"Fransa Dağlıq Qarabağdakı qondarma rejimi təbliğ etməyə çalışır" - MÜNASİBƏT





"Fransa ilə Azərbaycan arasında xoş münasibətlər yarandırdı. Amma təssüflər olsun ki, Fransa Azərbaycanın xoş niyyətlərini düzgün dəyərləndirmir".

Bunu "Sherg.az"a Fransanın bir neçə bələdiyyə başçısının Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfərlərindən danışarkən Qarabağ Azadlıq Təşkilatının (QAT) rəhbəri Akif Nağı
bildirib. Onun sözlərinə görə, bir müddət əvvəl Fransa prezidenti Emmanüel Makron Ermənistana səfər edərək İrəvanda təşkil olunan Frankofoniya sammitində iştirak etdi. Bunun özü də Azərbaycana qarşı qeyri-səmimi bir münasibətin təzahürüdür:

"Ermənistanın Frankofoniya ölkələrinə heç bir dəxli yoxdur. Bu tədbirin Ermənistanda təşkil etməklə separatçı ölkəni təbliğ etməyə çalışırlar. İşğalçıya dəstək nümayiş etdirirlər. Makron İrəvandan sonra Bakıya səfər edəcəyini bəyan etmişdi. Amma hər hansı bir səbəb göstərmədən Bakıya səfəri təxirə saldı. Bu da E.Makronun Azərbaycana olan münasibətinin aydın ifadəsidir. Düzdü, Fransanın ölkəmizdəki səfiri açıqlama verdi ki, Azərbaycanın işğal olunmuş torpaqlarına qanunsuz səfər edənlər özünidarəetmə qurumlarıdır. Onların dövlətə dəxli yoxdur. Fransanın Dağlıq Qarabağla bağlı mövqeyi aydındır. Fransa Dağlıq Qarabağdakı qondarma rejimi tanımır. Amma düşünürəm ki, bunlar söz olaraq alır. Bir sözlə məlum səfərlər Fransanın işğalçı Ermənistan dəstəyi və Dağlıq Qarabağdakı qondarma rejimin təbliğindan başqa bir şey deyil".

QAT sədri diqqətə çatdırıb ki, Azərbaycan işğal altındakı ərazilərinə bu cür qanunsuz səfər edənləri yalnız "qara siyahı"ya salmaqla kifayətlənməli deyil:

"Ümumiyyətlə, işğaldakı torpaqlarımıza Amerika, İtaliya və Kanadadan qanunsuz səfərlər edənlər var. Hamısının da məqsədi birdir :Qarabağdakı qonadarma rejim təbliğ olunsun. Bu erməni mərkəzlərinin siyasətidir. Azərbaycan bu cür ölkələrlə daha sərt davranmalı və onlara olan münasibətlərinə yenidən baxmalıdır. Konkret olaraq işğalçıya dəstək verən Fransa ilə əlaqələrimizə yenidən baxmalıyıq".


Qeyd edək ki, ötən ay ərzində Fransanın bir neçə bələdiyyə başçıları tərəfindən (25 sentyabr – Alforvil, 10 oktyabr – Valans, 21 oktyabr – Sent-Etyen, 22 oktyabr - Arnuvil) Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfərlərin həyata keçirilməsi beynəlxalq hüququn norma və prinsiplərinin, eləcə də Azərbaycanın qanunlarının kobud şəkildə pozulması halıdır və Ermənistanın gücdən istifadə etməklə işğal etdiyi Azərbaycan ərazilərində yaratdığı qondarma separatçı rejimin təşviqinə xidmət edir.

Ayyət Əhməd