Gürcüstanda köhnə sovetlər birliyinə xas yaşam tərzini bərpa etmək meyilləri var

“İnsan hüquqları qanunun ali prinsipləri ilə eyni səviyyədə mühafizə edilməlidir”


Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı Gürcüstanda insan haqları ilə bağlı sorğu keçirib. 5 min respondentin iştirak etdiyi sorğu 2016-cı ilin sentyabr ayından 2017-ci ilin fevral ayını əhatə edib. Nəticələrə əsasən, sorğuda iştirak etmiş milli və etnik azlıq nümayəndələrinin 39 faizi düşünür ki, onların hüquqları pozulmayıb.

Gürcüstan əhalisinin 59 faizi isə hesab edir ki, ölkədə milli və etnik azlıqların hüquqları pozulur. Azərbaycanlıların kompakt yaşadığı Kvemo-Kartli bölgəsindən olan respondentlərin yalnız 4 faizi hesab edir ki, onların hüquqları tapdanır.
Sorğuda iştirak etmiş respondentlərin 64 faizi Gürcüstanda insan haqlarının tam qorunduğu fikrindədir. Onların 50 faizi düşünür ki, insan haqlarının müdafiəsi mexanizmləri barədə məlumatlar cəmiyyətin bütün qrupları üçün bərabər səviyyədə əlçatan deyil. 

Sorğunun nəticələri ilə bağlı "Şərq”ə danışan Borçalıdan olan ictimai xadim Zəlimxan Məmmədli deyib ki, insan haqları və demokratiyanı Gürcüstana Mixail Saakaşvili gətirib. Eks-prezidentin dövründə milli azlıqlara daha çox hüquqlar verilib və demokratiyadan bəhrələnmək imkanları tanınıb: 

"Saakaşvili zamanında etniklərə mədəniyyət mərkəzləri, öz dillərində təhsil almaq hüququ və s. üstünlüklər verildi. Lakin daha sonra vəziyyət dəyişdi. Mən məşğul olduğum sahə üzrə danışmaq istəyirəm. Gürcüstanın siyasi sistemi və ictimai həyatına yaxından bələd olmuşam. İnsan haqlarının qorunması ilə bağlı ortaq işlərimiz və müəyyən tələblərimiz olub. Borçalıda toponimlərin gürcüləşdirilməsi, torpaq üzərində mülkiyyət hüququnun məhdudlaşdırılması kimi bir sıra problemləri dəfələrlə gündəmə gətirmişik. Xüsusən, son zamanlar bu və ya digər formada mədəniyyətin təbliğinə qadağanı müşahidə etməkdəyik. Gürcüstanın indiki iqtidarının azərbaycanlıların mədəniyyət tədbiri sayılan, türk dünyasına nüfuz etmiş Elat tədbirini diskriminasiya etməsi, mahiyyətini dəyişməsi, eyni gündə və eyni səhnədə tamam fərqli bir tədbir keçirməsi kimi faktlar ortadadır. 

Hesab edirəm ki, Borçalı türklərinin öz mədəniyyətlərini qorumaq və təbliğ etmək hüququ məhdudlaşdırılıb. Mədəniyyətin inkişafı toplumun bir araya gəlməsi və icmalaşması deməkdir. Bu cür maneə yaratmaq Gürcüstanda insan haqları ilə bağlı dini və etnik fərqliliklərə dözümsüz yanaşmağın təzahürü kimi dəyərləndirilir. Həmçinin, beynəlxalq konvensiyalar qarşısında götürülən öhdəliklərə və Avropa Birliyinə giriş yolunda milli azlıqlara daha böyük hüquqlar verilməsi tələbinə ziddir. Gürcüstanda köhnə sovetlər birliyinə xas yaşam tərzini bərpa etmək meyilləri var”. 

Z.Məmmədli bildirib ki, əgər Gürcüstanda müəyyən mənada avtoritarizmə meyil varsa, gürcülər super etnos, digər xalqlar isə "xırda qruplar” kimi təqdim olunarsa, ciddi problemlər ortaya çıxa bilər: 

"İnsan hüquqları qanunun ali prinsipləri ilə eyni səviyyədə mühafizə edilməlidir”.

İsmayıl