Dondurmalardan zəhərlənmə faktları aktualdır
Narahat edən məqam dondurmalarda bağırsaq çöplərinin olmasıdır
Yay dedikdə ağıla ilk sərinləşdirici dondurma gəlir. Satışda dondurmaların müxtəlif çeşidləri olsa da, keyfiyyəti nə dərəcədə yaxşıdır, bunu söyləmək çətindir. Çünki son günlər dondurmadan zəhərlənənlər var və onların sayı artmaqdadır.
Qeyd edək ki, bir müddət öncə satışda keyfiyyətsiz dondurmalar da aşkar edilmişdi. Növbəti zəhərlənmə faktı isə Qazaxda qeydə alınıb. Rayonun Yuxarı Salahlı kənd sakini 2002-ci il təvəllüdlü Məmməd Kərimov Kərəm zəhərlənmə əlaməti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir. Yaxınlarının deməsinə görə 15 yaşlı oğlan dondurma yedikdən sonra zəhərlənib.
Dondurmadan zəhərlənmə baş verən zaman insanda ürək bulanma və ishal hallarının olduğunu deyən həkim-terapevt Şəmsiyyə Namazlının sözlərinə görə, ilkin tibbi yardım zamanı xəstədə dəyişiklik olmursa, mütləq şəkildə həkimə müraciət etmək lazımdır:
"Ümumiyyətlə, mövsümlə bağlı olaraq dondurmadan zəhərlənmə faktı olduqca aktualdır. Son günlər mətbuatda da çox yayımlanır ki, dondurmalardan zəhərlənənlərin sayı artıb. Təbii ki, dondurmanın tərkibində vurulan süd, bir çox kimyəvi elementlər, istifadəyə yararlı olub-olmaması olduqca vacibdir. Mənfi dərəcədə temperatur dondurmanın tərkibindəki maddələri kölgədə qoyur. Orqanizmə daxil olduqdan sonra da artıq bir çox fəsadlar üzə çıxır. Zəhərlənmə halları baş verən zaman əsasən bizi narahat edən məqam dondurmalarda bağırsaq çöplərinin olmasıdır.
Əgər dondurmadakı bağırsaq çöpləri orqanizmə daxil olursa, ilk növbədə insanlarda mədə-bağırsaq diffeksiyaları, qusma, ürək bulanma, baş gicəllənmə, hətta temperaturun artması baş verə bilər. İstər dondurma, istər digər ərzaqlarda bağırsaq çöpü varsa, mədə-bağırsaq sistemində dəyişikliklər baş verəcəkdir. Əgər ürək bulanma və baş gicəllənmə olarsa, evdə ilk yardım göstərilməlidir. Həkimə qədər olan yardımdan sonra qusma və ürəkbulanma halları dayanmırsa, həkimə müraciət etməli, mədə-bağırsaq sisteminin yuyulub təmizlənməsi yerinə yetirilməlidir. İshal və orqanizmdə mayenin itirilməsi baş verirsə, hüceyrədaxili mayenin hüceyrə xaricinə düşməsi və maddələr mübadiləsinin pozulması zamanı insan uzun müddət mədə-bağırsaq sisteminin pozulması ilə yaşamalı olacaq. Eyni zamanda həmin xəstənin bir müddət xəstəxanada olması vacibdir”.
Yeganə Bayramova