Əcnəbidilli jurnalistika formalaşmalıdır

Elçin Şıxlı: “Azərbaycan dilində savadlı yazan jurnalistlərimiz azdır”
Azər Həsrət: “Bizdə uzağı 5-10 nəfər jurnalist var ki, lazım gələndə rahat şəkildə beynəlxalq səviyyədə nəsə edə bilirlər”


Fuad Hüseynzadə: "Sosial şəbəkələrdə və virtual forumlarda bloggerlər komandası yaradılmalıdır”

(əvvəli ötən sayda)

"Bu gün ölkəmizdə saytların və jurnalistlərin əksəriyyəti azərbaycandillidir. Çox az jurnalist ingilis və rusdilli təmayüllüdür. Bu balansı düzəltmək üçün kifayət qədər güclü potensialımız var”. Bunu Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla deyib. Rektor bildirib ki, universitet öz spesifikası və potensialından istifadə edərək beynəlxalq jurnalistika istiqamətində fəaliyyətini genişləndirmək istəyir: "Biz jurnalistika fakültəsi olan digər universitetlərdən fərqli olaraq tələbələrimizə bu istiqamətdə təhsil bazası verə bilərik və onların gələcəkdə peşəkar kadr kimi yetişməsinə nail ola bilərik”.

K.Abdulla əlavə edib ki, jurnalistika ixtisası üzrə kadrların yetişməsində redaksiyalarda tələbələrlə görüşlər keçirilməlidir: "Bu, qəzet və jurnalların, saytların da redaksiyalarında ola bilər. Tələbələrin əlaqə qurmaq və təcrübələrini artırmaq üçün yerləri olmalıdır. Biz bunun üçün bəzi peşəkar redaksiyalarla müqavilə imzalaya bilərik. Jurnalistika istiqamətində çalışan insanlarla universitetin tələbələri sıx işləməlidir. Hazırda Azərbaycan Dillər Universitetində jurnalistika və filologiya ixtisasları bir fakültədədir. Gələcəkdə jurnalistikanın və filologiya ixtisaslarının ayrılmasına çalışacağıq”. Rektorun diqqət çəkdiyi məsələ, yəni jurnalistlərin xarici dil bilgisinə sahib olması mütəmadi olaraq gündəmə gətirilir. Çünki qloballaşma şəraitində hər kəs üçün xarici dil bilmək çox mühüm məsələdir. Tək Azərbaycan dili ilə ölkə həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq mümkün deyil. Bu səbəbdən jurnalistlər öncül dilləri mükəmməl şəkildə mənimsəməli və qərb mediası ilə əməkdaşlıq etməlidir. İstəyimizdən asılı olmayaraq, hazırda bütün dünyada ingilis, fransız və rus dili çox geniş yayılıb. Dünyanın ən mühüm mətbuat orqanları bu dildə yayımlanır. İstər xəbər almaq, istər xəbər yaymaq üçün rus, ingilis və fransız dilli təcrübəli, peşəkar media nümayəndələrinə çox ehtiyac duyulur. Xüsusən, qlobal informasiya müharibəsinin gedişində xaricidilli mediamızın üzərinə çox böyük yük düşür. Bu məqamda düşmən qüvvələrə qarşı informasiya müharibəsi aparmaq və həmin qüvvələri elə yerindəcə əsaslı faktlarla susdurmaq zərurəti meydana çıxır. Nəzərə almalıyıq ki, məhz xaricidilli mediamızın sayəsində erməni diasporasının birbaşa təsiri altında fəaliyyət göstərərək dövlətçiliyimiz əleyhinə qara piar aparan təşkilat və qurumlara tutarlı cavab vermək mümkündür. Bu baxımdan, ölkəmizdə ana dilimizlə yanaşı, bir neçə xarici dildə yayımlanan media qurumlarının yaradılmasına xüsusi diqqət ayrılır. Əvvəlki illərlə müqayisədə hazırda xarici dillərdə fəaliyyət göstərən media orqanlarının sayında ciddi artım müşahidə olunur. Artıq xeyli sayda xəbər agentlikləri mövcuddur ki, təkcə Azərbaycan dilində deyil, eyni zamanda rus, ingilis, fransız və alman dillərində fəaliyyət göstərir. Bu, əslində ölkəmizin doğru istiqamətdə təbliği üçün ən önəmli amillərdəndir, birmənalı olaraq plüralizmdir, mədəniyyət zənginliyidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev jurnalistlərlə mütəmadi görüşü zamanı bu məsələyə xüsusi diqqət çəkir. Ölkə başçısı media nümayəndələrinin əcnəbi dil öyrənməsinin, xarici media ilə əlaqə qurmasının vacibliyini vurğulayır və bu istiqamətdə genişmiqyaslı işlərin görülməsini sürətləndirir.

