Ermənistanın hərbçiləri etiraza başladı

Onlar Qarabağda xidmət keçmək istəmirlər
Onlar yad torpaq uğrunda ölmək istəmir. Ermənistan hakimiyyətinin məcburi qaydada tətbiq etdiyi bu sistem ölkə əhalisi arasında böyük narazılığa səbəb olur

Ermənistan ərazisində xidmət edən daxili qoşunların zabit və polis nəfərləri Azərbaycanın işğal edilmiş ərazilərində xidmət etməkdən kütləvi şəkildə imtina edib. Ermənistan mətbuatına istinadən aldığımız məlumata görə, Ermənistan baş naziri Nikol Paşinyan tərəfindən, cari ilin avqust ayından başlayaraq daxili qoşunların şəxsi heyətinin Azərbaycan-Ermənistan təmas xəttinə yaxın cəbhəboyu rayonlara 15 günlük xidməti ezamiyyətə göndərilməsi barədə qərar verilib. 

Lakin bu qərardan sonra Dağlıq Qarabağa xidmətə göndərilmək üçün seçilən daxili qoşunların hərbçiləri vəzifə maaşlarına ediləcək 32.000 dram (112.51 manat) məvacibdən rəsmi olaraq imtina edərək dövlətlə bağladıqları müqavilələri pozmağa başlayıblar. Daxili qoşunların zabitləri bildiriblər ki, onlar müqavilələrində göstərildiyi kimi yalnız Ermənistan Respublikası ərazisində xidmət edəcəklərini öhdəlik kimi götürüblər. Digər ərazilərə, xüsusən təhlükəli Azərbaycan-Ermənistan təmas xəttinə xidmətə göndərilmələri dövlət ilə bağladıqları müqavilə ilə ziddiyyət təşkil edir və heç bir hüquqi əsası yoxdur.

Daxili qoşunlar sistemindən ayrılan hərbçiləri müqavilələrində göstərilmədiyi halda, dövlətin pul müqabilində onları başqa ərazilərə xidmətə göndərməsinə hüquqi qiymətin verilməsini, həmçinin hökuməti müqavilələri pozduğuna görə beynəlxalq məhkəməyə verib, təzminat tələb edəcəklərini bildiriblər.

Ermənistanda Daxili qoşunlarda xidmət edən hərbçilərin Dağlıq Qarabağa getməkdən imtina edərək hüquqlarını müdafiə etməsi Ermənistan sosial şəbəkələrində böyük rezonansa səbəb olub. Belə ki, eyni vəziyyətin Dağlıq Qarabağa göndərilən Ermənistan Müdafiə Nazirliyinə tabe olan hərbçilərə də aid olduğunu təsdiqləyən sosial şəbəkə istifadəçiləri bildiriblər ki, Ermənistan Müdafiə Nazirliyinin hərbçiləri Ermənistan Respublikasına xidmət etməlidirlər, onların Dağlıq Qarabağa getməsi qeyri-qanuni hesab olunmalıdır.

Ordunu cəmiyyətin güzgüsü kimi dəyərləndirən ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov "Şərq”ə açıqlamasında deyib ki, cəmiyyət hansı vəziyyətdədirsə, orduda da həmin proseslər gedir:

 "Baxın, Azərbaycan cəmiyyətinin Dağlıq Qarabağ problemi ilə bağlı mövqeyi bəlli və dəyişməzdir. Müxalifətli, iqtidarlı bütün vətəndaşlar biri-birinə dəstək olub, dövlətin mövqeyini müdafiə edir. Hamılıqla bir məqsədimiz var ki, işğal altında qalan torpaqlarımızı azad edib, ərazi bütövlüyünü bərpa edək. Bu birlik sadəcə sözdə deyil. Biz 2016-cı ilin aprel döyüşləri zamanı xalqla ordunun dönməz birliyinin şahidi olduq. Bu döyüşlər cəmiyyət olaraq, fərd olaraq hər birimizin vətən üçün əsgər olmağa hazır vəziyyətdə dayandığımızın sübutu idi. Bu döyüşlər bizim daxilimizdə Qarabağ sevgisinin, Qarabağ yanğısının, birlik potensialımızın göstəricisi idi. 

