə vəziyyət indikindən xeyli yaxşı olacaq”.
İsmayıl