Rektorun təklifini müsbət dəyərləndirən "Ayna-Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru Elçin Şıxlı "Sherg.az”a açıqlamasında Kamal Abdullanın təklifini bəyənib: 
"Kamal müəllim başda olmaqla universitetin rəhbərliyi media mənsubları üçün xarici dil kursları təşkil edərək pulsuz şəkildə bunu reallaşdırarsa, prosesə qatılan jurnalistlər çox olacaq. Ödəniş tələb olunacaqsa, çətin ki, hansısa jurnalist cibindən pul verib, xarici dil öyrənsin. Əslində çox yaxşı təklifdir. Söhbət Azərbaycan dilli olmaqdan getmir, məsələ savadlı olmaqdır. Azərbaycan dilində savadlı yazan jurnalistlərimiz azdır və təfəkkür nöqteyi-nəzərdən az dil bilməyin mənfi təsiri odur ki, provensiallaşma güclənir. Buna görə, Kamal Abdullanın təklifi bəyəniləndir”.

Məsələ ilə bağlı "Şərq”ə danışan Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət də deyib ki, bu media ilə bağlı gündəmin aktual məsələlərdən biridir. Ekspertin sözlərinə görə, ölkə daxilində medianın ayaqda durması, yeni texnologiyaların tətbiqi baxımından nə mümkündürsə edirik: 

"İstər televiziya və radio kanallarında, istərsə də, onlayn və sosial media sahəsində artıq "nə edim”, "necə edim” sualları qalmayıb. Çünki hər şey tətbiq olunub və olunmaqdadır. Kim bacarıqlıdırsa, bu işdə önə çıxa bilir. İndi qalıb beynəlxalq səviyyədə, xüsusən xarici ölkələrdə, ümumiyyətlə qlobal səviyyədə Azərbaycanın haqq səsini duyurmaq üçün medianın imkanlarından istifadə etmək. Əfsuslar olsun ki, bu sahədə bizim ordumuz o qədər də çoxsaylı deyil. Bizdə uzağı 5-10 nəfər jurnalist var ki, lazım gələndə rahat şəkildə beynəlxalq səviyyədə nəsə edə bilirlər. İstər beynəlxalq jurnalist təşkilatlarında təmsil olunmaq, onların tədbirlərində iştirak etmək, davamlı olaraq həmin qurumlarla ünsiyyət qurmaq və s. baxımdan, istərsə də, hansısa xarici ölkələrin çox nüfuzlu kütləvi informasiya vasitələrində yazıların sürətlə yayılması istiqamətində çox iş görülməlidir. Bu səbəbdən hörmətli Kamal müəllimin gündəmə gətirdiyi məsələni dəstəkləyirəm.

