Düşmən Zəhra hadisəsindən sonra çox şey itirdi

Bu məqsədlə özünü növbəti dəfə “qurban” obrazında təqdim etmək istəyir
İndi Ermənistan hakimiyyəti vəziyyəti öz xeyrinə dəyişməyə çalışır

Müdafiə Nazirliyi son günlər Ermənistan mətbuatının guya Azərbaycan Silahlı Qüvvələrinin erməni kəndlərini atəşə tutması barədə yaydığı xəbərlərə münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən deyilib ki, Ermənistan hakimiyyəti tərəfindən yayılan bu kimi qərəzli xəbərlər hərbi ittifaqda olduğu müxtəlif ölkələri aldadaraq, öz çirkin avantürasına cəlb etmək və həmsərhəd kəndlərdə Azərbaycanın mülki vətəndaşlarına qarşı törətdiyi təxribatlara bəraət qazandırmaq məqsədini daşıyır: 

"Bildiririk ki, Ermənistan silahlı qüvvələrinin Berd və Noyemberyan rayonları ərazisində yerləşən atəş nöqtələrindən Azərbaycan kəndləri müxtəlif çaplı silahlardan atəşə tutulub. Nəticədə yaşayış məntəqələrindəki mülki obyektlərə, əkin sahələrinə və əhalinin şəxsi təsərrüfatına ziyan vurulub. Bu təxribatın qarşısının alınması məqsədilə bölmələrimiz tərəfindən dərhal görülən cavab tədbirləri nəticəsində düşmənin həmin istiqamətdəki atəş nöqtələri susdurulub. Vəziyyətin daha da gərginləşməsinə və baş verə biləcək nəticələrə görə Ermənistanın kriminal hərbi-siyasi rejimi tam məsuliyyət daşıyır”.

Ermənilərin növbəti təxribatı haqda "Şərq”ə danışan polkovnik Cəlil Xəlilov deyib ki, düşmənin törətdiyi cinayətlərin, xüsusən, iki yaşlı Zəhranın öldürülməsinin dünya ictimaiyyətinə çatdırılması Ermənistanı qınaq obyektinə çevirdi. Ekspertin sözlərinə görə, düşmən özünə qarşı formalaşan qınaqlardan yayınmaq üçün yanlış məlumatlar yaymaqla məşğuldur: "Düşmən dünya ictimaiyyətini inandırmağa çalışır ki, guya, ermənilər günahkar deyil, öldürən yox, ölən tərəfdirlər, yazıqdırlar və s. Reallıq isə odur ki, işğalçı tərəf Ermənistandır. Azərbaycan heç kimin ərazisinə iddia etmir, hansısa dövlətə, xalqa qarşı mübarizə aparmır. Sadəcə olaraq öz ərazimizdə separatizmə və terrorçuluğa qarşı savaşırıq. Buna rəğmən Azərbaycan tərəfi cəbhə xəttində atəşkəs rejiminə sadiq qalır, düşmən isə təxribatlardan əl çəkmir. Əgər ermənilər sakit dayanmırsa, mülki əhalini hədəf alırsa, milli ordumuz düşmənə cavab verməyə, onları başa salmağa məcburdur”.

Hərbi ekspert Azad İsazadə də "Şərq”ə bildirib ki, Ermənistan qoşunlarının Alxanlıda törətdiyi cinayətdən sonra düşmən ölkənin onsuz da az olan imicinə böyük zərbə dəyib: 

"Məsələnin kifayət qədər ictimailəşməsi müxtəlif ölkələrin reaksiyasına səbəb oldu və nəticə etibarı ilə düşmən ciddi ittihamlarla üzləşdi. İndi Ermənistan hakimiyyəti vəziyyəti öz xeyrinə dəyişməyə çalışır. Bu məqsədlə özünü növbəti dəfə "qurban” obrazında təqdim etmək istəyir. Ona görə də ən həssas məsələdən yapışır və Azərbaycan hərbi birləşmələrinin guya erməni kəndlərini atəşə tutması yalanını ortaya atır. Əslində ermənilərin bu addımı ilk deyil və çox güman ki, son da olmayacaq”.

İsmayıl