"Ermənistan qonşularına qarşı ərazi iddiaları ilə çıxış edir" - Özünütəcrid





"Ermənistan bölgədə mövcud olan heç bir enerji və nəqliyyat layihələrindən yararlana bilmir. Nəticədə daha çox təcrid olunur”

Bunu "Sherg.az”a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Analitik bildirib ki, İrəvanın yeritdiyi yanlış siyasət ermənilərin başına bəla olur. Bundan qurtulmağın yolu torpaqların azad edilməsidir: 

"İndiki halda düşmən ölkə həm Azərbaycandan, həm Türkiyədən, həm də Gürcüstandan üzr istəyərək geri çəkilməlidir. Çünki Ermənistan bütün qonşularına qarşı ərazi iddiaları ilə çıxış edir. Bir sıra məsələlərdə güzəştə getmək Ermənistanı xilas etməyəcək. İrəvanın yürütdüyü xarici siyasət kökündən dəyişməli və sağlam məcraya yönəlməlidir. 

Ermənistan məkirli siyasətindən əl çəkdiyinə dair qonşulara qarantiya verməli və regional dialoqa qoşulmalıdır. Yalnız o halda ermənilərin normal həyat yaşamasından söhbət gedə bilər. Ancaq indiki halda vassal Ermənistanın nə istədiyi və nə bacardığı qonşu dövlətlər üçün maraq kəsb etmir. Çünki heç bir ölkə Ermənistana suveren dövlət kimi yanaşmır”.

T.Abbasov bəyan edib ki, Azərbaycan, Türkiyə və İran iqtisadi zəmində böyük əməkdaşlıq potensialına sahibdir. Ümumiyyətlə, sağlam siyasət yeridən bütün dövlətlər birgə əməkdaşlıqda maraqlı olurlar: 

"Hazırda İran müəyyən problemlərlə üz-üzədir, çünki ABŞ-ın sərt sanksiyalarına məruz qalıb. Buna baxmayaraq, Tehran öz daxili imkanları ilə qonşularla müsbət əlaqələr qurmağa çalışır. Mütəmadi olaraq bir araya gələn üç ölkə dünyaya mesaj verirlər ki, dövlətlərin inkişafı, xalqların rifahı yalnız və yalnız etibarlı dialoqdan, birgə əməkdaşlıqdan keçir. 

Xüsusən, bir-birinə qonşu olan dövlətlərin qarşılıqlı münasibətləri olduqca zəruridir. Məlumdur ki, regionda əməkdaşlıqdan qaçan yeganə ölkə işğalçı Ermənistandır. Əlbəttə, təcavüzkar Ermənistanın qonşu dövlətlərlə əlaqə qurmaması ilk növbədə düşmən ölkənin özünə zərbə vurur”.

İsmayıl