Boltonun regiona səfəri düşmən ölkə üçün arzuolunmaz nəticələrə gətirib çıxara bilər
ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Moskvada səfərdədir. Boltonun oktyabr ayının 24-də Azərbaycana, daha sonra isə Ermənistana və Gürcüstana səfərləri baş tutacaq. Amerika xarici siyasətinin əhəmiyyətli fiqurlarından sayılan Boltonun Rusiya və Cənubi Qafqaza səfərində əsas gündəlik təxminən bəllidir: - təhlükəsizlik məsələləri, Yaxın Şərq mövzusu və İrana qarşı sanksiyalar. Bakıda Dağlıq Qarabağ məsələsinin də müzakirə predmeti olacağı istisna olunmur. İddialara görə, Trampın emissarı üç Qafqaz ölkəsinin ilk növbədə İrana qarşı sanksiyalarla bağlı mövqeyini öyrənəcək. Onlara rəsmi Vaşinqtonun ismarıclarını çatdıracaq. Ekspertlərin fikrincə, Bolton əsas etibarı ilə xarici işlər nazirləri ilə görüşəcək.
Boltonun regiona səfərini "Şərq”ə dəyərləndirən politoloq Məhəmməd Əsədullazadə deyib ki, ABŞ prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşavirinin bölgəyə səfəri ərəfəsində Ermənistanın baş naziri Nikol Paşinyanın İrana qarşı sanksiyalara qoşulmayacağını bəyan etməsi, birbaşa Boltona xəbərdarlıq mesajıdır.
Çünki Bolton Cənubi Qafqaz səfərində İrana qarşı bu ölkələrin noyabrın 14-dən başlayacaq sanksiya paketinə qoşulmasını istəyəcək. Yəni Ermənistanın İranla hər hansı strateji-iqtisadi əməkdaşlıqdan imtina edilməsi istəniləcək: "Bir neçə gün bundan əvvəl ABŞ rəsmisi Corc Kentin Ermənistanın İrana qarşı sanksiyalara qoşulmayacağı təqdirdə sanksiyalara məruz qalacağını vurğulamışdı. Vaşinqton çalışır ki, "Soros" Fondunun maliyyə dəstəyi ilə hakimiyyəti ələ keçirən Nikol Paşinyan birbaşa Vaşinqtonun diktəsinə tabe olsun.
Ona görə də bu şəkildə İrəvana açıq mesaj verilir. Amma Azərbaycan haqqında Vaşinqtonun İrana qarşı sanksiyalara qoşulmaq barədə açıq çağırışı yoxdur. Çünki Azərbaycan manevr siyasəti aparır və enerji siyasətində ABŞ-la sıx əməkdaşlıq edir. Həmçinin, İranla Azərbaycanın ciddi iqtisadi əlaqələri yoxdur. Lakin İran Ermənistan üzərindən Qara dənizə yeni qaz kəməri çəkməyi planlaşdırır. Bundan əlavə, Ermənistan bankları və Qarabağda yerləşən qanunsuz banklar vasitəsi ilə sanksiyadan yayınaraq maliyyə əməliyyatları həyata keçirir. Bolton İranın Ermənistan üzərindən iqtisadi maraqlarının qarşısını almaq üçün İrəvana təzyiq etməyə çalışacaq”.
Ekspertin sözlərinə görə, Nikol Paşinyan dekabrda növbədənkənar parlament seçkilərindən sonra İrana qarşı sanksiyalara qoşulmasa, ABŞ-ın birbaşa maliyyə yardımlarından məhrum olacaq:
"Bu da konkret olaraq Paşinyana Vaşinqton tərəfindən böyük zərbə vurulmasına gətirib çıxaracaq. Hələ ki, ABŞ Ermənistana vəd etdiyi maliyyə yardımını ayırmır. Çox güman ki, parlament seçkilərindən sonra Paşinyanın siyasi kursuna uyğun olaraq Ağ Ev maliyyə məsələsində son qərarı verəcək. Həmçinin, Tramp administrasiyası Qarabağ separatçılarına humanitar yardım adı ilə ildə ayırdığı vəsaiti ləğv edə bilər”.
Analitikə görə, Paşinyan ABŞ-ın maliyyə yardımlarına böyük ümid edir və ölkəsində bir sıra sahələrə investisiyasının yatırılmasına çalışır:
"Göründüyü kimi, dilemma qarşısında qalan Paşinyanı çətin sınaq gözləyir. İrana qarşı sanksiyalara qoşularsa, Tehrandan ölkəsinin aldığı ucuz qazdan məhrum olacaq, İranın sərt siyasəti ilə üzləşəcək. ABŞ-ın əleyhinə olaraq İranla əməkdaşlığı davam etdirərsə, sanksiyalarına məruz qalacaq. Bir məsələni də vurğulamaq lazımdır ki, Paşinyan hakimiyyətə ilk gəlişindən Trampla görüşmək üçün cəhdlər edir. Bu görüş onun üçün hakimiyyətinin Moskva qarşısında immunitetini möhkəmləndirməyə hesablanıb. Əgər İrana qarşı Vaşinqtona dəstək verməsə, Trampla görüşmək istəyi elə istək olaraq qalacaq.
Ermənistanın heç bir manevr imkanları olmadığı üçün yeni hakimiyyətin iqtisadi inkişaf islahatı reallaşmayacaq. Ümumiyyətlə, ABŞ-ın İrana sanksiyaları Ermənistan üçün əlavə iqtisadi və siyasi problemlərə yol açacaq. Boltonun regiona səfəri, xüsusi ilə Ermənistanda aparacağı danışıqlar düşmən ölkə üçün arzuolunmaz nəticələrə gətirib çıxara bilər”.
İsmayıl