Facebook GÜNDƏLİYİ

Ömrü boyu ev tikənlər...
Bizim millət qazandıqlarını daşa, quma, sementə xərcləyirlər


"İki uşağı var. Deyir, mənim işim həmişə var, pis də qazanmıram. Digəlki, nə mən, nə uşaqlarım bulvarın harda olduğunu bilmirik. İki kilo ət alıb kabab çəkdiyimi xatırlamıram"


Azərbaycanlılar qədər tikib-sökməyə maraqlı ikinci bir xalq tapmaq çətin olar. Sökürlər tikirlər, tikirlər sökürlər. Adamlar bütün ömür boyu qazandıqlarını daşa, quma, sementə xərcləyirlər. Ömür boyu ev tikirlər, ömür boyu ev təmir edirlər. Rahatlıqları yoxdu. Rahat ola bilmirlər. Bəzi ziyalılar bunu insanlarımızın ruh dünyasının yoxsul olması ilə əlaqələndirir. Öz zövqləri, dünyagörüşləri olmadığı üçün qohum, qonşu, hərə gəlib bir söz deyir, ağıllarına nə batdı, onu da edirlər. Sanki bizim insanlar özü üçün yaşamır, qonşu üçün, qohum üçün, iş yoldaşı üçün yaşayır. Burda rəqabət daha çox özünü olduğundan daha varlı, daha imkanlı göstərmək üzərində qurulub. 

Beləcə, öz həyatları yaddan çıxır. Ömür boyu tikib sökürlər. Bir də görürlər ki, həyat artıq bitməkdədi və adam bütün ömrünü tikib-sökməyə, söküb-tikməyə həsr edib. Hər bir xalqın səviyyəsi həm də onun mədəniyyətə nə qədər pul xərcləməsiylə, mədəniyyətə nə qədər qayğıyla yanaşmasıyla ölçülür. Azərbaycanlıların mədəniyyətə pul xərcləmək məsələsində vəziyyətləri faciəvi dərəcədə ağırdı. İnsanlar sadəcə intellektual əməyə pul xərcləməyi ağıllarına belə gətirmirlər. Sağlamlıqlarına, müalicələrinə qıymadıqları pula evin üstünü qaldırır, ya da otaqların sayını artırırlar.

Feysbuk istifadəçilərindən olan Vüsal Paşa bu mövzuda maraqlı bir status yazıb:

"Evdə santexnik işləyir. İşinə söz ola bilməz, amma çox gileylənən adamdır. İki uşağı var. Deyir, mənim işim həmişə var, pis də qazanmıram. Digəlki, nə mən, nə uşaqlarım bulvarın harda olduğunu bilmirik. İki kilo ət alıb kabab çəkdiyimi xatırlamıram, çatdırmaq olmur və s. Dedim, ay usta, biz də kasıbıq, amma bulvara da gedirik, restorana da. Nəsə, sənin başqa problemin var. Aydın oldu ki, bu bədbəxt iki dənə "zırıltı" ev tikib. Birini oğluna, birini qızına. İyirmi ildir evlərin altından çıxammır. Yetimin şalvar belindən düşür, gözlərindən palçıq tökülür. Əksəriyyətimiz eyni həyatı yaşayırıq. Bizim qədər bədbəxt toplum təsəvvür etmirəm...”.

Statusa reaksiya verən digər istifadəçilər də Vüsal Paşa ilə həmrəy olduqlarını qeyd edərək, öz fikirlərini bölüşüblər.

Turan İsmayil Xan: Mən bizim xalqın bu xarakteri kimi mənasızını görməmişəm. Hamı eyni taleni yaşayır. Ömür boyu qurur-yaradır, amma ortada da heç nə yox. 60-70 illik həyatını sözün həqiqi mənasında daşı daş üstə qoymaqla puç edir.

Təhmasib Quliyev: Bizi daş divara öyrədənin Allah evin yıxsın, həyatımızı kubiknən sementə həsr edirik.

Ağabalı Xəyirxəbərov: Mən də çox eşitmişəm, deyirlər yazıq tikdiyinin içində bir xoş gün görmədi.

Əvəz Hüseynov: Allah ölənlərinizə rəhmət eləsin. Anam 30 il ev tikdirdi, amma içinə öləndə girdi, 2 saatlıq. Siz dediyiniz budur.

Sosioloq Əhməd Qəşəmoğlu isə sözügedən problemin kökünün çox daha dərinlərdə olduğunu deyib: 

"Son illər cəmiyyət sürətlə mürəkkəbləşir. Bir yandan qloballaşma, digər yandan isə ölkədə baş verən proseslər həyat şəraitini çətinləşdirir. Bir sıra adət-ənənələrimiz, xalqıma məxsus xüsusiyyətlər var ki, onları müasir dövrə transfer edəndə vəziyyət daha da mürəkkəbləşir. Sizin qaldırdığınız məsələ də həmin məsələlərdən biridir. Ta qədimdən bu xüsusiyyətlər insanlarımızın düşüncəsində kök saldığından onlardan birdən-birə imtina etmək mümkün olmur. Ev-eşik məsələləri bizim insanların hər zaman həssas yeri olub.

Hesab edirəm ki, dövlət proqramları və qanunvericilikdə bu problemin həlli üçün müəyyən bəndlər salınmalıdır. Əgər evsizlik probleminin həllində dövlət ailələrə yardım etsə, insanlarımız da daşı-daş üstdə qoymaq üçün gecəsini gündüzünə qatmaz. Hətta insanlar var ki, ömrü boyu qazandığını daşa, quma, sementə verir. Ev yaşanacaq hala gələndə isə canı əldən düşür. İnsanlar arasında maarifləndirmə işi aparmaq lazımdır ki, şan-şöhrətə aludə olmasınlar. Elə adamlar var ki, imkanı zəif olduğundan illərlə özünə mənzil tikə bilmir. Beş-üç manat nə artırsa, onu da daşa, quma verir. Amma elələri də var ki, məhz qohum- qonşu ilə bəhsləşir. Qonşunun evi ikimərtəbəlidirsə, bununku üçmərtəbəli olmalıdır. Dostunun 2 evi varsa, bu, üçüncünü də tikməlidir, ya da almalıdır”.

Sosioloqun sözlərinə görə, bütün bu problemlərin kökündə isə insanlarımızın mənəviyyat yox, maddiyyat yarışına çıxmasıdır: 

"Bunun qarşısını almaq üçün də cəmiyyətin dəyərlər sistemində ciddi dəyişikliklər olmalıdır. Əmin olun ki, iyirmi ildir evlərin altından çıxa bilmədiyini iddia edən usta 2 otaqlı mənzilə qane olmayıb. İkimərtəbəli ev, ya da villa tikmək istəyir. Çox təəssüf ki, mənəviyyat məsələləri ilə məşğul olan elmi tədqiqat institutlarımız olmadığı üçün insanların təfəkküründə yer alan ziyanlı ənənələrdən uzaqlaşa bilmirik”.

Şəymən