Ermənipərəst fransızların cavabları verilməlidir" - Qanunsuz səfərə görə





"Dünya ermənilərinin 40 faizindən çoxu Fransada yaşayır. Ən güclü erməni lobbisi də həmin ölkədədir”.

Bunu "Sherg.az”a açıqlamasında siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev deyib.

Analitik bildirib ki, əgər ABŞ-da 1 milyon erməni varsa, Fransada 4 milyondan artıq erməni məskunlaşıb: 

"Xarici İşlər Nazirliyimizdə Avropa ilə bağlı şöbə var. Qitənin bir çox ölkəsində səfirliklərimiz fəaliyyət göstərir. Ancaq onların işi qənaətbəxş deyil. Azərbaycanın Fransadakı səfirliyi qanunsuz səfərlərlə bağlı tədbir keçirtməli, mühüm şəxslərlə əlaqə qurmalıdır. İnanın, siyasətçilərimizin əksəriyyəti Fransadakı səfirin adını bilmir. Çünki həddindən artıq fəaliyyətsizdirlər, daha doğrusu başqa işlərlə məşğuldurlar. Bundan əlavə Milli Məclisdə Azərbaycan-Fransa dostluq qrupu fəaliyyət göstərir. Parlament bu barədə qərar çıxartmalı, Fransaya müraciət etməlidir. 

Tək-tük adamların çıxışları vəziyyəti düzəltmir. Cavabları verilmir deyə, bəzi ermənipərəst fransızlar qudururlar”. 

Professor bəyan edib ki, ölkəmizdə çoxlu partiyalar, xeyli qeyri-hökumət təşkilatları, o cümlədən bələdiyyələrin birgə təmsil olunduğu ictimai birliklər var: 

"Bir yerə toplaşıb bəyanat versinlər. Niyə heç birinin səsi çıxmır? Müxalif təşkilatlar oturub gözləyirlər ki, xaricdəki bəzi qüvvələr Azərbaycana təzyiq göstərsinlər, bizi pisləsinlər. Belə şeylər eşidəndə sevindiklərindən hamısı danışmağa başlayır. Burada ümumi Azərbaycan dövlətinin və xalqının maraqlarından söhbət gedir. Təəssüflər olsun ki, heç kim öz işi məşğul olmaq istəmir. Xaricdə təhsil alan, bir neçə əcnəbi dil bilən gənclərimiz var. Onların da bəzisi müxtəlif siyasi oyunlara cəlb olunduqları üçün belə məqamlarda susurlar”.

İsmayıl