Əhali aqressivləşib

"İnsanlar istəyir ki, təcili yardım işçiləri həmin dəqiqə təyyarə ilə xəstənin yanına düşsün"



"Yaxınlarının həkimləri döydüyü xəstə qəfləti ölüm keçiribmiş”. Bunu Sherg.az-a Bakıda çağırışa gedən təcili tibbi yardım stansiyasının işçilərinin sərxoş şəxslər tərəfindən döyülməsinə münasibət bildirərkən Bakı şəhər Təcili yardım stansiyasının səyyar həkimi Şahvələd Məmmədov deyib. O bildirib ki, təcili yardım həkimləri bəzən elə xəstələrə rast gəlir, müdaxilə etmək mümkün olmur:

"Həmin xəstənin yaxınları da bir qədər içkili əhval-ruhiyyədə olublar. Ona görə, səs-küy salınıb ki, təcili yardım gec gəlir, yaxşı işləmirlər və s. Bakı böyük şəhərdir, yollar tıxacdır. Buna baxmayaraq, təcili yardım maksimum 7-8 dəqiqə gecikə bilər. İnsanlar istəyir ki, təcili yardım işçiləri həmin dəqiqə təyyarə ilə restorana düşsün, xəstəyə müdaxilə etsin. Etiraf etməliyik ki, əhali bir qədər aqressivləşib. Yay ayları ilə əlaqədar həkimlərin əksəriyyəti istirahətdə olduğuna görə, yarımstansiyalarda həkimlər azdır. Çağırışlar çox olduğundan həkimlər çatdırmır. Ona görə, insanlar bütün bunları nəzərə almalıdırlar. Həmin hadisə həkimlərə qarşı tərbiyəsizliyin üstündə baş verib. Həkimlərin isə heç bir günahı yoxdur”.

Qeyd edək ki, xəstə Salmanova Nuriyyə Elman qızı açıqlamasında olanları təkzib edib. Şikayətçinin sözlərinə görə, həkimlərin döyülməsi tamamilə yalandır. Əksinə, xəstənin yaxınlarına təzyiq göstərilib. Bundan başqa, N. Salmanova həkimlərin onu şok vəziyyətində xəstəxana adı ilə 34 saylı polis bölməsinin qabağına atdığını söyləyib.


Aysel Aslan