Rusiya ölkənin həm hava, həm də quru məkanını nəzarətinə keçirib
Rusiya Prezidenti Vladimir Putin Ermənistanla birləşmiş qoşun qruplaşmasının yaradılması haqqında sazişi təsdiqləyib. Kremlin qərarı ölkə ictimaiyyəti tərəfindən narahatlıqla qarşılanıb.
Çünki düşmən tərəf hər fürsətdə Rusiya ilə ortaq yaradılan ordu birləşməsindən Azərbaycana qarşı təhdid və təzyiq vasitəsi kimi istifadə edir. Xüsusən, Dağlıq Qarabağ cəbhəsində birləşmiş qoşun növündən yararlanacağını iddia edir.
Məsələ ilə bağlı "Şərq”ə fikirlərini bölüşən politoloq Natiq Miri deyib ki, ordu birləşməsini Rusiyanın geosiyasi maraqları çərçivəsində dəyərləndirmək lazımdır. Rusiya Ermənistanın həm hava, həm də quru məkanındakı bütün qoşunlarını öz nəzarətinə keçirib:
"Ermənistanın müstəqilliyi ləğv edilib, bir növ Rusiyanın əyalətlərindən birinə çevrilib. Rusiya əmindir ki, "müttəfiq” olmasına rəğmən Sarkisyan hakimiyyəti Moskvanı hər an Qərb dünyasına sata bilər. Ona görə də Ermənistanı tam təsirsiz hala gətirmək üçün "təhlükəsizlik təminatı” adı altında birgə qoşun birlikləri yaratdı. Digər yandan isə Ermənistanı hərbi və siyasi yöndə tamamilə ələ keçirdi. Eyni zamanda Rusiya regionda, xüsusən, Yaxın Şərqdə geosiyasi maraqlarını təmin etmək üçün bölgəyə ən yaxın hərbi bazasını gücləndirdi. Ən vacib raket və havadan müdafiə sistemlərini, qırıcı və helekopterləri Yaxın Şərqə yaxın ərazidə yerləşdi”.
Ekspert birgə qoşun növünün Azərbaycan üçün yaratdığı təhlükəyə də toxunub:
"Birgə qoşun həm Azərbaycan, həm də İran üçün müəyyən mənada təhdid deməkdir. Baxmayaraq ki, İran bu məsələdə susqun görsənir, ancaq Tehran rejimi Rusiyanın Ermənistanda güclənməsindən məmnun deyil. Eyni ilə Azərbaycan da özü üçün narahatedici məqamlar görür. Əgər Dağlıq Qarabağ münaqişəsi alovlanarsa, Rusiya Ermənistana dəstək vermək üçün bəhanələr tapacaq. Doğrudur, bəziləri iddia edir ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsi olduğu üçün Moskva bu məsələyə müdaxilə edə bilməz. Ancaq nəzərə alaq ki, Azərbaycanın Ermənistanla bir neçə yüz kilometrlərlə quru sərhəddi var. Ermənistan sərhəd boyu süni gərginlik yaradar və birgə qoşun sistemləri istənilən bəhanə ilə istifadə edilə bilər”.
İsmayıl