Dünyanın ən inkişaf etmiş ölkələrində də banklar soyulur

“Problem ondadır ki, kibercinayətkarlar banklara internetlə müdaxilə edib, hesablardan külli miqdarda pul çıxaran zaman o qədər səliqəli, tədbirli işləyirlər ki, həmin cinayəti uzun müddət aşkarlamaq mümkün olmur”
Kibercinayətkarlığa qarşı mübarizə aparmaq asan deyil



Azərbaycandan kənarda fəaliyyət göstərən mütəşəkkil kibercinayətkar qrupun üzvü xaricdə yaxalanaraq ölkəmizə gətirilib. Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətindən məlumat verilib.

Qurumdan bildirilib ki, Azərbaycanda ictimai əhəmiyyətli infrastruktur obyekti olan kommersiya bankının kompüter sisteminə internet şəbəkəsi vasitəsilə qanunsuz müdaxilə edilib. Kiberhücum nəticəsində pul vəsaitlərinin köçürülməsi, bankomatlardan təmənnasız pul çıxarılması və s. əməliyyatlarla ümumilikdə 3 milyon 700 min manatdan artıq vəsait oğurlanıb. 

Məlumata görə, digər dövlətlərdə olan banklara da eyni metodlarla kiberhücumlar edilərək talama cinayətləri törədilib. Həyata keçirilmiş kompleks istintaq-əməliyyat tədbirləri nəticəsində beynəlxalq kibercinayətkar qrupun üzvləri ifşa edilib. Cinayətkar qrupun üzvü Danila Dorin Konstantinoviç İspaniyada saxlanılaraq Azərbaycana ekstradisiya edilib. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir. Ümumiyyətlə, son dönəmlər kiberhücumlar xeyli çoxalıb. Təhlükəli məqam odur ki, kibercinayətkarlıq üçün sərhəd anlayışı yoxdur. Bu işlə məşğul olan qruplar dünyanın istənilən ölkəsində kiber cinayət törədə bilirlər. 

Məsələni şərh edən keçmiş MTN zabiti, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl deyib ki, bu tip cinayətləri hadisə baş verən anda, yaxud da qısa müddət ərzində aşkarlamaq olduqca çətindir. Ekspertin fikrincə, texnoloji inkişafın yüksək səviyyəsi dünya miqyasında kibercinayətkarlığın genişlənməsinə səbəb olub: 

"Bu, texnoloji inkişafla şərtlənən olduqca spesifik cinayət növüdür. Xüsusi intellektual hazırlıq tələb edən bu cinayətə qarşı mübarizə aparmaq heç də asan deyil. Dünyanın inkişaf etmiş ölkələrində də zaman-zaman müxtəlif banklardan, zəngin insanların hesablarından milyardlarla pulun kibercinayətkarlar tərəfindən oğurlanmasına dair məlumatlarla rastlaşırıq. Yəni kibercinayətkarlıq müasir dövrümüzün bir reallığıdır. Problem ondadır ki, kibercinayətkarlar banklara internetlə müdaxilə edib, hesablardan külli miqdarda pul çıxaran zaman o qədər səliqəli, tədbirli işləyirlər ki, həmin cinayəti uzun müddət aşkarlamaq mümkün olmur. O baxımdan, Azərbaycan banklarına xaricdən müdaxilə edərək, iri həcmdə pul vəsaitini qanunsuz mənimsəyən kibercinayətkar dəstənin ifşa olunması, onun bir üzvünün ölkəyə ekstradisiya edilməsi müsbət haldır”. 

Keçmiş MTN zabiti hesab edir ki, kibercinayətkarların konkret bankın rəhbərliyi ilə olmasa da, hansısa əməkdaşları ilə əlbir işləmələri istisna edilmir: 

"Mənə belə gəlir ki, özünə hörmət edən bank rəhbərliyi kibercinayətkarlarla bu cür sövdələşməyə getməz. Çünki belə faktların aşkarlanması həmin bankın müştəri etimadını itirməsi, nəticə etibarilə sıradan çıxmasına səbəb olar. Eyni zamanda, hər hansı vəzifəli şəxsin də bu formada cinayətkarlarla işbirliyinə getmələri o qədər də inandırıcı deyil. Bununla belə, hansısa bank əməkdaşının kibercinayətlərdə iştirakı istisna edilmir”.

İctimai Tədqiqatlar Mərkəzinin sədri, kriminalist-ekspert İlqar Altay "Şərq”ə açıqlamasında deyib ki, kibercinayətlər artıq bütün dünyanın bəlasına çevrilməkdədir. Onun sözlərinə görə, görülən bütün əks-tədbirlərə rəğmən bu tip cinayətlərin sayı artmaqdadır: 

"Səbəb odur ki, bu qanunsuz əməllərlə məşğul olmaq bank yarmaq, adam soymaq, quldurluq kimi cinayətlərə nisbətən daha asan, təhlükəsiz və daha gəlirlidir. Burada milyonlarla dollar əldə etmək üçün silah işlətməyə, adam öldürməyə ehtiyac yoxdur. İkincisi, bu əməlləri törətmək üçün obyekt kasadlığı da mövcud deyil. Bank oğrusu bir şəhərdə 5-10 bank arasında bir-iki bankı ancaq soya bilər. Amma kibercinayətkarın seçimində çoxlu ölkələr və onların da saysız-hesabsız bankları olur. Kompüter arxasında oturmaqla dünyanın istənilən yerində oğurluq obyektini müəyyən edə bilər. Üçüncüsü, bu sahədə təhlükəsizliyin sistemsiz olmasıdır. Dünyada informasiya texnologiyaları sayca və keyfiyyətcə çox sürətlə artmaqdadır. Lakin onların təhlükəsizliyi barədə çox az düşünülür, yəni təhlükəsizlik inkişafla ayaqlaşa bilmir. Nəticədə oğurluq, hücum obyektləri müdafiə sisteminə qeyri-adekvat olur. Nə qədər yeni sistemlər, qoruyucu proqramlar yaratsalar da, bu işlə məşğul olan cinayətkarlar da bir o qədər təkmilləşirlər. Ona görə də kiberhücumlardan sığortalanmaq olmur”.

Kriminalist bildirib ki, ölkəmiz Azərbaycan dünya iqtisadi sisteminin üzvüdür. Bu baxımdan iqtisadi maliyyə-bank əlaqələrindən və elektron informasiya texnologiyalarından istifadə etməyə məcburdur: 

"Biz istər-istəməz kiberhücum riski altına düşürük. Hüquq-mühafizə orqanları nəzdində kiber-cinayətkarlığa qarşı mübarizə bölmələrinin yaradılması müsbət haldır. Xarici kibercinayətkarın tutulub mühakimə üçün ölkəyə gətirilməsi də uğurlu addım sayıla bilər. Azərbaycanla bir sıra dövlətlər arasında bu sahə üzrə qarşılıqlı yardım və birgə fəaliyyət üzrə anlaşma mövcuddur. Ancaq, onu da deyim ki, beynəlxalq səviyyə almış kibercinayətkarlıqla mübarizə hələ də müvafiq beynəlxalq səviyyəyə çatmayıb. Məsələn, atomun saflaşdırılmasına qarşı birgə mübarizə səviyyəsindən xeyli aşağıdır. Hələlik bu istiqamətdə beynəlxalq, ciddi, sistemli, əksər ölkələrin qoşulduğu qurum təşkil olunmayıb. Amma düşünürəm ki, zaman özü məcbur edəcək ki, bu cür təşkilat yaradılsın”.

İsmayıl