"Forumlar ölkəmizi dünyada sülh və inkişaf məkanı kimi tanıdır" - Açıqlama





"Bu cür Beynəlxalq Forumların təşkili çox effektlidir. Çünki insanlara müsbət dəyərlərin, təhsil, elm, humanizm, mədəni və mənəvi dəyərlərin təbliğ edilməsi böyük əhəmiyyət kəsb edir”.

Bunu "Sherg.az”a açıqlamasında "Altay” Sosial Araşdırmalar Mərkəzinin rəhbəri, "Azadinform” İnformasiya Agentliyinin redaktoru Elçin Bayramlı deyib.

Analitik bəyan edib ki, beynəlxalq Forumların Bakıda keçirilməsi ölkəmizi dünyada sülh və inkişaf məkanı kimi tanıdır: 

"Forumun adı və mövzuları da çox aktualdır. Yeni dövrdə elm və texnologiyaya diqqət artıb. Sadəcə daha humanist və zərərsiz texnologiyaların inkişafı təbliğ edilməli, elmdən bəşəriyyətə və planetə zərər verə biləcək məqsədlərlə istifadə tənqid olunmalıdır. Elm və texnologoya insanların sağlamlığına, rahatlığına, inkişafına xidmət etməlidir. Həmçinin, təbiətə, canlı aləmə heç bir zərər vurmamalıdır. Multikulturalizmi yaşatmaq, rəngarəng mədəniyyətləri qorumaq, tarixi irsi unutmamaq şərtilə yeni dünya yaratmaq olar- bu birgə qurulmuş və birgə də idarə edilən bir dünya olmalıdır. 

Yeni insan, yeni dünya formalaşdırmaq bu baza üzərində olmalıdır. Mənəvi dəyərləri itirməklə, ənənələrə sıradan çıxarmaqla, qlobal hökmranlıq iddiası üzərində irəli getmək, uğur əldə etmək mümkün deyil. Bəli, dünya vahiddir, lakin mədəniyyətlər fərqlidir, rəngarəngdir, dünyanın gözəlliyi də bundadır”.

Ekspertin sözlərinə görə, qloballaşma və inteqrasiya adı altında monoton mədəniyyət yaratmaq, digər mədəniyyətləri sıradan çıxarmaq, hansısa dövlətin və ya dövlətlərin bütün dünyaya hökm etmə siyasəti yolverilməzdir: 

"Dünyada ümumi dəyərlər var və onları biz də qəbul edirik. Lakin bu, milli dəyərlərin qorunması şəraitində olmalıdır. Azərbaycanda məhz belə siyasət yürüdülür. Dünyaya inteqrasiya edirik, eyni zamanda öz milli mədəniyyətimizi qorumaq, mənəvi dəyərlərimizi itirməmək şərtilə bunu həyata keçiririk. Bunlar bir-birinə mane olmayan məqamlardır və hər ikisinin parallel inkişafı önəmlidir”.

İsmayıl