Ərdoğan həqiqətləri söyləyib

BMT-də ciddi islahatlar aparılmalıdır
Azərbaycan və ya Türkiyənin Təhlükəsizlik Şurasında təmsil olunması yerinə düşən təklifdir





"Nə üçün Azərbaycan və ya Türkiyə BMT Təhlükəsizlik Şurasında olmasın? Hazırda Təhlükəsizlik Şurasında müsəlman ölkə yoxdur. Bu, ədalətdirmi?”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Qardaş ölkə rəhbəri bəyan edib ki, dünyanın taleyi BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvünün əlindədir. Hətta bəzən bir ölkənin əlində olur:

"Təhlükəsizlik Şurasının 5 daimi üzvü haqlarımızı bizə vermək baxımından hər hansı addım atırmı? Xeyr. Onlara necə sərf edirsə, elə hərəkət edirlər. 196 dövlət BMT-yə üzvdür. Bu ölkələrin taleyi 5 ölkənin əlindədir. Həmin ölkələr yox deyərsə, nəticə əldə edə bilməzsən. Biz deyirik ki, bunu dəyişdirək. Qitələrarası bölgünü ədalətli etmək lazımdır”. Türkiyə Prezidenti vurğulayıb ki, qurumda ciddi dəyişiklik olmalıdır: "Təhlükəsizlik Şurasının 20 və ya 30 üzvü olmalıdır. Bu ölkələr növbəli olaraq BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin səlahiyyətlərinə bərabər şəkildə sahib olaraq dünyanı idarə etməlidir. Daimi və müvəqqəti üzv ayrı-seçkiliyi olmamalıdır”. 

Ərdoğanın fikirləri ilə bağlı "Şərq”ə açıqlama verən Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib ki, Türkiyə rəhbərinin sözlərində həqiqət var. Ekspertin fikrincə, BMT-də ciddi islahatlar aparılmalıdır: 

"Qurumda reformların olması zəruridir. İkinci Dünya Müharibəsindən sonra yaranan beynəlxalq təşkilat uzun illərdir fəaliyyət göstərir. Lakin artıq siyasi mənzərə çox dəyişib. Dünyada müxtəlif istiqamətli hadisələr baş verib. Ola bilsin, müharibədən əvvəl bu qədər ciddi proseslər yaşanmırdı. Yəni indiki kimi güclü separatçılıq, terror aktları, qanlı münaqişələr yox idi. Güclü siyasi oyunçular az idi. İndi vəziyyət ayrı cürdür. Bir sıra aparıcı ölkələr öz regionlarında mühüm rol oynayan dövlətlərə çevriliblər”. 

Politoloq bildirib ki, Azərbaycan və ya Türkiyənin Təhlükəsizlik Şurasında təmsil olunması yerinə düşən təklifdir: 

"Əlbəttə, Azərbaycanın qurumda daha güclü mövqedə təmsil olunması maraqlarımıza cavab verir. Eyni zamanda beynəlxalq hüquq normalarına əməl etmək baxımından BMT-nin özü üçün faydalıdır. Azərbaycan tərəfi BMT-nin islahatlarında fəal iştirak edə bilərdi. Lakin bütün bunları Təhlükəsizlik Şurasının tərkibinin artırılması şərti ilə etmək mümkündür. Düşünürəm ki, səsləndirilən təklif Azərbaycan və Türkiyə ilə yanaşı, qurumda təmsil olunmayan digər dövlətlərin də maraqlarına uyğundur. Hazırda o qədər real səslənməsə də, gələcəkdə təklifin bir sıra məqamları nəzərə alına bilər. Ən azından BMT islahatlara başlamaq qərarına gələndə qaldırılan məsələnin reallaşacağını istisna etmək olmaz”.

İsmayıl