Ən başlıcası isə xalq öz liderinə inanır, dövlət başçısının münaqişənin həlli istiqamətində yeritdiyi siyasəti dəstəkləyir və hər an torpaqlarımızın işğaldan azad edilməsi üçün dövlət başçısının yanında dayanmağa hazırdır. Qarabağ məsələsində hamı bilir ki, haqq Azərbaycan tərəfindəndir. Ermənistan cəmiyyətində isə vətəndaşların Qarabağ mövqeyində xaos var. Erməni hərbiçilərin Qarabağda döyüşmək istəməməsi ilə bağlı mütəmadi olaraq xəbərlər alırıq. İllərdir bu proses davam edir. Cəmiyyətin ağıllı adamları, normal düşüncə sahibləri bilir ki, Qarabağ məsələsi Ermənistana ziyandan qeyri heç nə verməyib. 

Analar oğul itirib, gənclər həyatından olub. Məhz bu səbəbdən də Ermənistanda əsgər anaları mütəmadi aksiyalar keçirir, etirazlarını dilə gətirirlər. Erməni əhalisi övladlarının Dağlıq Qarabağda xidmət keçməsini arzulamır. Bunun bir səbəbi Dağlıq Qarabağdakı vəziyyətin acınacaqlı olaraq qalmasıdır. Digəri isə Azərbaycan ordusunun hər an genişmiqyaslı hərbi əməliyyatlara başlayaraq öz torpaqlarını azad etməsi qorxusudur. Erməni anaları, hərbiçiləri Azərbaycanın gündən-günə gücləndiyini, ordusunun müasir silahlarla silahlandığını, gücünü artırdığını görürlər. Bu fakt da onların canına vəlvələ salır.

Bu səbəbdən də onlar yad torpaq uğrunda ölmək istəmir. Ermənistan hakimiyyətinin məcburi qaydada tətbiq etdiyi bu sistem ölkə əhalisi arasında böyük narazılığa səbəb olur”.

Ermənistanın cənnət Qarabağı xarabalığa çevirdiyini vurğulayan Ş.Ramaldanov deyib ki, ölkə heç özünü dolandıra bilmir, nəinki Qarabağ əhalisini. Ermənistan siyasi rəhbərliyinin Qarabağdakı işğalçı qüvvələri saxlamaq və onları silahlandırmaq üçün Rusiyadan maliyyə dəstəyi aldığı deyən polkovnikin sözlərinə görə, qonşudan gələn payla qarın doymaz: 

"Ermənistan ordusunda vəziyyət olduqca gülməli və acınacaqlı hal alıb. Sosial-iqtisadi müstəvidə ciddi çətinliklərlə üzləşən Ermənistan üçün bu gün ən böyük problemlərdən biri də ordunu saxlamaq, onu zəruri texniki avadanlıqlarla təmin etməkdir. 

Əlində nağd vəsaiti olmadığı üşün istədiyi silahı, hərbi texnikanı ala bilməyən Ermənistana Rusiya kredit yolu ilə nə təklif edir, onu alır. Azərbaycan isə alacağı silahı da, bazarı da özü seçir. Bu gün ordumuzda olan silah-sursat, texnika, atəş sistemləri, artilleriya qurğuları ən müasir tələblərə cavab verir. Bütün dövlətlərin hərbi-sənaye bazarları bizimlə əməkdaşlığa can atır. 

Azərbaycan Ordusunun zabitləri bütün beynəlxalq tədbirlərdə öz peşəkarlığı ilə seçilir. Döyüş hazırlığını daim artıran Azərbaycan Ordusu həm mənəvi-psixoloji, həm maddi-texniki, həm də kadr potensialı cəhətdən düşməndən qat-qat üstündür”.

Şəymən