“Fərat qalxanı” bir fürsətdir"

“Türkiyə Suriya və İraqda əməliyyatları davam etdirməlidir”


Suriyada həyata keçirilən "Fərat qalxanı” əməliyyatının növbəti mərhələsi başlayıb. Türkiyə
ordusunun dəstəklədiyi müxalif Azad Suriya Ordusu Əl-Bab şəhərinin İŞİD terror təşkilatından
azad edilməsi əməliyyatına start verib. Buna səbəb YPG-nin Əl-Baba yaxınlaşması olub. Azad
Suriya Ordusunun Əl-Bab şəhərinə 2 km. qədər yaxınlaşdığı bildirilir.

Məlumat üçün deyək ki, Əl-Bab İŞİD terror təşkilatının Rakka şəhərindən sonra əsas ikinci
mərkəzidir. Bu şəhər strateji mövqeyi ilə seçilir. PYD bu şəhəri ələ keçirərək Suriyada elan
etdiyi kürd kantonları birləşdirməyə çalışır. Türkiyə isə dəfələrlə bəyan edib ki, sərhədində terror
qurşağının yaranmasına yol verilməyəcək. Xatırladaq ki, ABŞ-ın yeni Prezidenti Donald Tramp
Suriyadakı terrora son qoymağın ən "ağıllı” yolunu Əsəd rejimini dəstəkləməkdə görür. Tramp
deyib ki, ABŞ "tanımadığı Suriya müxalifətini” dəstəkləməyəcək, əksinə, Əsədi dəstəkləyən

Moskva ilə münasibətləri normallaşdıracaq. Suriyadakı əməliyyatlarla bağlı "Şərq”ə fikirlərini
bölüşən politoloq Qabil Hüseynli deyib ki, Türkiyə mövcud vəziyyəti hərtərəfli ölçüb-biçib:

"Türkiyənin indiki kimi şansı olmayacaq. Ona görə də fürsət düşmüşkən Suriya və İraqdakı
əməliyyatları davam etdirməlidir. Hələlik ABŞ, daha doğrusu, yanvar ayına qədər hakimiyyətdə
sayılan Obama administrasiyası Türkiyəyə Yaxın Şərqdə dəstək verir. Trampın konkret mövqeyi
daha sonra məlum olacaq. Əl-Bab İŞİD-in istinadgahlarından olsa da, Suriya kürdləri burada
hökmranlıq edir. Amma nəzərə almaq lazımdır ki, hazırda İŞİD-ə qarşı ən yaxşı mübarizə
aparan, ölkə ərazisini terrorçulardan təmizləyən güclər Türkiyə və Azad Suriya Ordusudur. Kürd
peşmərgələr isə gizlənərək, ara-sıra terrorçulara qarşı müqavimət göstərirlər”.

Politoloq bildirib ki, İŞİD-in son qərargahı Rakka şəhərinə yol Əl-Babdan keçir:

 "Əgər Türkiyə və Azad Suriya Ordusunun hücumları davam edərsə, terrorçuların kökü kəsilə bilər. Hələlik, Əsəd rejimi başda olmaqla, ABŞ və Rusiya bu məsələyə göz yumur. Görünür, onlar prosesin gedişatından razıdırlar. Məncə, Türkiyə Suriyanın ən mühüm nöqtələrini İŞİD-dən təmizlədikdən sonra
Əsədlə danışıqlar masasına oturmağı müzakirə edə bilər. Ancaq bunun tamamilə əksi də
mümkündür. Hər şeyi zaman göstərəcək”.

İsmayıl