"Fransa rəsmilərinin Dağlıq Qarabağa səfəri erməni lobbisinin növbəti taktikasıdır"





"Azərbaycan işğal altındakı ərazilərinə edilən qanunsuz səfərlərlə bağlı beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırmalıdır”.

Bunu "Sherg.az"a Fransanın bir neçə bələdiyyə başçısının Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfərlərindən danışarkən politoloq Rasim Ağayev bildirib.

Onun sözlərinə görə, bu erməni lobbisinin növbəti taktikasıdır:

"Ümumiyyətlə, Azərbaycan bölgədən tutmuş, BMT və digər beynəlxalq təşkilatlar səviyyəsinə qədər Ermənistanın təxribatçı hərəkətlərinin qarşısını ala bilib. İnanıram ki, ölkəmiz ermənilərin və digər dövlət rəsmilərinin Dağlıq Qarabağa qanunsuz səfərlərini önləyə biləcək. Azərbaycanın işğal olunmuş ərazilərinə digər dövlət rəsmilərinin və eyni zamanda separatçı qonşularımızın qanunsuz səfərləri birinci dəfə deyil. 

Rusiya deputatlarını, Fransa rəsmilərini ərazilərimizdə əvvəllər də görmüşük. Məncə, ölkəmiz bu məsələlərlə bağlı ciddi və əsaslı addımlar atmalı, Xarici İşlər Nazirliyi qabaqlayıcı tədbirlər görməlidir. Məlum qanunsuz səfərlərlə bağlı bir neçə dəfə bəyanatlar verilsə də, əsaslı işlər görülməyib. Düşünürəm ki, Azərbaycan bu məsələni stabilliyi poza bilən bir problem kimi beynəlxalq təşkilatlar qarşısında qaldırmalı və həmin istiqamətdə ciddi müzakirələr aparmalıdır”.

Qeyd edək ki, ötən ay ərzində Fransanın bir neçə bələdiyyə başçıları tərəfindən (25 sentyabr – Alforvil, 10 oktyabr – Valans, 21 oktyabr – Sent-Etyen, 22 oktyabr - Arnuvil) Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfərlərin həyata keçirilməsi beynəlxalq hüququn norma və prinsiplərinin, eləcə də Azərbaycanın qanunlarının kobud şəkildə pozulması halıdır və Ermənistanın gücdən istifadə etməklə işğal etdiyi Azərbaycan ərazilərində yaratdığı qondarma separatçı rejimin təşviqinə xidmət edir.

Kənan Eynuroğlu