Nəzərə alaq ki, cənab Prezident İlham Əliyev də jurnalistlərin ikinci binasının təhvil verilməsi mərasimindəki çıxışında da məhz bu məsələnin üzərində durdu ki, Azərbaycanın xaricdə səsinin duyurulması üçün jurnalistlərin, medianın inkişafı olduqca vacib məsələlərdən biridir. Düşünürəm ki, Kamal müəllim çox düzgün bir taktika seçib. Ümumiyyətlə, bizim hamımız əlimizdən gələni etməliyik. Şəxsən mən, az-çox beynəlxalq təcrübəsi olanlardan biri kimi deyirəm ki, neçə illərdir bizim universitetlərə bu yöndə təkliflər verməkdəyəm. Bakı Dövlət Universitetindən başlamış ayrı-ayrı ali təhsil ocaqlarına bu istiqamətdə təkliflərimi demişəm, üstəlik, kömək etməyə hazır olduğumu da dilə gətirmişəm. Lakin təəssüflər olsun ki, uzun illərdir bu məsələlərdə bizi yaxına buraxmırlar. Bu və ya digər səbəbdən biz həmin məsələni reallaşdıra bilmirdik. İndi cənab Prezidentin özünün çağırışı var. Eyni zamanda rektor Kamal Abdulla da bu məsələdə önə çıxmaq fikrindədir. Əslində çox gözəl təşəbbüsdür. Çünki Dillər Universiteti məhz həmin yerdir ki, orada sırf beynəlxalq jurnalist hazırlamaq mümkündür. Biz bu işin arxasında duracağıq və əlimizdən gələni əsirgəməyəcəyik”.

A.Həsrət bildirib ki, jurnalistikada praktika çox önəmli məsələdir: 

"Son vaxtlar müzakirələr getdi ki, "jurnalist ixtisasını oxuyub media nümayəndəsi olmaq daha yaxşıdır, yoxsa hər kəs jurnalistlər ola bilərmi?”. Jurnalistika praktika sevən bir peşə və ixtisasdır. Əgər sənin praktikan yoxdursa, öz təcrübəni işin içində olaraq qazanmamasınsa, uğurlu jurnalist ola bilməyəcəksən. Bir adam 5 universitet bitirsə belə istədiyi nəticəni ala bilməyəcək. O baxımdan K.Abdullanın "redaksiyalarla müqavilə bağlamaq” təklifi yerinə düşür. Tutaq ki, gənc bir tələbəni göndərsələr "New York Times” qəzetinə, "The Vaşintqon Post” mətbu orqanında, Almaniyanın "Şpigel” jurnalında gedib işləsə, oradan götürəcəyi şey mən sizə deyim ki, universitet auditoriyasında götürəcəklərindən qat-qat artıq faydalı olacaq. Çünki adını çəkdiyim və o qəbildən olan digər mətbuat vasitələri özləri böyük bir məktəbdir. Ordakı təcrübə, illərin peşəkarlığı, üstəgəl, maddi təchizat bazası, işçilər arasında münasibətlərin öyrənilməsi, daxili nizam qaydalarının öyrənilməsi, jurnalist etikası və s. məsələlərdə həmin xarici redaksiyalar bir çox universitetlərdən daha çox şey öyrətmək bacarığına və imkanına sahibdirlər. Ona görə düşünürəm ki, hazırlanmaqda olan jurnalistlərin xaricə göndərilməsi və praktika keçməsi olduqca müsbət addımdır. Bu, ən doğru yanaşmadır”.

Diaspor Jurnalistlər Birliyinin sədri Fuad Hüseynzadə "Şərq”ə bildirib ki, müasir dövrümüzdə informasiya özü də bir mübarizə növünə keçib. Tanınmış jurnalistin sözlərinə görə, beynəlxalq aləmdə KİV vasitəsilə mübarizə aparmaq və media dayaqlarımızı gücləndirmək üçün xarici ölkə mediası ilə əlaqələr qurmaq, sıxlaşdırmaq lazımdır: 

