Elektrik lampaları niyə tez sıradan çıxır?

Eyyub Hüseynov: “Bizim mağazalardan alınan lampalar 1 aydan sonra yararsız hala düşür”



Son vaxtlar elektrik lampaları tez-tez və ən gözlənilməz anlarda sıradan çıxmağa başlayıb. Bu da haqlı olaraq insanların narazılığına səbəb olur. Hətta bəzi hallarda mağazadan yeni alınan lampalar belə istifadə üçün yararsız olur.

Numrəddin Hüseynov adlı bir vətəndaş elektrik lampaları ilə bağlı yazı ilə redaksiyamıza müraciət edib: "Kaliforniyada olan bir yanğınsöndürmə binasına 1901-ci ildə taxılan elektrik lapması, artıq 115 ildir ki, yanmağa davam edir. Amma bizim aldığımız elektrik lampası cəmi bir neçə aydan sonra xarab olur. Elektrik lapmasının günümüzdəki kimi ortalama 1000 yox, 2500 saat və daha çox ömrə sahib olduğu bu zamanlar İtaliyanın Cenevrə şəhərində görüşən lampa istehsalçıları iqtisadi vəziyyətlərinə neqativ təsir edən çox önəmli bir məsələ üçün görüşməkdəydilər. Elektrik lampaları o qədər dayanıqlı idi ki, bir şəxs yalnız uzun müddət sonra təkrar olaraq elektrik lapmasına ehtiyac duyurdu. Bu da gəlirlərə təsir edirdi. Bu görüşdə iştirak edənlər bir qərar alırlar - bundan sonra elektrik lampasının ömrü 2500 saatdan 1000 saata qədər azaldılacaq. Və buna əməl olunması ciddi şəkildə yoxlanılacaq. Bununla da elektrik lampaları daha tez xarab olmağa başladılar, insanlar daha çox almağa məcbur oldular və istehsalçılar da bu vəziyyətdən gəlirli çıxdılar. Baxmayaraq ki, 100.000 saat ömrə sahib elektrik lampaları çoxdan kəşf olunmuşdu, bu məsələ heç kəsə sərf etmirdi.

Bu, planlı köhnəlmənin əsasının qoyulmağı demək idi. Bu hadisə sizə heç də yad gəlməsin, çünki planlı köhnəlmə günümüz həyatında geniş şəkildə istifadə olunur, xüsusilə də texnoloji sahədə. Planlı köhnəlmə əşyaların ömürlərinin qəsdən müəyyən bir zamanda limitli tutulması deməkdir. Və alış-verişləri tezləşdirməkdir. Dediyimiz kimi, planlı köhnəlmə gündəlik həyatımızda da var. Əvvəllər uzun müddət işləyən, amma indi zəmanət müddəti bitən kimi xarab olan soyuducular, telefonlar. Xarab olan, ehtiyat hissəsi tapılmayan, təmiri yenisindən daha başa gələn "Samsunq”, "İphone” moddellərini göstərmək olar. Proqram yaddaşı yetmədiyi üçün yararsız qalan smartphone modelləri və s. İstəsək də, istəməsək də, bu hadisənin bir parçasıyıq.

Qısası, hər nə qədər xəbəriniz olmasa da, gündəlik həyatınız sizdən pul qopartmaq üçün keyfiyyətsiz məhsullar istehsal edən şirkətlərlə doludur. Bəlkə də birbaşa və dolaylı köhnəlməyə heç nə edə bilməzsiniz, amma psixoloji köhnəlməyə diqqət edin, özünüzü başqalarının pul maraqlarının qurbanı etməyin”.

Məsələ ilə bağlı "Şərq”ə danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə hesab edir ki, elektrik lampalarının tez zamanda sıradan çıxmasını aidiyyəti qurumlar araşdırmalıdır: "Dünya ölkələrində elektrik enerjisinin qiyməti artanda qənaətli lampalar adı altında rəngli lampaların satışına başlanıldı. Halbuki satış qiyməti ilə müqayisədə onların qənaətli olmadığını gördük. Hətta keyfiyyət baxımdan da etibarlı deyillər. Onlar da digər lampalar kimi tez zamanda sıradan çıxır. Bəzi hallarda isə deffekt çıxırlar. Xaricə səfərlərimin birində lapma almışdım. Həmin lampa 3 il "blok”da daimi olaraq yandı. Amma bizim mağazalardan alınan lampalar 1 aydan sonra yararsız hala düşür. Hesab edirəm ki, Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bu məsələni araşdırmalı və satışda olan lampaların standartlara uyğun olub-olmadığını müəyyən etməlidir. Faktiki olaraq, bazarda olan lampalar əhalinin maddi durumu və əsəb sistemi üçün əlverişli deyil”.

Şəymən