Gözləntilər çoxdur

“Gənclər kanalı” gənclərin açıq tribunası olmalıdır



Müasir dövrümüzdə internet televiziyası mətbuatda əsas rol oynayan vasitələrdən biridir. İnternet TV-lər cəmiyyətin inkişafına təsir göstərə bilən və rolu olan fəaliyyət sahəsidir. Bu gün insanlar informasiyanı əsasən internet üzərindən alır. Ölkəmizdə fəaliyyət göstərən internet TV-lərin sayı günü-gündən artmaqdadır. Feysbuk və digər sosial şəbəkələrdə belə canlı yayıma keçib hansısa informasiyanı yaymaq mümkündür.

Azərbaycanda internet televiziyası məkanında gənclər kanalının yaradılması da nəzərdə tutulur. Bu, Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin zərfində öz əksini tapıb. Layihəyə əsasən, "e-gənclik” elektron xidmət və informasiya portalı resursunun yaradılması planlaşdırılır.
Gənclər kanalında daha çox gənc kadrlara üstünlük verildiyini deyən Azvision.az saytının əməkdaşı Anar Kəlbiyev "Şərq”ə bildirib ki, jurnalistika fakültəsində təhsil alan və televiziyaya marağı olan gənclər bu kanalda işləmək imkanı əldə edə bilər: "Əlbəttə, gənclərə dəstək məqsədilə yaradılırsa, bu, müsbət addımdır. Həmçinin bu kanalda gənclərin probleminin işıqlandırılmasına diqqət ayırmaq lazımdır. Gənclərin təhsil və iş məsələlərinə xüsusi diqqət ayırmaları isə daha yaxşı olardı”.

Tanınmış jurnalist Naibə Qurbanovanın sözlərinə görə, əhalinin müəyyən bir kəsiminin gördüyü işlərin, həyat tərzinin təqdimatı üçün resursların yaradılması müsbət haldır: 

"Sevindiricidir ki, Azərbaycan gənclər ölkəsidir və gənclərin imkanlarından istifadə etmək, eyni zamanda onlara stimul vermək üçün belə resurslara ehtiyac var. Əgər bu, düzgün strategiyası və konsepsiyası olan bir layihədirsə, gözləməyə dəyər. Bir müddət əvvəl ölkədə kütləvi şəkildə Gənclər Evi tikilməyə başladı, amma onların sonrakı aqibəti necədir, xəbəri olan yoxdur. Əslində elə həmin mərkəzlər də gənclərin müqəddəratı üçün idi. Gənclərin məşğulluq məsələsinin gündəmə gətirilməsi, asudə vaxtının təşkili, vaxtının düzgün bölüşdürülməsi üçün gənclər evlərinə də, telekanallara da ehtiyac var. İndi kadr potensialının üzə çıxarılması, istedadlı və yaradıcı gənclərin əməyinin stimullaşdırılması gənclər siyasətinin əsas istiqamətlərindən biridir. Yeni yaradılacaq kanal isə bu siyasətin bir hissəsi olaraq təqdimat baxımından müsbət addımdır”.

"Gənclər kanalı”nın gənclərimiz üçün "açıq tribuna” rolunu oynayacağını deyən tanınmış tədqiqatçı jurnalist, Azərbaycan İnformasiya Mərkəzinin rəhbəri və www.azim.az internet portalının baş redaktoru Təbriz Vəfalı bildirib ki, respublikamızda gənclər hər zaman cəmiyyətin aparıcı qüvvəsi olub: 

"Gənclər həmçinin ölkəmizin ictimai-siyasi həyatında, sosial-iqtisadi inkişafda və digər sahələrdə çoxsaylı uğurların qazanılmasında yaxından iştirak ediblər. Onların misilsiz və əvəzedilməz xidmətləri, eyni zamanda dövlətimizin beynəlxalq aləmdə böyük nüfuz qazanmasında da xüsusi rol oynayıb. Bu baxımdan da istər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev, istərsə də Heydər Əliyev məktəbinin layiqli davamçısı, ölkə prezidenti İlham Əliyev tərəfindən Azərbaycan gəncliyinə və gənclərinə hər zaman xüsusi diqqət ayrılıb, xüsusi qayğı göstərilib. Hər birimizə məlumdur ki, respublikamızda gənclər siyasətinin bünövrəsinin təməli məhz keçmiş SSRİ dövründə qoyulub. Dövlətin gənclər siyasəti Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk illərdən başlayaraq həmişə aparıcı istiqamətlərdən biri olub. Tarixi faktlara görə, hələ sovet hakimiyyəti illərində ümummilli liderimiz yüzlərlə Azərbaycan gəncinin ittifaqın bir çox böyük və mərkəzi şəhərlərində təhsil almalarına şərait yaradıb. Dəfələrlə vurğulanıb ki, bu gənclər keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə müxtəlif ixtisaslar üzrə ali təhsil almağa göndərilir və savadlı kadr kimi vətənə qayıdaraq fəaliyyət göstərməyə başlayırdılar. Həmin gənclərin böyük bir qismi bu gün müstəqil Azərbaycan Respublikasının dövlət quruculuğunda yaxından iştirak edir, hüquq-mühafizə orqanlarında rəhbər vəzifələrdə çalışır, elmimizin, səhiyyəmizin, mədəniyyətimizin inkişafında əvəzsiz xidmət göstərirlər. Ulu öndərimiz savadı, qabiliyyəti, istedadı ilə seçilən gənclərə qayğı və diqqət göstərməyi bacarırdı. Şübhəsiz ki, bu gənclərin bir çoxunu özü seçir, onların qabiliyyətini və biliyini sınaqdan çıxarandan sonra Moskvaya, Leninqrada oxumağa göndərirdi. Bu gənclər maddi cəhətdən təmin edilir, yüksək, mükəmməl təhsil almalarına hər cür şərait yaradılırdı. Buna görə də Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışını ən çox alqışlayanlar elə gənclərin özü idi. Heydər Əliyev gənclərə arxalandığı kimi, gənclərdə onu böyük bir lider, əvəzolunmaz tarixi şəxsiyyət, milli dövlət quruculuğumuzun banisi kimi qəbul edirdilər. Belə bir məqamda hakimiyyətə qayıdan ümummilli liderimiz Heydər Əliyev ilk görüşünü məhz gənclərlə keçirdi. 22 sentyabr 1993-cü ildə Respublika Ali Sovetində gənclərin nümayəndələri ilə görüşündəki çıxışında onlara dərin inam bəslədiyini ifadə etdi. Onun "Azərbaycanın bugünkü gələcəyi bütövlükdə sağlam düşüncəli gənclərdir” - sözləri hər kəsin həyat devizinə çevrildi. İstər ümummilli liderimiz, istərsə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilmiş və imzalanmış qərarlar, fərmanlar, sərəncamlar və digər sənədlər hər zaman dövlətimizin etibarlı gələcəyini təmin edəcək gənc nəslin yetişməsində mühüm və əhəmiyyətli rol oynayıb”.
"E-gənclik” elektron xidmət və informasiya portalı resursunun yaradılması haqqında fikirlərini bölüşən ekspert vurğulayıb ki, belə bir layihənin həyata keçirilməsinin planlaşdırılması dövlətimizin gənclər siyasətinin dəstəklənməsinə göstərilən növbəti qayğı və hörmət kimi qəbul edilməlidir. Mərkəz rəhbəri bildirib ki, son illərdə Azərbaycanda rabitə və informasiya-kommunikasiya texnologiyaları sahəsinin yüksələn templə inkişafı istər mobil, istərsə də kabel internetə çıxışı kifayət qədər asanlaşdırıb. Üstəlik, vaxt itkisinin qarşısının alınması, kargüzarlıq vasitələrindən istifadənin azaldılması və göstərilən xidmətin və işin keyfiyyətinin yüksəldilməsi baxımından Azərbaycanda elektron xidmətlərin yaradılması və təkmilləşdirilməsi prosesinə uzun illər əvvəl başlanılıb və ölkəmiz bu sahədə kifayət qədər zəngin təcrübəyə malikdir: "Şübhəsiz ki, belə bir imkana, təcrübəyə malik olması dövlətimizin gənclər siyasətinə daha uğurlu töhfələr verməsi üçün şərait yaradıb. Bu baxımdan da "Gənclər kanalı”nın yaradılması, "e-gənclik” elektron xidmətinin və informasiya portalı resursunun yaradılmasının planlaşdırılması təqdirəlayiqdir. Söhbət ondan gedir ki, gənclərimizin böyük əksəriyyəti mobil internetdən, mobil şəbəkənin xidmətlərindən məharətlə faydalanırlar. Ona görə də onların belə bir portaldan və xidmətdən yetərli qədər faydalanması mümkünləşəcək. Digər tərəfdən, gənclərimizin istənilən sahədə maarifləndirilməsində, gənc nəslin problemlərinin qısa müddətdə həllində "e-gənclik” elektron xidmətinin və informasiya portalı resursunun mühüm rol oynayacağına inanıram. Bu səbəbdən də yeni internet resurslarının daha sağlam, daha düşüncəli, daha savadlı gəncliyin yetişməsində xidmətləri olacağını düşünürəm”.
Təbriz Vəfalı əlavə edir ki, "Gənclər kanalı”nın yaradılması Azərbaycan mediasının inkişafına da müsbət təsir göstərəcək. Tədqiqatçı bildirir ki, istər bəzi telekanallarda və radiolarda, istərsə də əksər yazılı və elektron KİV-lərdə kommersiya maraqları baxımından dövlətimizin gənclər siyasətinə çox az yer ayrılır. Sözügedən siyasətin təbliğatı yalnız bəzi tədbirlər, press-relizlər, rəsmi açıqlamalar və bəzi məsələlərə müəyyən şəxslərin bildirdikləri mövqelər ilə yekunlaşır: "Belə bir kanalın açılması gənclərimizin tam və müfəssəl formada maarifləndirilməsinə, onların gənclər siyasəti ilə bağlı həyata keçirilən bütün tədbirlərdən xəbərdar olmalarına gətirib çıxara bilər. Bunun üçün "Gənclər kanalı”nın peşəkar komandası olmalı, həmin komandada peşəkar şəxslər tərəfindən işlər aparılmalıdır. Bir sözlə, gənclərimiz onları maraqlandıran, narahat edən hər hansı bir məsələylə bağlı suallarına həmin kanalda cavab tapmağı bacarmalıdırlar. Bunun üçün də "Gənclər kanalı”nın komandası üzərinə böyük məsuliyyət düşəcək. Bir sözlə, bu kanal gənclərimiz üçün "Açıq tribuna” rolunu oynamalıdır. Digər tərəfdən, bu kanal ayrı-ayrı ali məktəblərin jurnalistika fakültəsində təhsil alanlar, praktikant-tələbələr üçün də böyük təcrübə məktəbi ola bilər. Çünki qeyd etdiyimiz kimi, bəzi qəzetlər və saytlar kommersiya maraqları baxımından praktikant-tələbələrlə işləmək, onların redaksiyalarda təcrübə keçməsinə şərait yaratmaq istəmirlər. Ona görə də "Gənclər kanalı” bu problemin həllində də ciddi dönüş yarada biləcək gücə sahib ola bilər. Bu kanal həmçinin gənc jurnalistlərimizin işsizlik probleminin çözülməsində yardımçı olacaq. Yaxşı olar ki, "Gənclər kanalı” mətbuat orqanı kimi hər hansı bir qəzetdə fəaliyyətə başlasın ki, bu qəzet praktikant-tələbələrin və gənc jurnalistlərimizin peşəkarlaşmasında mühüm rol oynaya bilsin”.

Tanınmış reportyor-jurnalist Səxavət Məmməd dövlət büdcəsindən bu cür layihələrə vəsait ayrılmasını düzgün hesab etmədiyini deyib:

 "Ölkəmizdə gənclər kanalının yaradılmasını müsbət bir hal kimi dəyərləndirə bilərdim, o zaman ki, ölkəmizdə gənclərin işsizlik və digər problemi olmasın. Azərbaycanda gənclərin tək problemi kanallarının olmamasıdır? Təbii ki, yox. Gənclər üçün kanal yaradılacaq, çox gözəl. Bəs, bu kanal digər kanallarımızdan nə ilə fərqlənəcək? Digər kanallarımız kimi əyləncə, bayağı şou və mənasız verilişlər veriləcəksə, bunun nə anlamı olur ki? O kanalda gənclərimizin problemləri işıqlandırılacaqmı? Nədənsə, buna da inanmıram. Yeni kanalın mediamız üçün müsbət nəticəsi o olar ki, jurnalistikada təhsil almış gənclər orada işləsin və təcrübə toplamış olsun. Onsuz da mediamız biri-birinin bənzəridir. Nədənsə, yeni açılacaq kanalın da fərqli olacağını düşünmürəm”.

Yeganə Bayramova