"Dünya Azərbaycanlılarının IV Qurultayının açılış mərasimində Prezident İlham Əliyev bildirdi ki, xarici mediaya çıxışımız yaxşı vəziyyətdə deyil. Dövlət başçısı dedi ki, xaricdə böyük azərbaycanlı jurnalist təbəqəsinin yetişməsi vacibdir. Həmin jurnalistlər istər-istəməz Azərbaycan həqiqətlərini çatdıracaqlar. 21-ci əsrdə informasiya mübarizəsi mühümdür. Hansı ölkəyə qarşı çirkin kampaniya aparılırsa, ictimai fikir də ona qarşı yönəlir. Bu istiqamət prioritet istiqamətdir, zəif yerimizdir və qurultayda müzakirə olunmalıdır. Azərbaycan dövləti buna dəstək verə bilərsə, biz hazırıq. F.Hüseynzadə bəyan edib ki, informasiya savaşında ölkəmizə qarşı təxribatların qarşısının alınması ilə bağlı təkliflər veriblər: "Xarici dövlətlərdə və xarici ölkələrin domenləri altında media portalları və televiziya kanalları yaradılmalı və yaxud sayt alınmalıdır. Bunların rəhbərləri və işçiləri qeyri-azərbaycanlılar olmalıdır. Məsələn, ermənilərin Ukraynada, Rusiyada, ABŞ-da, Fransada və digər ölkələrdə, hətta Türkiyədə bu cür media resursları mövcuddur. Bu resurslar yalnız xəbərlər üzərində qurulmamalı, həmçinin intellektual, şou, musiqi istiqamətli olmalı və geniş auditoriyanı əhatə etməlidir. Azərbaycana lazım olan məqamlarda bu KİV-lərdən istifadə olunmalıdır. Digər ən mühüm məsələ isə Azərbaycanda xarici dildə fəaliyyət göstərən media resurslarının sayını artırmalıyıq. Xarici media resurslarına qrantlar ayrılmalıdır. 

Stimul üçün xarici ölkələrdə media sahəsində çalışan, istər professional, istər texniki işçiləri mükafatlandırmaq olar. Məsələn, Türkiyə vətəndaşları xarici ölkələrdə hansısa bir müddət ərzində oxuyub və ya çalışırsa, vətəninə döndükdə ona gömrük və vergi güzəştləri edilir. Əlavə olaraq xaricdə çalışan azərbaycanlıların hər hansısa məlumatın yayılmasında əməyi keçərsə, ona mükafat verilməsini tənzimləmək olar. O cümlədən xarici ölkələrdə nüfuzlu media resurslarının rəhbərləri, müxbirləri və nüfuzlu bloggerlərlə şəxsi münasibətlər yaradılmalıdır. Onlarda Azərbaycana uyğun məlumatların yayılmasında maraq oyadılmalıdır. Bu istiqamətdə ermənilərin və digər millətlərin lobbisi böyük büdcə ayırır. Sosial şəbəkələrdə və virtual forumlarda bloggerlər komandası yaradılmalıdır. Həmin ölkənin universitetlərində jurnalistika fakültələri nəzdində mədəniyyət mərkəzləri açılmalı və gənc jurnalistlərin startup layihələrinə dəstək göstərilməlidir”. 

F.Hüseynzadə bəyan edib ki, jurnalistlərimiz səngərdə keşik çəkən əsgərlərimiz kimi daim aktiv şəkildə, gözlənilən təhdidlərin qarşısının alınması üçün fəaliyyət göstərməlidir: 

"Bizim strategiyamız ancaq müdafiə mövqeyində qalıb cavab yazıları hazırlamaq deyil, hücum mövqeyinə keçib ifşaedici yazılarla dünya mediasına çıxmaq olmalıdır. Xarici mediada Azərbaycanla bağlı qərəzli yazılar verilən zaman həmin yazının elektron versiyasına şərhlər yazmaq, bu məqalələrin qərəzli olduğunu faktlarla göstərmək lazımdır. Daha da irəli gedərək, həmin dillərdə məqalələr hazırlanmalı və o ölkənin istənilən mediasında çap olunmalıdır. Ölkəmizdə informasiya savaşında iştirak etmək üçün yeni nəsil jurnalistlər yetişməlidir. Bu jurnalistlər 2-3 dilli olmalı və çevik şəkildə istənilən məsələyə münasibət bildirməlidir. Çünki bu gün dünya mediasında Azərbaycanla bağlı verilən yazılarda pozitiv şərh boşluğu yaranıb. Əcnəbilərin neqativ şərhlərinə onların öz dillərində cavab verəcək çox az jurnalistimiz var. Ona görə də bu istiqamətdə aktiv olan jurnalistlərimizin sayı artmalıdır”.

İsmayıl Qocayev

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb